Aprel gecəsində tövlədə alınan qərar – Vəli bəy Yadigar və əsgərləri

Azərbaycan Cümhuriyyətinin 1920-ci ilin 27 aprelində Rusiya tərəfindən işğalı milli ordumuzda birmənalı qarşılanmadı. Azərbaycan Parlamenti təslim aktını imzalamağa məcbur olsa da, bölgələrdə xidmət edən azərbaycanlı zabitlər gücləri çatdığı qədər işğalçılara qarşı mübarizə apardılar.

Onlardan biri də polkovnik Vəli bəy Yadigar idi.

Vəli bəy Yadigar 1898-ci ildə Borçalının Təkəli kəndində zadəgan ailəsində doğulub.
İlk hərbi təhsilini 1909-1916-cı illərdə Tiflis hərbi gimnaziyasında alıb. 1916-cı ildən Əlahiddə Qafqaz Korpusunun süvari hissələrində xidmət etməya başlayıb. I Dünya müharibəsini Qafqaz cəbhəsində qarşılayan gənc kornet cəbhəyə göndərilib, məşhur Brusilov hücumunda iştirak edib.
1920-ci ildə bir çox hərbçilərlə birlikdə Türkiyəyə, oradan Polşaya mühacirətə gedib, polyak ordusunda xidmətə qəbul olunub.

Vəli bəy Polşada “Armiya Krayova” xalq ordusunda əməliyyat şöbəsində süvari rəisi, 10-cu əlahiddə atıcılıq diviziyasının komandiri olub. 1939-cu ildə Hitler Almaniyası Polşaya hücum edəndə onlara qarşı vuruşub, Varşava üsyanında iştirak edib.

Polşada çıxan “Jiçe Varşavi” qəzetinin 6 iyul 1990-cı il tarixli nömrəsində onun haqqında yazılıb:
“Ötən şənbə Varşava qəbiristanlığında Vəli bəy Yadigar müsəlman-tatar qaydası ilə dəfn olunub. Dəfn fəxri qarovulun müşayiəti ilə hərbçi şöhrəti qaydaları ilə keçirilib. Mərhumu son mənzilə yaxın qohumları, dostları, keçmiş alaydaşları yola salıblar. Yaylım atəşi açılıb, orkestr Şopenin dəfn marşını çalıb. Cənazə üzərində müsəlman ayinini Varşava və Belostok yeparxiyasının imamı Aleksandr Əli Şaletski icra edib. Bəs polkovnik Yadigar kimdir? Müsəlmandır, Azərbaycan knyazıdır...

Bu qərib Polşa ordusu heyətində vuruşub, K.Soskovski adına Yeddinci Ulan alayının zabiti olub. O, 1920-ci ildə tabeliyində olan hissə ilə birlikdə Azərbaycanı tərk etmək məcburiyyətində qalıb, 1921-ci ilin mart ayında Polşada sığınacaq tapıb, müqavilə ilə polyak ordusu sıralarına daxil olub. Qruzdendə Süvari Məktəbini və Varşava Ali Hərbi Məktəbini birdikdən sonra yeddinci süvari polkunun komandir müavini təyin edilib. Polyak qızıyla evlənib, polyak dilini öyrənib. Keçmiş alaydaşları onu son dərəcə yüksək mədəniyyətə, həyat tərzinə malik insan, həm də olduqca tələbkar zabit kimi xatırlayırlar. Vəli bəy Polşaya hücum etmiş hitlerçi qəsbkarlara qarşı 1939-cu il sentyabrın 11-də təşkil olunmuş müdafiə kampaniyasında iştirak edib, Mazovetsk süvari briqadasının qərargah rəisi olub. Polşanın işğalından sonra Armiya Krayovanın tərkibinə daxil olan “Olen” polkunun komandiri kimi Varşava üsyanında iştirak edib. Müharibədən sonra Vəli bəy Yadigar Argentinaya mühacirət edib, on doqquz il əvvəl - 1971-ci il dekabrın 13-də Buenos-Ayresdə vəfat edib. Öz vəsiyyəti ilə Polşada təkrar dəfn edilib. Dəfn mərasimində mərhumun qızı - Züleyxa xanım Yadigar-Kalinovskaya da olub”.

