5 gündür oğurlanmış Əhsən Nuruzadəyə görə Ramil Usubova müraciət olundu

“Ailəsi təşviş içindədi, xahiş edirəm, ən azı ailə üzvlərinə onun harada saxlanması barədə məlumat verilsin”

Vəkil Yalçın İmanov hüquqlarını müdafiə etdiyi, yanvarın 24-dən yoxa çıxmış Əhsən Nuruzadə ilə əlaqədar Daxili İşlər naziri Ramil Usubova müraciət edib. Həbsdəki ilahiyyatçı Taleh Bağırzadənin tərəfdarlarından biri, Nardaran işi üzrə məhkəmənin daimi iştirakçılarından olan Əhsən Nuruzadədən heç bir xəbər yoxdur. Daxili İşlər Nazirliyinin “102” xidmətindən tutmuş, Ombudsman Aparatına, Beynəlxalq Qırmızı Xaç Komitəsinə qədər müxtəliq orqanlara müraciət olunsa da heç bir nəticəsi yoxdur.
Vəkil Yalçın İmanov nazirə müraciətində yazır: “Hüquqlarını müdafiə etdiyim 24 sentyabr 1976-cı il təvəllüdlü, Bakı şəhəri, Nərimanov rayonu, Ş.Mustafayev küçəsi, ev 27, mənzil 141-də qeydiyyatda olan və yaşayan Nuruzadə Əhsən Müzəffər oğlundan atrıq 4 gündür ki, heç bir məlumat yoxdur. O, 24 yanvar 2017-ci ildə axşam saat təxminən 17:00 radələrində evdən siqaret almaq üçün çıxıb və bir daha geri qayıtmayıb. Həmin gündən sonra onun haqqında hər hansı bir məlumat əldə etmək mümkün olmayıb. Əhsən Nuruzadəyə məxsus olan 055 525 41 78 saylı mobil telefon nömrəsinə 27 yanvara qədər zəng çatsa da, dünəndən mobil telefon söndürülüb. Ötən müddət ərzində onun ailə üzvləri və vəkili kimi mən, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinə, rayon polis idarələrinə, Binəqədi rayonunda yerləşən inzibati həbs olunanların saxlandığı məntəqəyə, Bakı şəhər Baş Polis İdarəsinə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə, Daxili İşlər Nazirliyinin 102 saylı “Qaynar Xətt”inə müraciət etsək də, hər hansı bir məlumat əldə edə bilməmişik. Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatına müraciətlər də nəticəsiz qalıb. 27 yanvar 2017-ci ildə onun itkin düşən şəxs kimi qeydiyyata alınması ilə bağlı polisə rəsmi müraciət də olunub. Əhsən Nuruzadə Müsəlman Birliyi Hərəkatının rəhbəri Tale Bağırzadə və daha 17 nəfərin işi üzrə məhkəmə prosesinə aktiv gələn, daima prosesi izləyən şəxslərdən biri idi. Məhz bu fəaliyyətinə görə o dəfələrlə izləndiyini, təqib olunduğunu bildirirdi. Əhsən Nuruzadənin himayəsində iki azyaşlı övladı, ağır xəstə və yaşlı anası var. Ailə dərin təşviş və narahatçılıq içindədir. Bizim ehtimallarımıza görə, o hansısa polis orqanında saxlanılır. Bu ehtimalı müraciət etdiyimiz bəzi polis qurumlarının “məlumat verə bilmərik”, digərlərinin isə effektiv araşdırma aparmaması da artırır. Prezident İlham Əliyev və Siz dəfələrlə ölkədə qanunçuluğun və ictimai qaydanın möhkəm şəkildə qorunduğunu və sabitlik hökm sürdüyünü bildirirsiniz. Mən mətbuat vasitəsilə Sizə müraciət edərək, Əhsən Nuruzadənin tapılması və ən azı ailə üzvlərinə onun harada saxlanması barədə məlumat verilməsinə göstəriş vermənizi xahiş edirəm”.

Azadliq.info

11:07