Almaniyalı jurnalist ermənilərin Bərdə, Ağdam və Tərtərdə törətdiyi vəhşiliklərlə bağlı məqalə hazırlayıb

Almaniyanın "Die Welt" və "Welt am Sonntag" qəzetlərinin xarici siyasət üzrə redaktoru Daniel-Dilan Bömerin müəllifliyi ilə "Welt am Sonntag" qəzetində "Raket qızının yanında ananı öldürür" başlıqlı məqalə dərc olunub. Məqalə, həmçinin “welt.de” internet portalında yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Bərdə şəhərinə, işğaldan azad olunmuş Ağdam bölgəsinə və Tərtər rayonunun Şıxarx kəndinə səfər edən almaniyalı jurnalist məqalədə bu yerlədə gördükləri barədə məlumat verir.

Bərdə şəhərində ermənilərin raket hücumuna məruz qalmış mülki şəxslərdən biri - Əfsanə Mustafayeva hücum olan gün barədə alman jurnalistə məlumat verir, baş verənləri təsvir edir. O, hücum nəticəsində anasını necə itirməsindən və tanıdıqları insanların yaralanmasından danışır.

Daha sonra Tərtər rayonunun Şıxarx kəndində olan müəllif orada kənd sakinləri Akif Əhmədov və Nəsibə Cabbarova ilə görüşür. Akif Əhmədov qonşusu Nəsibə Cabbarovaya məxsus evin ermənilərin raket hücumuna məruz qalmış hissəsində dayanaraq orada baş verənlər barədə söhbət açır. Məqalədə bildirilir ki, Şıxarx kəndinin sakinləri əslən bu kənddən deyillər, onlar buraya Azərbaycanın Kəlbəcər rayonunun dağlıq kəndlərindən, yaşadıqları ərazinin 90-cı illlərin əvvəllərində ermənilər tərəfindən işğal edilməsi və mülki əhalininin oradan qovulması nəticəsində məcburi olaraq köçüblər. Qeyd olunur ki, son müharibədə azərbaycanlılar qələbə çalıb və Kəlbəcəri geri alıblar. Kənd sakinləri sevinclə artıq özlərini qaçqın kimi hiss etmədiklərini ifadə edir və buna görə Azərbaycan prezidentinə təşəkkür edirlər.

Müəllif münaqişənin tarixi barədə məlumat verir. Bildirilir ki, sovet dövründə Azərbaycana məxsus olan Dağlıq Qarabağın əhalisinin əksəriyyətini təşkil edən ermənilər Sovet İttifaqının dağlıması və 1991-ci ildə Azərbaycanın müstəqilliyini elan etməsindən sonra yeni dövlətin tərkib hissəsi olmaq istəməyib və beləcə qonşular arasında müharibə başlayıb. Ermənistan 1994-cü ildə qalib gəlib və Dağlıq Qarabağ, eləcə də ətraf rayonları alıb. Qeyd olunur ki, beynəlxalq hüquqşünasların əksəriyyətinin Dağlıq Qarabağın Azərbaycana məxsus olması bağlı hər hansı tərəddüdü yoxdur. Əlavə olunur ki, son atəşkəs razılaşmasından sonra erməni əhalisinin Dağlıq Qarabağda mövcudiyyəti davam edir, ətraf rayonlar isə Azərbaycana geri verilib. Müəllif qeyd edir ki, çox az jurnalist bu ərazilərə səfər etmək imkanına malikdir. Buranı görənlər isə nifrətin dünyanı necə dəyişə biləcəyinin şahidi olurlar.

Daha sonra müəllif işğaldan azad olunmuş Ağdamdakı vəziyyəti, o cümlədən dağıdılmış binaları, istifadəsiz qalmış əkin sahələrini təsvir edir. Vurğulanır ki, çox yerdə mina xəbərdarlığı işarəsi nəzərə çarpır və dünyanın heç bir digər ərazisi Ağdam kimi sıx şəkildə minalanmayıb. Qeyd olunur ki, brinci müharibə zamanı bir vaxtlar 28 000 əhalinin yaşadığı Ağdamı ermənilər böyük dağıntılar olmadan işğal ediblər və bir neçə həftə əvvəl isə döyüşsüz Azərbaycana geri təslim ediblər. Ağdamı xarabalığa çevirən erməni əsilli sosial qüvvələr olub. Onlar Ağdamı tikinti materialları bazası kimi istifadə edib və buranı rayonun əvvəki sakinləri üçün bir daha yaşanılmaz hala gətirmək məqsədilə dağıdıblar.

Keçmiş Ağdam sakini Məlahət Quliyeva Ağdam şəhərinin əvvəlki vəziyyəti ilə bağlı jurnalistə məlumat verir. O, bir zamanlar azərbaycanlılar və ermənilərin dinc şəkildə yanaşı yaşadığını bildirir. Daha sonra o, qaçqın düşmələrindən, bu zaman 6 qohumunu itirməsindən, habelə ermənilərin cəsədlərin qızıl dişlərini əldə etmək üçün Ağdam qəbiristanlığında qəbirləri dağıtmasından söhbət açır.

Məqalədə Dağlıq Qarabağın mühüm əhəmiyyət kəsb etməsinin, həmçinin onun Rusiya və Avropanın qarşılaşdığı, Xəzər və Qara dənizləri arasında yerləşən, strateji önəmə malik olan ərazi olması ilə bağlı olduğu qeyd olunur. Bildirilir ki, ermənilər əsasən Moskvavın müttəfiqi sayılır, Azərbaycan isə NATO və Türkiyənin mühüm tərəfdaşıdır. Son müharibə zamanı Türkiyə Prezidentinin dəstəyi Azərbaycanın qələbəsini təmin edib, Rusiya isə Ermənistana kömək etmək üçün az iş görüb. Rusiya Prezidenti Putinin razılaşdırdığı atəşkəs münaqişəni həll etmədən müharibənin davam etməsini dayandırıb və Moskvanın regionda nüfuzunu təmin edib. Rusiya təqribən 2000 əsgərlə atəşkəsə nəzarət edir. Nəticədən, həmçinin Türkiyə öz mənfəətini götürüb, belə ki, Azərbaycana torpaq yolu ilə dəhliz əldə edib. Avropa və ABŞ isə uduzanlar sırasındadır. Müharibə başlanmazdan əvvəl Almaniyanın da iştirak etdiyi, ABŞ, Fransa və Rusiyanın isə həmsədr olduğu ATƏT-in Minsk qrupunun münaqişəni sülh yolu ilə həll etmək cəhdləri uğursuzluqla nəticələnib.

Xudaferin.eu

11:09