Göründüyü kimi Vəli bəyin həyatı olduqca maraqlıdır. Ötən il Varşavada Azərbaycan Prezidenti ilə görüşündə Polşa prezidenti Andjey Duda bunları dedi:

“XX əsrdə müstəqilliyə və azadlığa olan məhəbbətimiz bizi bir-birimizə yaxınlaşdırdı. 1918-1920-ci illərdə - Azərbaycanın azadlıq uğrunda mübarizə apardığı dövrdə başda öz həyatını Azərbaycanın müstəqilliyinə qurban vermiş general Maçey Süleyman Sulkeviç olmaqla Azərbaycan Xalq Cümhuriyyətinin ordusunda və dövlət aparatında bir çox polyak xidmət göstərib. İkinci Dünya müharibəsi illərində bizim azadlığımızı isə Polşa Ordusu sıralarında polkovnik Vəli bəy Yadigar qoruyub. Onların Varşava şəhərinin Praqa rayonunda ucaldılmış birgə abidəsi bu qarşılıqlı əlaqələrin təcəssümüdür”.

Polşanın Qrudzyonds şəhərində 8-ci radioelektronik batalyonun ərazisində isə vaxtilə Ali Süvari Məktəbinin (1922-1939) yerləşdiyi binada Vəli bəy Yadigarın xatirə lövhəsi qoyulub. Rejissor Tahir Əliyev onun haqqında “Polkovnik” sənədli filmini çəkib.

Polşada həmçinin Vəli bəy haqqında kitab çap olunub.

Vəli bəy mühacirətdə aktiv fəaliyyət göstərib, məqalələr, xatirələr yazıb. “Azərbaycan” jurnalında onun Musa Yusifzadə ilə birlikdə Məhəmmədəmin Rəsulzadənin 70-ci doğum gününü təbrik mətni yer alıb.

Həmin məktubda yazılıb:

“Hörmətli, Məhəmmədəmin Rəsulzadə!
Əziz və möhtərəm ustadımız!

Argentinadakı “Qafqaz Birliyi”nə mənsub azərbaycanlılar 70-ci doğum ildönümüz münasibətilə sizi səmimiyyətlə təbrik edərkən bütün həyatınız boyunca istiqlalı uğrunda çalışdığınız əziz vətənimiz Azərbaycana tez qovuşmanızı ürəkdən arzulayır və şəxsinizə uzun ömür və səadət diləyirlər. Dünyanın ən gözəl ölkələrindən birini təşkil edən Azərbaycanın 28 may 1918-ci ildə olduğu kimi təkrar azərbaycanlılara aid olduğunu şəxsən elan etmənizi görmək istəyərik. İmperialist Rusiyanın əsarəti altında olan Azərbaycanın və bütün Qafqazın çox yaxın bir zamanda düşmən istilasından qurtulmasını və vətən səmalarına təkrar üç rəngli bayrağımızı ucaltma fürsətini Uca Tanrıdan istirham edəriz. Biz Azərbaycan əsgərləri Vətənimiz Azərbaycanın və Qafqazın hürriyyəti və istiqlalı uğrunda apardığınız müqəddəs savaşa son damla qanımıza qədər dəstək olacağımıza sizə söz veririk, möhtərəm Əmin bəy”.

Mühacirətdə çap olunan “Mücahid” jurnalını tədqiq edərkən Vəli bəy Yadigarın 27 aprel işğal günü və həmin ərəfədə xidmət etdiyi 3-cü Şəki süvari alayının ruslara qarşı mübarizəsi ilə bağlı xatirəsinə rast gəldik. Bu xatirələrin indiyədək azərbaycanda çap olunub-olunmamasını bilmirik. Araşdırmamız nəticəsində buna rast gəlmədik.

Bu baxımdan 27 aprel gecəsi Azərbaycan milli ordusunun qəhrəman əsgərlərinin mübarizəsi ilə bağlı olan xatirəni təqdim edirik. Vəli bəy bu xatirəni işğaldan 40 il sonra, 1960-cı ildə “40 illik köləlik nizamı” başlığı ilə dərc edib.

***
Qırx illik köləlik nizamı! Qırx il yad bir millətin işgəncə və vəhşəti. Qırx ildən bəri sistemli şəkildə və ancaq Afrika yamyamlarına yaraşacaq bir üsul ilə din, kültür, adət, dil və əxlaqın təməli qazılır.

