Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr

Bakıda Azərbaycan Xarici İşlər Nazirliyi və Almaniya Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib.

Xarici İşlər Nazirliyindən xudaferin.eu-ya verilən məlumata görə, nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici İşlər nazirinin müavini Xələf Xələfov, Almaniya tərəfindən isə bu ölkənin Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili, səfir Mixael Zibert rəhbərlik ediblər.

Məsləhətləşmələr zamanı, iki ölkə arasında əlaqələrin hazırkı vəziyyəti təhlil olundu və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıldı. Tərəflər, Azərbaycan və Almaniya arasında siyasi dialoqun yüksək səviyyədə olduğundan məmnunluq ifadə etdi, bu xüsusda, Almaniyanın Federal Kansleri xanım Anqela Merkelin ötən ilin avqust ayında Azərbaycana səfərini xüsusi əhəmiyyət kəsb edən hadisə kimi dəyərləndirdi.

İkitərəfli iqtisadi əməkdaşlığın zəngin potensial imkanlara malik olduğu qeyd edildi, Azərbaycanda fəaliyyət göstərən Almaniya Ticarət-Sənaye Palatasının fəaliyyətindən məmnunluq bildirildi.

Həmçinin, mədəniyyət, elm və təhsil sahələrində əlaqələr müzakirə edildi, Bakıda DAAD və Höte Mərkəzinin fəaliyyətləri təqdirəlayiq qiymətləndirildi, habelə Berlində Azərbaycan Mədəniyyət Mərkəzinin tezliklə açılmasının ikitərəfli humanitar əlaqələrə təkan verəcəyi qeyd edildi.

Görüşdə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövzusu ətrafında fikir mübadiləsi aparıldı. X.Xələfov, Almaniyanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyinə və işğal olunmuş ərazilərimizdə separatçı rejimi tanımadığına dair mövqeyini yüksək dəyərləndirdi və ATƏT-in Minsk Qrupunun fəaliyyətinə göstərdiyi dəstək və səylərinə görə təşəkkürünü bildirdi.

Bundan əlavə, tərəflər, ölkəmizdə siyasi, hüquqi və iqtisadi sahələrdə aparılan islahatlar, eləcə də qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi apardı.

 

xudaferin.eu

18:46