"Azadlıq radiosunun azərbaycan dilində verilişinə başlayırıq"

Hər dəfə 20 yanvar hadisələrinin ildönümü gələndə o, yadıma düşür. "Azadlıq radiosunun azərbaycan dilində verilişinə başlayırıq"- Yəqin ki, bu kəlmələr çoxunuzun yadındadır.
Ötən əsrin 90-cı illərində Azərbaycanda bu verilişin hər buraxılışını insanlar səbirsizliklə gözləyirdilər. Münhendən yayımlanan bu veriliş o dövrdə obyektiv məlumat verən yeganə xəbər mənbəyi idi. Və bu verilişi xalqa sevdirən, səsi hələ də qulaqlardan getməyən bir jurnalist vardı- Mirzə Xəzər…

Mirzə Xəzər 1947-ci ildə Göyçay rayonunda dünyaya gəlmişdi, milliyətcə yəhudi idi. O, 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsini bitirmişdi. 1974-cü ildə İsrailə köçənədək Sumqayıtda vəkil işləmişdi. 1975-ci ildə İsraildə Tel-Əviv Universitetinin SSRİ-dən gəlmiş hüquqşunaslar üçün açılan xüsusi kurslarında oxumuşdu. 1975-1976-cı illərdə İsrail ordusunda xidmət etmişdi. 1976-1985-ci illərdə "Azadlıq radiosu"nun Azərbaycan bölməsində baş redaktorun müavini vəzifəsində çalışmışdı. 1985-ci ilin oktyabr ayında ABŞ-a gedərək 1987-ci ilədək Vaşinqtonda "Amerikanın Səsi" radiostansiyasının Azərbaycan bölməsinin müdiri vəzifəsində işləmişdi. 1987-ci ildə Almaniyanın Münhen şəhərinə köçərək 2003-cü ilədək "Azadlıq radiosu"nda Azərbaycan redaksiyasının direktoru olmuşdu...

Bunlarla yanaşı o, İsveçin paytaxtı Stokholmdakı "Bibliya Tərcümə İnstitutu"nun sifarişi ilə "Bibliya"nı, "Tövrat"ı və "İncil"i azərbaycan dilinə təkrar tərcümə edib. "İncil" onun tərcüməsində ilk dəfə 1982-ci ildə Zaqrebdə nəşr olunub. Bu tərcümə sonrakı illərdə beş dəfə yenidən nəşr edilib…

Qurban Səidin alman dilində yazdığı "Əli və Nino" romanı ilk dəfə 1970-ci illərin əvvəlində Almaniyanın Münhen şəhərində "Azadlıq radio"sunda qismən tərcümə olunaraq, radio proqramı şəklində efirdə səsləndirilib. O vaxtlar əsər almancadan ingiliscəyə, ingiliscədən türkcəyə tərcümə olunmuşdu. 1989-cu ildə "Azərbaycan" ədəbi-bədii jurnalının baş redaktoru, yazıçı, mərhum Yusif Səmədoğlunun xahişi ilə "Əli və Nino" romanını almancadan tam olaraq tərcümə edib və 1990-cı ildə "Azərbaycan" jurnalının 3 nömrəsində tam olaraq işıq üzü görüb. 2007-ci ilin mart ayında Mirzə Xəzərin tərcümə etdiyi "Əli və Nino" romanı əsasında ilk dəfə olaraq Bakıda ritual faciənin premyerası olub. Tamaşa həmin ilin ən yaxşı tamaşası kimi böyük maraqla qarşılanıb.

Onun "Verba Volant, Scripta Manent" (Söz Uçar, Yazı Qalar) adlı ilk kitabı 2013-cü ildə Almaniyanın Münhen şəhərində çapdan çıxıb. İkinci kitab- "Factum est Factum" (Peşman Deyiləm) isə 2014-cü ilin sonunda işıq üzü görüb…

Deyirdi ki,- "Mən Azərbaycanı canımdan da çox istəyirəm. Həmişə çalışmışam ki, mənə doğma olan bu cəmiyyətə fayda verim, yararlı olum..."

Çox təvazökar, təmkinli insan idi. Yüksək mədəniyyəti davranışında, əməllərində öz əksini tapmışdı. Düzə düz, əyriyə əyri deməyi bacarırdı. Dürüstlük onun həyat tərzinə çevrilmişdi.
Bütün ömrü boyu qəlbi Azərbaycanla döyünən bu insana Allahdan rəhmət diləyirəm, yeri behişt olsun!

Elman Eldaroğlu
Xudaferin.eu

16:14