Türk Dünyası Vakfının sədri Adnan Tekşenlə Səməd Vuröun Muzeyində görüş

 

Görkəmli Azərbaycan şairi Səməd Vurğunun mənzil-muzeyində Yunus Əmrə İnstitutunun birgə dəstəyi və təşkilatçılığı ilə Türk Dünyası Vakfının sədri Adnan Tekşen ilə görüş keçirilib. Muzeyin direktoru Nüşabə Babayeva-Vəkilova Türkiyə-Azərbaycan dostluğunun əzəli-əbədi köklərindən danışıb. Vaxtilə gənc S.Vurğunun Tofiq Fikrət, Namiq Kamal, Mehmet Emin və digər türk şairlərinin yaradıcılığı ilə yaxından tanış olduğunu, onların yaradıcılığından bəhrələndiyini bildirib. N.Babayeva-Vəkilova S.Vurğunun sonralar böyük türk şairi Nazim Hikmətlə dostluğu, qardaşlığı haqqında məlumat verib.

Azərbaycan ziyalıları ilə belə bir ocaqda görüşdən məmnun olduğunu bildirən Adnan Tekşen ortaq mədəniyyətləri paylaşan, dünya mədəniyyətinə dəyərli incilər bəxş edən Türkiyə-Azərbaycan ədəbi əlaqələrindən söhbət açıb. O, müfəssəl araşdırma xarakterli, “Dünya və türk mədəniyyəti” mövzusunda geniş mühazirə ilə çıxış edib. Diskussiya şəklində davam edən görüşdə Yunus Əmrə İnstitutunun direktoru İbrahim Yıldırım, filologiya elmləri doktorları Rüstəm Kamal, Aslan Salmansoy, Yeganə Nerhmətulla, şairlər Zaməddin Ziyadoğlu, Zərəngiz Qayalı, Bakı Dövlət Universitetinin müəllimləri Məti Osmanoğlu, İradə Musayeva, yazıçılar Nəriman Əbdülrəhmanlı, Şəfa Aslan və başqaları türk və Azərbaycan ədəbiyyatının son 70 illik inkişafından söhbət açıblar.

Türkiyəli qonaq tədbirin təşkilatçılarına və iştirakçılarına, minnətdarlığını bildirib, Azərbaycan xalqına uğurlar arzulayıb.

Xudaferin.eu

09:59