Avropadan Firudin Ağasıoğluna qutlama

Azərbaycan və Türk Dünyasının çağdaş dilçilik elminin ən böyük elm xadimlərindən biri olan filologiya elmləri doktoru, professor, görkəmli elm xadimi Firudin Ağasoğlunun anadan olmasının 70 yaşı tamam oldu. Bu ünlü elm xadimi uzun illər Azərbaycan Türkcəsinin və Türk Dünyası dilçilik elminin inkişafında misilsiz xidmət göstərmişdir. 

Firudin Ağasıoğlu türkoloq, professor,  Azərbaycan Respublikası Baş nazirinin müavini (1992); Azərbaycan Respublikasının xalq təhsili naziri (1993) və ali və orta ixtisas təhsili naziri (1993) kimi möhtəşəm ömür yolunu keçmişdir. 1972-ci ildən dilçilik elminin inkişafı istiqamətində fəaliyyət götərir. Çağdaş Azərbaycan dilçilik elminin inkişafında ən güclü mərkəzlərindən biri sayılan Bakı Dövlət Universitetinin dilçilik kafedrasında uzun illər bu sahənin araşdırmaçılarından biri kimi tanınmışdır. Dilçilik elminin ən çətin və mürəkkəb sahəsi sayılan morfonologiya mövzusunda Türk Dünyası tarixində ilk dəfə doktorluq işi yazmış alim kimi tanınır. Onun elmi araşdırmalarının ana xətti olan Türk dillərinin morfonologiyası kimi fundamental elmi monoqrafiyası Türkologiyada hələ də ilk örnək sayılır, Azərbaycan və Türkiyə universitetlərində dərs vəsaiti kimi istifadə olunur. Firudin Ağasıoğlu dilçiliklə yanaşı, türk xalqlarının tarixi, mifologiyası və etnoqrafiyası haqqında 200-dən artıq elmi məqalə və 20 kitab yazmış, əsərlərinin bir hissəsi xarici ölkələrdə çap olunmuşdur. Onun «Azərbaycan dilinin morfonologiyası»(1988) kitabına bu sahədə təkcə Azərbaycan dilçiliyində deyil, türkologiyada ilk fundamental tədqiqat işi kimi Beynəlxalq Türkoloji qurultay (1996) adından ödül verilmişdir. 
«Azərbaycan türklərinin islamaqədərki tarixi» mövzusundakı silsilə məqalələri elmi dairələr və ictimaiyət tərəfindən yüksək qiymətləndirilmişdir. O, türkologiya sahəsindəki xidmətlərinə görə Atatürkün qurduğu Türk Dil Kurumunun müxbir üzvü (1996), sonra fəxri üzvü (2000) seçilmişdir. «Türk Ocağı» ona bilgə sanı vermişdir. Təhsil sahəsində apardığı islahatlara görə akademik Yusif Məmmədəliyev adına ödül almışdır. Quzey və Güney Azərbaycan türklərinin bu torpaqlarda avtoxton xalq kimi 4-5 minillik dövlətçilik tarixi olduğunu irəli sürən Firudin Ağasıoğlu bu elmi konsepsiyanın tərəfdarları ilə birlikdə dəfələrlə elmi seminarlar təşkil etmiş, Vaşinqton, Nyu-York, Paris, Ankara, Istanbul, Qahirə və sair şəhərlərdə bu konsepsiya haqqında məruzələr etmişdir. Onun son 30 ildə bu sahədə apardığı elmi tədqiqatlar 9 cilddə yazdığı kitabların («Doqquz Bitik») əsasını təşkil edir. Bütün bunlarla yanaşı, elmi-pedaqoji və ictimai-siyasi fəaliyyətlə də məşğul olmuşdur. 1988-ci ildə yaradılan «Qarabağa Xalq Yardımı komitəsi»nin qurucularından biri və respublikada ilk demokratik ruhlu «Azərbaycan» qəzetinin redaksiya heyətinin üzvü, «Dövlət Əlifba komissiyası»nın (1990) rəhbəri olmaqla yanaşı, 1990-da millət vəkili və Milli Məclisdə «Elm, təhsil və mədəniyət komissiyası»nın sədri seçilmişdir. Onun rəhbərliyi ilə bu komissiyada hazırlanmış Təhsil qanunu (1993) kimi mütərəqqi qanunlar, o cümlədən dövlət atributlarından latın qrafikalı əlifbanın bərpası (1991), dövlət himni (1992) parlamentdə qəbul olunmuşdur. Azərbaycanın müstəqillik aktına (1991) imza atanlar sırasında olan F.Cəlilov Azərbaycan respublikasının SSRI tərkibindən çıxmasına səs verən 43 deputatdan biridir.
Firudin Ağasıoğlunun elmi yaradıcılığı “Azərbaycan dilindən çalışmalar” (1977).
“Azərbaycan dilinin səs quruluşu” (1983), “Mürəkkəb cümlə sintaksisi” (1983), 
“Azərbaycan dili morfonologiyasından oçerklər” (1985), “Azərbaycan dilinin morfonologiyası” (1988), “Morfonolojik rekonstrüksyon ve etimoloji” (İzmir-1993), 
“Azər xalqı” (2000), “Qədim türk eli. Saqa-Qəmər boyları” (2006), “Tanrı elçisi İbrahim”  Türkcəyə çeviri, 2009), “Etrusk-türk bağı” (2011), “Daşbaba. Türkün daş yaddaşı” 
(2013), “Azərbaycan türklərinin islamaqədər tarixi. Doqquz Bitik: Tarixi qaynaqlar. I Bitik (367), “Azərbaycan türklərinin islamaqədər tarixi. Doqquz Bitik: Tarixi coğrafiya. II Bitik (2014), “Azərbaycan türklərinin islamaqədər tarixi. Doqquz Bitik: Azərbaycanda qurulan qədim dövlətlər. III Bitik (2014), bundan əlavə ortaq müəlliflə yazdığı “Oğuz qrupu türk dillərinin müqayisəli qrammatikası” (1986), “Azərbaycan dili” (1989), “Azərbaycan dilinin qrameri” (Təbriz-1992), “Bəs Türkcəsi? Tərtibçilər: F. Ağasıoğlu, A.Əbdülvahaboğlu: (1993), “Türkcə-rusca-ingiliscə danışıq kitabçası” (1993) kitablar bu gün də dilçilik elmi ilə məşğul olanlar üçün əsas dərslik əsərləri hesab olunur. 
Dəyərli Firudin Bəy! Sizin 70 illiyinizi təbrik edirik. Sizə can sağlığı diləyirik. Uca Tanrı sizə bundan sonra, elmi işinizdə uğurlar arzulayırıq. Siz çağdaş Azərbaycan dövlətçiliyinin yenidən öz bağımsızlığına qovuşmasında “İSTİQLALÇI MİLLƏT VƏKİLİ” kimi ən böyük sevgilərə layiqsiniz. Sağlığınızda keçdiyiniz şərəfli həyat yolunuzla özünüzə əbədi abidə olaraq şəxsinizi uca millətimizin könlündə, ruhunda və ürəyində ucalda bilmisiniz. Bir yurdsevər şəxsiyyət, alim, ictimai və elm xadimi kimi həyatda çoxlarına nəsib olmayan bu uca zirvəni çoxdan fəth etmisiniz. Sizi bir daha 70 yaşınız münasibəti ilə təbrik edirəm. 

Hörmətlə: Elman Mustafazadə,
“Avropa Azərbaycanın Dostları Cəmiyyəti”nin sədri.
Hollandiya, Amsterdam şəhəri. 

 

22:03