123 milyard dollarlıq səfalət

 

Adı da bunların, dadı da bunların

 

Statistik rəqəmlər bəzən adamı təəssüfləndirir, bəzən təəccübləndirir, bəzən də hiddətləndirir. Xüsusən də “qəpiyə güllə atanlar”ın ölkəsində milyardların havada pərvaz vurması insana pis təsir edir. Neft Fondundan verilən məlumata görə 2001-ci ilin əvvəlindən 2017-ci il martın 1-dək “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqlar blokunun hasilat layihəsinin reallaşdırılması çərçivəsində Azərbaycan Dövlət Neft Fonduna 123,1 milyard dollar vəsait daxil olub. Bəli, son 16 ildə “Azəri-Çıraq-Günəşli” yatağı ölkəmizə 123.1 milyard dollar ərmağan eləyib. Amma son 16 ilə nəzər salanda görürük ki, hər il əhalinin vəziyyəti biraz da pisləşib, hər il büdcə biraz da kiçilib, hər il borc bataqlığına düşənlərin sayı biraz da artıb və hər il xarici borcumuz çoxalıb. Faktiki olaraq 123.1 milyard dolların varlığı xalqın taleyində hiss olunmadı. Nə maaşlar artdı, nə iş yerləri açıldı, nə güzəştlər edildi, nə də pis ənənələrə son qoyuldu. Əgər bu vəsaitin bir hissəsi mənimsənilib, digər hissəsi real işlərə sərf olunsaydı mənzərə yenə də fərqli olardı. Görünən budur ki, 123 milyard dolların böyük hissəsi şəxsi arzuların reallaşdırılmasına sərf olunub. Məhz bunun nəticəsidir ki, ölkədə milyarderə çevrilmiş məmurlar ordusu var. Heç kimə sirr deyil ki, saysız-hesabsız villalar, holdinqlər, avtomobillər, banklar əməkhaqqıyla əldə olunmur. Neft pullarının görünən tərəfi yalnız binaların üz qabığının yenilənməsi, nazirliklərə dəbdəbəli binaların tikilməsi, istismar müddəti bitməmiş dağılan yolların çəkilməsi, ölkədə mənasız tədbirlərin keçirilməsi, ölkə xaricində xeyriyyə marafonları təşkil edilməsidir. Rəsmi məlumata görə təkcə yol-nəqliyyat sisteminə 25 milyard, regionların inkişafına 36 milyard dollar pul xərclənib. Nəticə isə budur ki, regionlarda həyat əlaməti yoxdur, insanlar qazanc məqsədiylə paytaxta və ölkə xaricinə üz tuturlar, nəqliyyatv sistemi intellektual idaretmə sisteminə keçid edə bilmədi, kənar qəsəbə və kəndlərin yolları bərbad vəziyyətdədir. Hətta paytaxtın əksər qəsəbələrində bugün də yol, su, kanalizasiya sistemi, qaz xətti yoxdur. Yəni, 123 milyard dolları əritdikdən sonra ölkəni qonşu Gürcüstandan, düşmən Ermənistandan da pis vəziyyətə saldılar. Ən azı hər iki qonşu ölkədə əməkhaqqı Azərbyacandan çoxdur. Amma 123 milyard dolları əritməklə də kifayətlənmədilər. Qiymətlər kəskin bahalaşdı, yüksək kredit faizləri əhalinin belin bükdü, təhsil haqları, kommunal xərclər artdı və xalqa “böhran” hədiyyə edildi.

Beləliklə, 123 milyard dollar neft pulunun nə adı, nə də dadı xalqın olmadı. Hamı başa düşdü ki, dövlətin sərvəti bir qrup adamın şəxsi malına çevrilib və bu sərvətin sadə vətəndaşa aidiyyatı yoxdur. Əgər neft pullarının sadə vətəndaşa aidiyyatı olsaydı, 2107-cil ildə minimum əməkhaqqı 116 maant olmazdı, yaxud insanlar hər gün intihara can atmazdı. Zaman göstərdi ki, qara qızıl qara qüvvələrin əlinə keçəndə ölkəyə ağ günlər gəlmir. Faktiki olaraq qara qızıldan gələn milyardlar sayəsində harınlayan qüvvələr başqa xəyallara düşdülər və xəyallar ölkəni avtoritarizm bataqlığına saldı. Daha kobud ifadə etsək, 123 milyardlıq sərvət ölkəni səfalətə sürüklədi. Bir qrup adam “milyardlar bulağı”nın qabağını kəsdi və 9 milyonun taleyi Allahın ümidinə buraxıldı. Ona görə də Neft Fondunun bu açıqlamasını uğur kimi yox, uğursuzluq kimi təqdim etmək lazımdır. Əgər ölkəyə bu qədər vəsait gəlməsəydi, bütün sahələrdəki tənəzzülə bəraət qazandırmaq olardı. Amma bu qədər vəsaitin qarşılığında heç bir sahədə uğur olmaması, səriştəziliyin, bacarıqsızlığın, xaqa qarşı düşmənçiliyin, dövlətə sahib çıxmamağın göstəricisidir. Bir daha aydın olur ki, ölkənin bu vəziyyətə düşməsi nə neftin qiymətindən, nə də qlobal böhrandan asılı olub. Əsas səbəb budur ki, ölkəni “böhran hökuməti” idarə edib və ən gözəl fürsətlər məqsədli şəkildə məhv edilib.
 

İlham

Azadliq.info

10:01