AZƏRBAYCAN RƏSMİLƏRİNƏ ABŞ-A GİRİŞ QADAĞASI

 

Sentyabrın 7-də ABŞ Senatının Maliyyə Ayırmaları Komitəsi 2018 maliyyə ili üzrə Ştat və Xarici Əməliiyatlar qanununa düzəlişlər qəbul edib. Düzəlişlərdən biri də Azərbaycanın hökumət rəsmilərinə viza qadağasını nəzərdə tutur. Bu barədə ABŞ Senatının rəsmi səhifəsində məlumat dərc olunub.
 

Bu düzəliş İllinous ştatından demokrat senator Riçard Durbin tərəfindən təqdim edilib. Düzəlişə əsasən, “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsi ilə əlaqəli Azərbaycan hökuməti rəsmilərinə ABŞ-a səfər məhdudiyyəti tətbiq edilir və Dövlət Departamenti bununla bağlı müvafiq siyahı hazırlamalıdır.

Qeyd edək ki, bu düzəliş artıq komitədə təsdiqlənərək digər düzəlişlərlə birlikdə Senatın səsverməsinə təqdim edilib. Senatda bu səsvermə ən geci bu ilin dekabr ayınadək keçirilməlidir.

Richard Durbin 1997-ci ildən bəri Senat üzvüdür. İnsan haqlarının fəal müdafiəçisi kimi tanınan senator Durbin Demokrat Partiyasının Konqresdə nüfuzlu qanunvericilərindən biri kimi tanınır.
Mehman Əliyev avqustun 24-də saxlanılıb. Avqustun 25-də ona qarşı Cinayət Məcəlləsinin 213.1 (vergi ödəməkdən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittihamlar irəli sürülüb. Məhkəmə onun barəsində noyabrın 7-dək həbs qətimkan tədbiri seçib. M.Əliyev bütün ittihamları rədd edərək onları siyası motivli adlandırıb.

Agentliyin kollektivi bəyan edib ki, sentyabrın 1-dən fəaliyyətlərini qeyri-müəyyən vaxtadək dayandırmaq məcburiyyətindədirlər. Avqustun 28-də “Turan” İnformasiya Agentliyinin əməkdaşları Vergilər Nazirliyinin Vergi Cinayətləri İdarəsinə çağırılıblar. Beynəlxalq təşkilatlar, ABŞ Dövlət Departamenti Mehman Əliyevin həbsini pisləyib və onun dərhal azadlığa buraxılmasına çağırış ediblər.

Opengovernment.az

13:53