ADR–100: Azərbaycan-Ermənistan konfransı və “Müsavat”ın ikinci qurultayı

Oxu.Az Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş, “ADR–100” layihəsi çərçivəsində silsilə məqalələrin yayımını davam etdirir.

Növbəti məqalədə dekabr 1919-cu il hadisələri işıqlandırılır.

ADR dövrünün mükəmməl ili başa çatırdı. Bütün tərəflər bu ili müsbət notlarla bitirməyə çalışırdı. Bu, həm daxili, həm də xarici siyasətə aid idi.

Dekabrın 14-dən 21-dək olan dövrdə Bakıda Azərbaycan-Ermənistan konfransı keçirildi. Konfransa F.Xoyski, M.H.Hacınski və M.R.Vəkilovdan ibarət nümayəndə heyəti qatıldı.

Konfransda bütün problemlərin sülh yolu ilə həlli qərara alındı. Tərəflər bir müddət iki ölkə sərhədləri məsələsini müzakirə etməməklə bağlı razılığa gəldilər.

Gürcüstan və Azərbaycanın konfrans keçirmək istəyinə baxmayaraq, erməni tərəfi Denikinin təhlükəsini bəhanə gətirərək, məsələnin müzakirəsini təxirə salmağı, gömrük, iqtisadiyyat və digər razılaşmaları imzalamağı təklif etdi.

Regionlardan Ermənistanla münaqişələrin artması ilə bağlı məlumatlar daxil olurdu. Belə ki, Gəncə qubernatorunun 1918-ci il 19 dekabr tarixli, 8979 nömrəli ərizəsində deyilirdi:

“Cəbrayıl qəzasının rəisinin məlumatına görə, buradakı ermənilər hərbi əməliyyatlara hazırdır. Onlar qüvvələri Şuşaya yönəltməklə müsəlmanlara hücum edir. Zəngəzurun böyük hissəsi məhv edilib. Erməni quldurlar kəndləri qarət edir, insanları öldürür, mal-qaranı aparırlar”.

Daxili siyasətdə müəyyən sabitlik yarandı. Təxminən oktyabrdan bəri ölkədə hökumət formal olaraq yox idi. 1919-cu ilin son iclaslarından birində parlament N.Yusifbəylinin (“Müsavat”) rəhbərlik etdiyi Nazirlər Kabinetinin yeni tərkibini qəbul etdi.

Yeni hökumətə ilk olaraq “İttihad” daxil oldu, ancaq milli azlıqların nümayəndələri hökumətdə təslim olunmurdu. Bu isə parlamentin rus fraksiyasının narazılığına səbb olmuşdu.

Kabinet bu şəkildə təşkil olunmuşdu: xarici işlər naziri F.Xoyski (partiyasız), hərb naziri S.Mehmandarov (partiyasız), daxili işlər naziri M.H.Hacınski (“Müsavat”), ədliyyə aziri X.Xasməmədov (“Müsavat”), maliyyə naziri R.Kaplanov (“Əhrar”), maarif və dini işlər naziri H.Şaxtaxtinski (“İttihad”), əmək naziri A.Pepinov (sosialist), dəmir yolları, ticarət, sənaye və ərzaq naziri X.Məlikaslanov (bitərəf), poçt və teleqraf naziri C.Hacınski (sosialist), tibb naziri M.Rəfiyev (“Müsavat”), dövlət nəzarəti xidmətinin rəisi K.Məmmədbəyov (“İttihad”).

Dekabrın 23-də parlament yeni hökumətin bəyannaməsini qəbul etdi. Yusifbəyov qeyd edirdi ki, hökumət ilk addımını Lənkəran qəzası ilə bağlı atdı:

“Qəzanın azad olunmasına qədər olan bütün cinayətlər unudulur. Azərbaycan xalqı vətənin xoşbəxtliyi üçün bütün ağrı və əzabları unutmağa hazırdır”.

İkinci məsələ Qarabağ problemi idi. Onun sözlərinə görə, Zəngəzur min illiklər boyu Qarabağın, Qarabağ isə Azərbaycanın ayrılmaz hissəsidir. Buna baxmayaraq, Zəngəzur qəzası bu dövrdə qiyamçıların nəzarətində idi.

Üçüncü məsələ Şərur-Naxçıvanla bağlı idi. Xarici siyasətdə yeganə problem isə Rusiya ilə yaşanırdı. Problemin səbəbi ondan ibarət idi ki, Rusiyada heç bir qüvvə inanmırdı ki, Rusiya əvvəlki sərhədlərini bərpa edə bilməz.