Düz qırx il əvvəl milli Azərbaycanın 3-cü Şəki süvari alayı Tərtər şəhərində idi. Birinci və üçüncü süvari bölükləri, 4 ədəd pulemyot və iki top Xanlıqda (Papravənd) yerləşmişdi. Az əvvəl Nikolay bəy çiftliyinin ovasında baş verən çarpışma birinci süvari bölüyünün uğurlu hücumu ilə sona çatmışdı. Artıq ətrafa sükut çökmüşdü. Podpolkovnik Ehsan xan Naxçıvanlının hərbi təlimdə eşidilən gur səsi xaric ətrafda səs-səda yoxdu. Bu səssizlik fırtınadan öncəki səssizliyi andırırdı. Zabitlər, 400-ə yaxın əsgər və o qədər də at çiftliyin gözəl və rahat evlərində və tövlələrdə yerləşmişdilər.

Aprel ayının son günləri idi. Qəfil bölük komandanları olan biz zabitləri qərargaha dəvət etdilər. Orada bizi alay komandanı olan podpolkovnik Səid Tonqiyev (çeçen) qarşıladı və Bakıdan aldığı teleqrafı bizə oxudu: “Bilümum epolet və sair hərbi fərqləndirmə nişanlarının dərhal ləğv edilməsini əmr edirəm. Çingiz İldırım. Voyenmorkom”.

Zabit yoldaşlardan heç kim bu əcaib teleqrafdan bir şey anlamamışdı. Hamının ağlında müxtəlif suallar yaranmışdı: Epoletlər niyə söküləcəkmiş? Bu Çingiz İldırım kimdir? Əmr vermə səlahiyyətini bu adama kim verib? Milli Müdafiə vəkilimiz general Səməd Mehmandar haradadır? Niyə özü yazmır? Voyenmorkom da kimdir? O, nə deməkdir?

Alay komandanı bizi sakitləşdirdi və həyəcanlanmamağımızı rica etdi. Məsələni şəxsən tədqiq edəcəyini də vəd etdi.

Süvari bölüyümüzdə zabit dostlarımızdan və Şeyx Şamilin qəhrəman naiblərini andıran dostum Baş leytenant Aytek Kunduh (Şimalı Qafqazlı, osetin) bu söhbətdən sonra məni kənara çəkərək bunları dedi: “Azərbaycanın Şimali Qafqaz hüdudunda Quba şəhəri yaxınlığındakı Azərbaycan piyada alayı XI rus ordusunun ani basqınına uğrayıb, qəhrəmancasına döyüşüb, lakin gələn sel altında əzilib. Beləcə, qırmızı rus istilaçılarının ordusu müdafiəsiz qalan paytaxtımız Bakını 28 aprel günü işğal edib, milli hökuməti zorla devirib, yerinə də oyuncaq bir hökumət oturdub”.

“Voyenmorkom” sözünü isə Aytek mənə quru və dəniz qüvvətləri komissarı kimi çevirdi. O zamanlar qırmızı ruslar vəkilə xalq komissarı deyirdilər. İndi onlar da vəkil deməkdədirlər.

Bu sözləri dinlədikdən sonra Xanlığa hansı hisslərlə döndüyümü söyləməyə gərək varmı? Vəzifə başına qayıtdığımız zaman bir şeyə təəccübləndik: qara xəbər biz oraya çatmadan daha əvvəl əsgərlərimizə yetişmişdi. Bu isə düşmənin təşkilatlı şəkildə çalışdığına işarə idi.

Gecə saat 10 radələri idi. Dərin fikirlərə dalmışdım. Qəfil qapı döyüldü və içəriyə baş çavuş qazaxlı Teymur girdi. Onu mənə əsgərlərimiz göndəribmiş və məni gecə saat 11-də tərtib etdikləri toplantıya dəvət ediblər. Toplantı atlarımızın olduğu tövlədə olacaqdı. Qəbul etdim.

Saat 11-də tövləyə girdiyim zaman gördüm ki, əsgərlərimin hamısı epoletlərini təkrar yerinə tikib, qarşımda hərbi vəziyyətdə dayanıblar. Bu mənzərədən gözlərim doldu. Qürur duydum. Nizam-intizamı sevən türk övladları başıpozuq qırmızı rus zehniyyətindən xoşlanmırdılar. Lakin mən susur, nə deyəcəklərini gözləyirdim.

