Azərbaycan və Əlcəzair parlamentləri arasında əməkdaşlıq uğurla davam edir

Əlcəzair Xalq Demokratik Respublikasında səfərdə olan Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Əmirbəyov bu ölkənin Milli Xalq Assambleyasının sədri İbrahim Bouğali ilə görüşüb.

Xudaferin.eu AZƏRTAC-a istinadən  Əlcəzair parlamentinin məlumatına istinadla xəbər verir ki, görüş əsnasında iki dost ölkənin qanunverici orqanları arasında əməkdaşlığın uğurla davam etdiyi vurğulanıb.

Azərbaycan Prezidenti İlham Əliyevi fevralın 7-də keçirilən prezident seçkilərində inamlı qələbə münasibətilə bir daha təbrik edən İbrahim Bouğali qeyd edib ki, Azərbaycan-Əlcəzair münasibətləri möhkəm dostluğa və qardaşlığa əsaslanır. O, iki ölkənin İƏT, Qoşulmama Hərəkatı, OPEC və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığını yüksək qiymətləndirib.

İbrahim Bouğali 2022-ci ilin iyun ayında Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin birinci konfransında iştirak etmək məqsədilə Azərbaycana səfər etdiyini xatırladıb və Azərbaycanın əldə etdiyi nailiyyətlərdən, inkişaf səviyyəsindən müsbət təəssüratlar aldığını bildirib. O, həmçinin ötən ilin yanvarında azərbaycanlı həmkarı Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyətinin Əlcəzairə səfərinin yekunlarını da yüksək qiymətləndirib.

Elçin Əmirbəyov, öz növbəsində, iki ölkənin parlamentlərarası dostluq qrupları arasında qarşılıqlı səfərlərin ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verdiyini qeyd edib. O, ölkələrimiz arasında diplomatik əlaqələrin otuz illik yubileyi ərəfəsində Azərbaycanın dost Əlcəzairlə daha intensiv əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi, həmçinin Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində Əlcəzairlə koordinasiyanı və əməkdaşlığı davam etdirməyə hazır olduğunu qeyd edib. O vurğulayıb ki, dost ölkənin noyabrda keçiriləcək COP29 iqlim konfransında iştirakı Azərbaycanda məmnunluqla qarşılanacaq.

Xudaferin.eu

13:33