Ankarada “Azərbaycan günləri” təşkil olunub

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Ankaranın Kızılcahamam rayonunda “Azərbaycan günləri” təşkil olunub.

Xudaferin.eu xəbər verir ki, mərasimdə Azərbaycandan və Türkiyədən rəsmi şəxslər, elm, təhsil və sənət adamları, Kızılcahamam rayonunun sakinləri iştirak ediblər.

Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunandan sonra Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Kızılcahamam rayon bələdiyyəsinin sədri Mühiddin Güney və rayonun rəhbəri Mehmet Yıldız çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, 1918-ci ildə Bakının erməni-daşnak işğalından azad olunmasında Qafqaz İslam Ordusunun göstərdiyi rəşadətdən danışıblar. Çıxışlarda Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin inkişafından da bəhs olunub.

Tədbir Xalq Artisti Azərinin ifasında konsert proqramı ilə davam edib.

Bədii hissədən sonra iştirakçılar milli mətbəximizin nümunələrinə qonaq ediliblər.

16:03