Başımıza açılan “qaz oyunu”: “Azəriqaz”ın borcunu əhali ödəyəcək

Mirvari Qəhrəmanlı: “Gələn il kommunal xidmətlərin də qiymətini qaldıracaqlar”

SOCAR-ın 2015-ci il üçün illik hesabatında verdiyi məlumata əsasən, neft məhsullarının maya dəyərinin 85-90%-ni xam neftin alınmasına çəkilən xərclər təşkil edir. Buna görə də neftin və qazın maya dəyərinin təhlili böyük əhəmiyyət kəsb edir.Maya dəyəri yalnız SOCAR tərkibində olan neft-qazçıxarma idarələri üzrə araşdırılıb. 2015-ci ildə 1000 m3 qazın faktiki istehsal maya dəyəri 39,74 manat təşkil edib ki, keçən illə müqayisədə 2,55 manat və ya 6,8 faiz artıb. Şirkət üzrə 1000 m3 əmtəəlik qazın maya dəyəri 2014-ci illə müqayisədə 2,55 manat (6,8 faiz) artıb. Hesabatda deyilir ki, SOCAR üzrə neftin və qazın maya dəyərləri artıb.Neftin maya dəyərinin artması keçən ilə nisbətən əsas vəsaitlərin amortizasiyası, nəqliyyat xərcləri, digər vergilər, digər xidmətlər və digər xərclərin artması hesabına baş verib.Qazın maya dəyərinin artması keçən ilə nisbətən əsas vəsaitlərin amortizasiyası, nəqliyyat xərcləri, mühafizə xərcləri, digər vergilər və digər xərclərin artması hesabına baş verib. Qeyd edək ki, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il noyabrın 28-də keçirilmiş növbəti iclasında təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının satışı tariflərinə baxılıb və müvafiq tarif tənzimlənməsi apardı.
Dövlət Neft Şirkətinin Tarif (qiymət) Şurasına müraciətində təbii qaz təchizatında dayanıqlığın və keyfiyyətli xidmətin davamlılığının, istehsal və paylayıcı şəbəkə üzrə mövcud maliyyə çatışmazlığının azaldılması və perspektiv inkişafın təmin olunması məqsədilə bütün istehlakçılar üçün təbii qaz tarifinin min kubmetr üçün 180 manata qaldırılması zərurətini bildirib. Qərara əsasən təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılmış, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.
Dövlət Neft Şirkətinin məlumatına əsasən, əhali abonentlərinin 62 faizinin illik istehlak həcmi 1500 kubmetrdən aşağıdır və diferensial tariflərin tətbiqi nəticəsində həmin abonentlərin, o cümlədən, bu kateqoriyaya aid olan aztəminatlı ailələrin təbii qaz üzrə ödənişlərində artım olmayacaq. Elektrik enerjisi istehsalında təbii qazın əhəmiyyətli rolu olduğu üçün elektrik enerjisinin qiymətinin kəskin artımının qarşısını almaq məqsədilə Şuranın qərarı ilə təbii qazın tarifi elektrik enerjisi istehsalı müəssisələri üzrə min kubmetr üçün 120 manat, qeyri-əhali istehlakçı qrupu üzrə isə 200 manat səviyyəsində təsdiq edilmişdi. Maraqlıdır, maya dəyəri 40 manata başa gələn 1000 kub/metr qaza əhali niyə 200 manat ödəməlidir?

“Onlar parlamentdə izahat verməlidir”