Maliyyə sahəsində vəziyyət Maliyyə Nazirliyinin parlamentə göndərdiyi hesabat kimi müsbət deyildi. Maliyyə Nazirliyinin hesabatı “İttihad” partiyası tərəfindən tənqid edildi. Bu sahədə müyyən tənzimləmə həyata keçirmək üçün dekabrın 1-də Dövlət Əmanət Kassası fəaliyyətə başladı.

Bu, heç cür inflyasiya səviyyəsini aşağı salmırdı. Yüksək inflyasiya səviyyəsi qiymətlərin artımına və əhali arasında etirazlara səbəb olurdu. Misal üçün, dövlət qulluqçularının saxlanması üçün 163.806.948 rubl nəzərdə tutulmuşdu.

Dekabra olan statistikaya əsasən, həmin məhsulların bazar qiymətləri ümumilikdə 421.810.038 rubl təşkil edirdi. Həmçinin, bir il öncə parlamentdə Tağıyevin tekstil fabriki ilə bağlı məsələ gündəmə gəldi. O vaxtdan bu fabrik korrupsiya işlərində daim müzakirə olunurdu.

Dekabrın 3-də fabrik mallarının qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi ilə bağlı son qərar verildi. Sahibkarların mənfəəti 17 faiz müəyyən edildi.

Parlament xarici siyasətlə bağlı problemləri birdəfəlik həll etmək üçün  azad və dövlət ticarəti arasında yol yaradılmasını nəzərdə tutan qərar qəbul etdi.

Kənd təsərrüfatında vəziyyət heç cür yaxşılaşmırdı, ancaq hökumət problemlərlə mübarizə aparmaq üçün hər vəchlə çalışırdı. Hətta dekabrın 11-də sahə siçanları ilə dövlət hesabına mübarizə aparmaqla bağlı qərar qəbul edildi.

Bu, vəziyyəti yaxşılaşdırmırdı və problemlər bütün ölkə ərazisində hiss olunurdu. Nazirlər Kabinetinin yeni tərkibi təsdiqləndikdən sonra buraya daxil olanlar mübahisəli məsələləri həll etməyə məcbur olurdular.

Belə ki, A.Pepinov 1919-cu il dekabrın 28-də həmkarlar təşkilatlarının iştirakı ilə iclas keçirdi. Nazir tədbir iştirakçılarına öz nazirliyinin proqramını açıqladı. O bildirdi ki, işçi klublarına və təşkilatçılarına siyasi hücumlar dayandırılacaq. Nazir işçilərdən fəaliyyətinin dəstəklənməsini xahiş etdi və bildirdi ki, bütün vədlərinə əmək edəcək.

Hökumət Dağlılar Respublikasından Azərbaycana qaçan əhalinin təminatı ilə məşğul idi. Himayədarlıq Nazirliyinin nümayəndələri iki ay müddətində sərhəddə oldular və ölkəyə gələn qaçqınlara yardım etdilər. Bunun üçün nazirliyə bir milyon rubl ayrıldı.

Dekabrda ölkənin siyasi həyatı “Müsavat” partiyasının ikinci qurultayının keçirilməsi ilə canlandı. Qurultay dekabrın 2-dən 11-dək davam etdi. İclasda 140 nümayndə iştirak edirdi.

Qurultayı M.Ə.Rəsulzadə giriş sözü ilə açdı. O, partiya üzvlərinin Azərbaycanın müstəqilliyinin qorunması üçün səylərini xüsusilə vurğuladı və bütün türk xalqlarının həmrəylikləri haqqında danışdı. 

Partiyasının siyasi platformasına diqqət çəkən M.Ə.Rəsulzadə etiraf etdi ki ki, qısa müddətdə aqrar problemin həlli mümkün deyil, ancaq hökumət parlamentə geniş qanun layihəsi təqdim etdi. Bu layihə onun partiyasının bütün üzvləri tərəfindən tam dəstəkləndi.

Onun hesabatı ciddi müzakirələrə səbəb oldu. Çıxışdan sonra partiya üzvləri hesabatı tənqid edərək, bunun partiyanın aqrar və işçi məsələlərindəki siyasi mövqeyini tam əks etdirmədiyini bildirdilər. Partiya üzvləri qeyd edilər ki, hökumət bu sahələrdə lazımi qərarlar qəbul etməyiblər.

