“Word” proqramına süni intellekt tətbiq edilib

“Microsoft” şirkəti “Office 365” paketinə daxil olan “Word” proqramı üçün “Korrektor” panelini təqdim edib. Paneldə süni intellekt texnologiyaları tətbiq olunur. Bu, qrammatik səhvləri düzəltməklə yanaşı, həm də mətnin üslubiyyatının yaxşılaşdırılması üçün istifadəçilərə kömək etməyə imkan verir.

Xudaferin.eu AZƏRTAC-a istinadla xəbər verir ki, “Korrektor” paneli “Word” proqramındakı “Yazı qaydaları” funksiyası kimi işləyir və yazı üslubunun təkmilləşdirilməsi üzrə təkliflər siyahısı təqdim edir. Məsələn, “maybe” və “basically” (“ola bilər” və “əsasən”) sözlərini mənanı itirmədən silmək mümkün olarsa, onlar “şübhəli” kimi işarələnir.

İlk baxışda alqoritm sadə görünür, lakin “Word” yalnız müəyyən siyahıdan sözləri tapmır. Məsələn, really (“həqiqətən”) sözü “həqiqətən yaxşı” mənasında işləndiyində işarələnir. Bu halda, sadəcə “yaxşı” yazmaq daha uyğundur və “Word” bunu “məsləhət görür”. Əgər müəllif “Həqiqətən?” sualını verərsə, proqram anlayacaq ki, bu sözü başqa sözlə əvəz etmək mümkün deyil və daha başqa təklif irəli sürməyəcək.

“Korrektor” paneli standart orfoqrafiya panelində yer alıb və F7, yaxud kontekst menyusunda vurğulanmış sözün üzərinə basmaqla istifadə olunur. “Word” potensial qrammatik səhvləri ikiqat göy xətlə, üslub çatışmazlıqlarını isə sarı punktirlərlə (qırıq xətlərlə) qeyd edir.

“Office” və “Microsoft”un digər məhsullarının istehsalçıları son zamanlar intellektual alqoritmlərə əsaslanan funksiyaları fəal tətbiq edirlər. Belə ki, 2014-cü ildə “Skype”da neyroşəbəkə texnologiyası əsasında danışığın avtomatik tərcüməsi meydana çıxmışdı. 2016-cı ildə isə “Office” proqramına lüğət tərifləri və ensiklopedik arayışları tapan “İntellektual axtarış” funksiyası əlavə olunub.

Xudaferin.eu

17:45