“Cəbrayıl və Füzulidə PKK təlim düşərgələri var” - politoloqdan sensasion açıqlamalar

Üzeyir Cəfərov: “Terrorçuların məntəqələrinin dəqiqliklə məhv edilməsi məsələsi üzərində ciddi işlər görməliyik”

Ermənistanın İraq, Suriya və Livandan terrorçu qruplaşmalarını müxtəlif bəhanələrlə Azərbaycanın işğal altındakı ərazilərinə yerləşdirməsi məsələsi təkcə Azərbaycana deyil, region ölkələrinin də təhlükəsizliyinə təhdid olaraq qiymətləndirilməlidir. Son zamanda Azərbaycan rəhbərliyinin bu mövzuya xüsusi diqqət yetirməsi, BMT-nin sessiyasında, həmçinin Avropa İttifaqının xüsusi nümayəndəsi ilə görüşdə, yerli media nümayəndələrinə müsahibələrdə bu məsələyə diqqət çəkilməsi məhz təhlükənin miqyası ilə əlaqədardır.

“Sözsüz ki, Azərbaycanın qədim tarixi şəhəri olan Şuşada cinayətkar xunta rejiminin qondarma liderinin dırnaqarası andiçmə mərasimini təşkil etmək qərarı onların qəsdən etdiyi daha bir təxribatdır. Siz, həmçinin bilirsiniz ki, ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşması məsələsi Azərbaycan tərəfindən bir çox beynəlxalq təşkilatlarda artıq qaldırılıb. Bu, beynəlxalq hüquqla kobud şəkildə ziddiyyət təşkil edir. Bu, Cenevrə Konvensiyasının pozulmasıdır və bu, cinayətdir. Onlar erməniləri Livandan Şuşaya, digər işğal olunmuş ərazilərə köçürürlər”.

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən deyib.

Bu arada terrorçuların Qarabağa köçü barədə xarici mətbuat davamlı şəkildə yazılar dərc edir. Britaniyalı jurnalist Ceyms Vilson (James Wilson) “PKK-nın Ermənistan-Azərbaycan münaqişəsinə qarışması Avropanın təhlükəsizliyini poza bilər” başlıqlı məqalə yazıb. Bildirilir ki, Ermənistanın gələcək döyüşlərə hazırlaşmaq və erməni hərbçilərini yetişdirmək üçün Suriyada və İraqda olan Kürdüstan İşçi Partiyası (PKK) terrorçularını işğal altında olan Dağlıq Qarabağ ərazilərinə köçürməsi məsələsi yalnız Azərbaycanın deyil, həm də Avropanın yuxusuz qalmasına səbəb olacaq bir xəbərdir.

Bundan bir gün əvvəl xəbər yayılmışdı ki, Suriyanın şimalında 2 il əvvəl yaradılan və YPG/PYD tərəfindən təlim keçilən erməni batalyonu da Azərbaycana qarşı döyüşlərdə iştirak etmək üçün Qarabağa göndərilib.

Türkiyənin Haber7.com yazarı Taha Tağlının məqaləsində bildirilir ki, Suriyanın şimalında, YPG-nin nəzarətində olan bölgələrdə erməni briqadası ötən ilin mayında qurulmuşdu. Üç batalyondan (təxminən 750 nəfər) ibarət olan “Nubar Ozanyan” briqadasının sıralarına erməni əsilli suriyalılar daxil idi.

İndi həmin briqadanın bir batalyonu - 250 döyüşçüsü Ermənistanın Azərbaycana qarşı hücumlarında iştirak etmək üçün regiona göndərilib.

Ermənistan rəsmiləri isə ölkəyə təkcə Livandan “daimi yaşamaq üçün” gələnlərin sayının 1200 nəfər olduğunu etiraf edirlər. Təbii ki, bu ad altında terrorçular nəzarətsiz Qarabağ torpaqlarına yerləşdirilir və Azərbaycana qarşı döyüşə səfərbər edilir. Bundan əvvəl Türkiyə və Misir mənbələri Suriya və İraqdan minlərlə PKK terrorçusunun Ermənistan ordusu tərəfindən döyüşmək üçün İran üzərindən Qarabağa daşındığı haqda detalları açıqlayıb, mövzuya geniş yer veriblər. Qəribəsi budur ki, beynəlxalq təşkilatlar antiterror koalisiyasının üzvü olan və terrora qarşı mübarizədə öz töhfəsini illərdir verən Azərbaycana qarşı bu təhlükəni görməzdən gəlir, Ermənistana qarşı sanksiya tətbiq etmək əvəzinə, bu ölkənin cinayətlərinə biganə yanaşır.

Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov Musavat.com-a dedi ki, PKK-çıların və digər ünsürlərin ermənilər tərəfindən artıq xeyli müddətdir işğal olunmuş Azərbaycan ərazilərinə köçürülməsinə beynəlxalq qurumların biganə qalması səbəbsiz deyil:

Üzeyir Cəfərov

“Onların bəziləri sanki bunda maraqlıdırlar. Baxın, neçə müddətdir, bu haqda ən müxtəlif səviyyədə yazılır və deyilir. ATƏT-in Minsk Qrupu adlı bivec qurumdan səs-soraq çıxırmı? Əlbəttə ki, yox. Onlar gözləyirlər ki, yenə ortalıq qarışsın, qan tökülsün, o halda “zühur” edəcəklər. Yenə boş, mənasız danışıqlar, məsləhətləşmələr və sair...”

Hərbi ekspert kəskin addımları zəruri sayır:

“Terrorçuların məntəqələrinin dəqiqliklə məhv edilməsi məsələsi üzərində ciddi işlər görməliyik. Əlbəttə ki, bir-iki dəfə onlar layiq olduqları zərbələri alsalar, yəqin ki, digərləri üçün də bir dərs olar. Hər halda, bu haqda ciddi şəkildə düşünməyimiz vacibdir”.

Politoloq Məhəmməd Əsədullazadə isə bu qənaətdədir ki, Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətini genişləndirməsi, danışıqları sabotaj etməsi həll prosesini mümkünsüz hala gətirib:

Məhəmməd Əsədullazadə

“Biz görürük ki, Azərbaycana qarşı mübarizədə Ermənistan təkcə öz ordusundan deyil, digər terror təşkilatlarının fəaliyyətindən də yararlanmağa çalışır. Bunun bariz nümunəsi PKK, YPG terror təşkilatlarının Qarabağda yerləşdirilməsidir. Ermənistan daima PKK-ya dəstək olub və bu terror qruplaşmalarının rəhbər postlarında ermənilər də təmsil olunub. Qeyd edim ki, İraq və Suriyadakı PKK, YPG terror təşkilatlarını Rusiya, İran və Fransa daima dəstəkləyib. Bu terror təşkilatlarının Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyəti əvvəlki illərdə də olub. Hazırda bu proses daha da intensivləşib. Çünki Türkiyənin bu terrorçu təşkilatları ağır məğlubiyyətə uğratması bəzi ölkələrin siyasətinə zərbədir. Ona görə də başda Rusiya olmaqla, bu terror təşkilatlarının Qarabağ ərazisində yerləşdirilməsinə zəmanət verilib. İran da burada maraqlıdır. Məhz Şimali İraqdan terror qruplaşması İran ərazisindən keçib, oradan Cəbrayıldakı körpü vasitəsilə işğal zonasına daxil olur. Cəbrayıl və Füzulidə PKK təlim düşərgələri var. Araz çayı üzərində tikilən körpü terror dəhlizi funksiyasını yerinə yetirir”.

Politoloq hesab edir ki, Azərbaycan hərbi əməliyyatlar vasitəsilə bu terror təşkilatlarının fəaliyyətinin qarşısını ala bilər:

“İranla da bu istiqamətdə ciddi danışıqlar aparılmalıdır. Çünki İran da Cənubi Qafqazda Türkiyənin rolundan narahatdır. Rusiya və İranın Ermənistana dəstəyi nəticəsində PKK və YPG işğal olunmuş ərazilərdə cəmləşir. Nəzərə alaq ki, bu terror təşkilatları müəyyən maraqlar çərçivəsində yaradılıb və Türkiyəyə təzyiq göstərmək üçündür. Türkiyə isə Azərbaycana tam dəstəyini ifadə edir. Ona görə də bu terror təşkilatlarının hədəfi Azərbaycan və Türkiyədir. Bunu həyata keçirən Ermənistandır. Konkret şəkildə Ermənistan burada terror təşkilatlarına tam sərbəstlik verib və Azərbaycan Araz boyu əraziləri işğaldan azad etməklə bu dəhlizi bağlamalıdır”.

xudaferin.eu

11:20