Mirzə Bala Məmmədzadə aqrar məsələ ilə bağlı parlamentin fəaliyyətini tənqid edərək qeyd etdi ki, bəylərlə kəndlilər arasındakı bütün problemləri həll etməyi boynuna götürən hökumət vədlərinə əməl etmir. O, bəylər tərəfindən kəndlilərdən vergi yığımını dayandırmağı təklif edirdi.

Tənqidə cavab verən M.Ə.Rəsulzadə dedi ki, əgər hökumət və parlament bugünədək aqrar problemləri həll edə bilməyibsə, vəsait olmadığına görə partiyalar bunu heç cür edə bilməz. Aqrar məsələ iki dəfə müzakirə edildi və sonda qətnamə qəbul olundu:

“1. Xəzinəyə, keçmiş çar evinə, mülkədara, xüsusi sahibkara məxsus torpaqlar təmənnasız götürülür və zəhmətkeş kəndlilər arasında bölüşdürülür;

2. Zəhmətkeşlərə torpaq verilməsi ilə sahibkarlarda olan motorlar və su nasosları götürülür. Onların pulu fondun vəsaitləri hesabına ödənilir”.

İşçi məsələsinə gəlincə, M.Ə.Rəsuzadə hesabatında qeyd etdi ki, partiyası müəssisələrin milliləşdirilməsinin tərəfdarı deyil və partiyanın mərkəzi komitəsi bu məsələ ilə bağlı hökumətə dəstək verməklə kifayət qədər yardım edib.

Bu tezis partiyada ciddi debatlara səbəb oldu. Cəfər Cabbarlı qurultayda çıxış edərək bildirdi ki, partiyanın proqramında siyasi məsələlərlə yanaşı, iqtisadi problemlər də olub, ancaq partiya bununla bağlı heç nə etməyib:

“Hər bir partiya öz proqramını yerinə yetirmək üçün hökuməti ələ keçirməyə çalışır və bizim partiyanın başı bu işlərə qarışıb, ona görə partiya səlahiyyətlərini unudub”.

Daha kəskin tənqidlə D.Məlik-Yeqanov çıxış etdi. O bildirdi ki, işçilərdə vətənpərvərliyin yaranmasından sonra  onlar yaxşı şərtlərlə qarşılaşmadılar. Buna baxmayaraq, işçilər “Müsavat”ın arxasınca getməyi üstün tuturdular, çünki inanırdılar ki, bu partiya iqtisadi vəziyyəti yaxşılaşdıracaq.

Qurultayda üç məsələ ilə bağlı qərar qəbul edirdi: Qafqaz konfransı, Denikin təhlükəsi və Dağıstan məsələsi.

Partiya rəhbəri M.Ə.Rəsulzadə seçildi. Partiyanın mərkəzi komitəsinə Ş.Rüstəmbəyov, Q.Əliyev, M.H.Hacınski və M.Hacinski daxil oldu. Partiyanın siyasi şurasına N.Yusifbəyli, M.Cəfərov, Ş.Rüstəmbəyov, M.Hacınski və digərləri seçildi. 

Parlament bir illiyini xüsusi təmtəraqlı iclasla qeyd etdi. İlin sonunda öz fəaliyyətinin yekun nəticələrini açıqladı. Rəsmi olaraq, parlament 96 nəfərdən ibarət idi: “Müsavat” partiyası – 38 deputat, “İttihad” – 13, sosialistlər – 13, “Əhrar” – 6, “Daşnaqsütyun” – 6, erməni fraksiyası – 5, partiyasızlar – 3, “Slavyan-rus cəmiyyəti” – 3 və sol partiyasızlar – 1.

Keçirilən 110 iclasdan beşi təmtəraqlı oldu, 13-ü baş tutmadı. Parlamentə 215 qanun layihəsi təqdim olundu, onlardan 12-si qəbul edilmədi və 60-ı komissiyalarda qaldı.

Bakıda ədəbiyyat həyatı dirçəlməyə başlamışdı. Belə ki, paytaxtda dekabrda rus poeziyası və ədəbiyyatının bir çox nümayəndələri ortaya çıxdı (T.Veçorka, Deqen, R.İvnev, K.Zdaneviç, A.Kruçenıx, E.Lanser, S.Qorodetsi və digərləri).