Əsgərlər əvvəlcə çəkingən, lakin daha sonra cəsarətlə fikirlərini izah etməyə çalışdılar. Hamısı da kəndli və fəhlə uşaqları olan Azərbaycanın bu sevimli türk əsgərləri qarşılarında duran, qırmızı rusların təbiri ilə “burjua”, “bəy”, “zabit”, “fəhlə-kəndli düşməni”nə ürəklərini boşaltdılar.

- Komandan! Gavur rusdan bizə xeyir gəlməz. Atam da bunu söyləyərdi.

- Rusun bizlə dostluq etdiyini heç gördükmü?

- Şalon davasını hələ unutmamışıq.

- Millət və Vətənimizin bizə verdiyi şərəfli epoletləri sökmək müstəqilliyimizin sonu deməkdir, bizcə.

- Rus ancaq öz rusunu düşünür. Çox gördük. Onun qardaşlığına inanmayın, komandan.

- Rus bizim dədə-babamızı çox aldatdı. Sibirə sürgün etdi, yox etdi.

- Həmin rus deyilmi gözəl yerlərimizi əlimizdən alan, oraya öz rus kəndlilərini yerləşdirən? Unutduqmu bunu?

- Komandanım! Gavur rusun Nikolayı da, qırmızısı da millətimizin düşmənidir.

- Mustafa Kamal Paşaya köməyə gedəcəkləri də yalandır. Heç rusdan türkə dost olduğunu gördünüzmü?

- Rusun nəfəsi də yalandır! Rus Anadoluya köməyə getməz. Torpaq qopartmaq istəyər.

- Alayımız iki il vuruşdu, döyüşdü, düşməni yendi. Vətənimizin sağlam qalması üçün gecə-gündüz çalışdı. Rəvadırmı ki, indi dil və din düşmənimizə və ya onların vətən xaini nökərlərinə xidmət edək?

Düz 40 il keçdi. O ürəkdən gələn sözlər indi də qulağımda cingildəyir. Təhsilsiz Azərbaycan əsgərləri, gənc kəndli və fəhlə övladları, o sevimli simalı türk övladları! Hələ də gözlərimin önündəsiniz. Necə də gözəl cümlələrdi. Necə səmimi sözlərdi. Kimsə öyrətməmiş, kimsə hazırlamamışdı. Bütün cümlələr damarlarında əsil türk qanı daşıyan, böyük-kiçik, hörmət-sevgi bilən, bu uşaqların təmiz ürəklərindən çıxıb daşırdı... Vətən və millətə sevgi, istilaçı qırmızı rus imperialistlərinə isə nifrət!

Xülasə, tövlədə iki saata qədər davam edən toplantı “gücə qarşı güc” istifadə etmə qərarının alınması ilə nəticələndi.

Bu gün düz 40 il əvvəl atların tövləsində əsgərlərimizin qəbul etdikləri qərarın nə qədər doğru olduğunu artıq hər kəs qəbul edir. Lakin təəssüf ki, o zaman bir qəhrəman çıxıb ziyalılar arasındakı fikir ayrılığını məhv edərək qəlblərinə keçmiş Gəncə, Bakı, Qarabağ, Şirvan, Şəki, İrəvan və b. xanların ruhunu yerləşdirə bilmədi.

Nə isə. Əsgərlərimin ürəkdən gələn tələblərini qəbul etdim və bu məsələ ilə yaxından məşğul olacağımı vəd etdim. Lakin unudulmamalıdır ki, o zaman 21 yaşım vardı, hərbi təcrübəm isə bu kimi işlərdə ikinci plana keçər. İrəlidə görəcəyiniz kimi ulu Tanrı bizimlə idi.

Eyni gecə otağımda gizli şəkildə ikili toplantı da tərtib etdim. Yaxın dostum, Tiflisin Şeytanbazar məhəlləsindən Baş leytenant Nəsrəddin iştirak edirdi.

Bu söhbətimiz əsnasında verdiyimiz qərara görə, ertəsi sabah dan yeri ağararkən Nəsrəddin, Baş çavuş Teymur və Çavuş Astan (Borçalıdan) gizlicə Tərtərə hərəkət etdilər, orada yerləşən dördüncü süvari bölüyünün komandanını (adını unutmuşam, Gəncəyə yaxın bir kənddən idi), qazaxlı pulemyotçu və alay yavəri Ayteki tərəfimizə çəkməyə müvəffəq olduq...

(Davamı var)
Hazırladı: Dilqəm ƏHMƏD
Teleqraf.com

15:53