Neftçilərin Hüquqlarını Müdafiə komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, ötən illə bu il arasında “Azəri”-“Çıraq”-“Günəşli”dən alınan səmt qazı demək olar ki, 2 dəfəyə qədər azalıb: “Bildiyim qədərilə yayda Hesablama Palatası “Azəriqaz”da audit yoxlama aparmışdı. Bunun nəticələri açıqlanmadı.Qazın qiymətinin artmasının sirri “Azəriqaz”ın qeyri-şəffaf oyunlarının nəticəsidir.Bu qurumun ödəməli olduğunu əhali ödəyəcək. 2017-ci ilin büdcəsini müzakirə edəndə maliyyə naziri konkret olaraq SOCAR-ın məsuliyyət daşıdığını bildirdi.SOCAR əsaslandıra bilmir ki, qazın qiyməti niyə artır.Yeni texnologiya tətbiq olunmayıb, struktur islahatları aparılıb, bir çox sayda insanlar işdən çıxarılıb. “Azərqaz”ın rəhbəri parlamentə çağırılıb izahat verməlidir.Bunu millət vəkilləri tələb etməlidir. Bir ay öncə kimsə Xanhüseyn Kazımlını dedi ki, qazın qiyməti qaldırılmalıdır. Ondan soruşmaq lazımdır ki, qazın qiyməti niyə qaldırılmalıdır?Kommunal xərclər bir-biri ilə əlaqədardır.Avropada kommunal xidmətlər çox bahadır, amma əməkhaqları həddən artıq yüksəkdir.Bizdən fərqli olaraq Avropada təqaüdçülərə böyük güzəştlər verilir”.
Hüquq müdafiəçisinin sözlərinə görə, “Azəriqaz”ın rəhbəri Əkbər Hacıyevin Milli Məclisə dəvət olunması çox vacibdir: “Heç şübhəsiz ki, orda korrupsiya faktı mövcuddur. Bu istiqamətdə sayğaclardan tutmuş, qaz itkisinə qədər bütün sahələr araşdırılmalıdır.BP-yə sual vermək lazımdır ki, səmt qazı niyə azaldı?Bəhanə gətirir ki, səmt qazını quyuya vurub nefti qaldırıb.Qazla bağlı bütün müəmmalı sualların cavabı Rövnəq Abdullayevlə Əkbər Hacıyevdədir.Onlar əhaliyə açıqlama verməlidir. Ötən illə bu il arasında qazın gəlişində bir fərq hiss olunmur. Yayda Əkbər Hacıyevin müavinlərindən birini işdən çıxarmışdılar.Onu hansısa korrupsiya əməlində günahlandırırdılar.Amma sonradan həmin şəxsə başqa vəzifə verdilər.Bu sahədə çox ciddi çatışmamazlıq var və çox təəssüf ki, bunu da əhalinin boynuna qoydular.Mən xərclədim sən ödə”.

“Tarif Şurası bu təklifi əsaslandırmalı idi”

Mirvari Qəhramanlı onu da əlavə edib ki, Dövlət Neft Şirkətinin qazın qiymətini artırmaq kimi bir səlahiyyəti yoxdur: “Neft Şirkəti ancaq təklif verir, Tarif Şurası isə həmin təklifi araşdırıb əsaslandırmalı idi. Gərək Tarif Şurası həmin əsaslandırmanı qəbul etməməli idi.Əksinə orda əməlli başlı yoxlama aparmalıydı.Elə zənn etməyin ki, bundan sonra zəhərlənmələr, partlayışlar, qaz itkisi azalacaq.Əsla.Ölkədə qaz itkisi həddindən çoxdur.2013-2015-cü illərdə təbii qaz itkisi 890 min kub/metrdən 1,087 milyard kub/metrə yüksəlib. Hazırda “Azəriqaz” abunəçilərinin sayı 1,93milyona çatıb. Şirkətin daxili bazarda 9 milyard kub/metrdən çox qaz payladığı bildirilib. Azərbaycanda mavi qaz əhaliyə 124, Rusiyada 80 dollara satılır.MDB ölkələri ilə müqayisədə Azərbaycanda mavi qazın qiyməti də kifayət qədər yüksəkdir.Əhali istehlakçı qrupuna qazın 1000 kub/metri 124 dollara satılır.Amma Rusiyada qazın 1000 kub/metri 80 dollardır. Qazaxıstanda bu, 70 dollardan da aşağıdır.Ekspert araşdırmasına görə, Azərbaycan MDB-dən yüksək qiymət tətbiq edən ölkədir.Baxmayaraq ki, Azərbaycanın özü qaz hasil və ixrac edir.Eyni zamanda Azərbaycanın ixrac etdiyi mavi qazın orta qiyməti 49 dollardır.“Azərqaz”, eləcə də Dövlət Neft Şirkəti vətəndaşlara mavi qazı 2,5 dəfə baha qiymətə satır. Xarici ölkələrə satılan qazın qiyməti daxili bazarda satılan mavi qazın qiyməti ilə müqayisədə ucuzdur. Məsələn, Türkiyəyə mavi qazın hər 1000 kub/metri 120 dollara satılırsa, daxili bazarda qiymət 124 dollardır. Müqayisələr əhaliyə satılan mavi qazın qiymətinin yüksək olduğunu göstərir. Hesab edirəm ki, gələn il də kommunal xidmətlərin qiymətini qaldıracaqlar. Çünki gələn ildə də yaxşı bir şey gözlənilmir. Müdafiəsiz, sosial təminatı az olanlar, təqaüdçülər, əməkhaqları çox aşağı olan insanlar var. Heç olmasa bunun müqabilində paralel qərar qəbul etsinlər. Məmurların yeyintisin əhali ödəməlidir?”

Yeganə Oqtayqızı
(Cebhe.info)

12:04