Bakı Dövlət Universitetinin açılması universitetdə elmin inkişafına səbəb oldu. Belə ki, dekabrın əvvəllərində professor A.B.Selixanoviçin rəhbərlik etdiyi tələbə qrupu tərəfindən Fəlsəfə dərnəyi yaradıldı, Anatomiya muzeyi açıldı, bir müddət sonra Müsəlman Şərqinin Araşdırılması cəmiyyətinin iclası keçirildi.

Cəmiyyətin əsas məqsədi islam ölkələri və xalqlarının öyrənilməsi, o cümlədən müsəlman mədəniyyətinə təsir edən bu və ya digər tarixi-mədəni faktorları araşdırmaq idi.

Cəmiyyətin sədri L.A.Zimin seçilmişdi. Nümayəndələri arasında E.A.Belyayev, Seydiyev, Sübhanverdiyev, D.Rəfibəyov və general-leytenant M.B.Culkeviç də vardı.

Dekabrın 10-da Ərəş qəzasının adı dəyişdirilərək Ağdaş qəzası qoyuldu. Dekabrın 25-26-da isə hökumət müəssisələrində işləyən və katolikliyi öyrənən bütün şəxslər vəzifəsindən azad edildi.

Xudadat bəy Rəfibəyli
(1878-1920)

Xudadat bəy Rəfibəyli 1878-ci ildə Yelizavetpol şəhərinin Bala Bağman Hacı məhəlləsində, görkəmli Azərbaycan maarifçisi Ələkbər Rəfibəyovun ailəsində doğulub.

O, ali təhsilini Xarkov Universitetində alıb. 1904-cü ildə həmin universitetin tibb fakültəsini bitirib. Bundan sonra üç il yerli rezidenturada çalışıb.  Yerli Azərbaycan icmasının rəhbəri olub.

 

Gəncəyə qayıtdıqdan sonra burada həkim kimi fəaliyyətini davam etdirib. Azərbaycanın ilk diplomlu cərrahlarından biri olub. 1907-ci il noyabrın 15-də qubernatorun əmri ilə Afanasyev adına Yelizavetpol şəhər Xəstəxanasının direktoru təyin olunub.

O, həkimlər birliyinin sədri olub. Ancaq Rəfibəylinin fəaliyyəti bununla məhdudlaşmayıb, ictimai işlərlə də məşğul olub. Onun təşəbbüsü ilə Nizami Gəncəvi irsinin araşdırılması üçün təşkilat yaradılıb.

1912-1913-cü illərdə Sankt-Peterburqda Knyaginya Yelena Petrovna adına tibb institutunda 22 xüsusi kursda iştirak edib.

1914-cü ildə Q.Ağayevlə birlikdə Gəncə Tibb Cəmiyyətini yaradıb. Yeni cəmiyyətin əsas məqsədi yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması, az qazanclı insanlara və kasıblara tibb xidmətinin göstərilməsi idi.

1916-cı il mayın 10-da Qafqaz ordusunun baş komandanının əmri ilə Yelizavetpoldakı Qırmızı Xaç Cəmiyyətinin üzvü olaraq Xudadat bəy Rəfibəyli üçüncü dərəcəli Müqəddəs Stanislav ordeninə layiq görülüb.

Fevral inqilabından sonra o, yerli milli komitənin tərkibinə daxil olub və “Müsavat” partiyasına üzv seçilib. 1918-ci il yanvar hadisələrində fəal iştirak edib.

İkinci hökumətin tərkibinə daxil olub, 1918-ci il iyunun 17-dən dekabrın 26-dək tibb və təhsil naziri vəzifəsini tutub.

1919-cu il mayında Gəncə qubernatorunun qaçmasından sonra onun yerinə təyin olunub. O gündən qarşısına məqsəd qoyub ki, günün ilk yarısında qubernator, ikinci yarısında həkim kimi fəaliyyət göstərəcək.

Bakıda sovet hakimiyyəti qurulduqdan sonra bütün regionlara teleqram vurulub. Aprelin 29-da Xudadat bəy hakimiyyətin Revkova verilməsi ilə bağlı aktı imzalayıb.

Daha sonra o, həkim kimi fəaliyyətini davam etdirib. Ancaq 1920-ci il mayın 12-də həbs olunub. Ona qarşı ermənilərin öldürülməsi ittihamı irəli sürülüb.

 Xudadat bəy Rəfibəyli iyunun 1-də gizlicə Xəzərin kiçik bir adasına aparılaraq güllələnib.

Onun iki oğlu Azərbaycanı tərk etməyə məcbur qalıb, qızı Nigar Rəfibəyli isə ölkənin məşhur şairi olub.

Oxu.az

15:37