Özbək şagirdlər “Odlar yurdunun naxışları” ilə tanış olublar

 

Daşkənddəki 110 saylı məktəbin 6-cı sinif şagirdləri Azərbaycan Kültür Mərkəzindəki “Azərbaycan-Özbəkistan Dostluğu Muzeyi” və “Odlar yurdunun naxışları” adlı xalça sərgisi ilə tanış olublar. Mərkəzin əməkdaşı Kifayət Pirməmmədova Azərbaycan kültürü və incəsənəti haqqında ətraflı məlumat verib.

K.Pirməmmədova qeyd edib ki, hazırda ölkəmizdə təhsilə böyük diqqət yetirilir, yeni məktəblər tikilir və ya yenidən qurulur, təhsil ocaqları kompüterləşdirilir. Həyata keçirilən layihələr və Azərbaycanın ənənəvi xalça sənətinin YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyini də vurğulayıb.

Tədbirdə Azərbaycanın xalça sənəti, onun qədim tarixi, ölkəmizin regionlarına xas olan xalçalar, onlarda əks olunmuş naxışlar və s. barədə ətraflı məlumat verilib. K.Pirməmmədova Qarabağ, İrəvan, Dərbənd, Quba, Naxçıvan, Qazax-Borçalı və digər ərazilərdə əllə toxunulmuş xalçalar haqqında da danışıb. Sərgidə Azərbaycan xalçaçılıq məktəbinə aid 20-yə yaxın qədim xalça nümayiş olunub. Şagirdlər Azərbaycan xalça sənətini özündə əks etdirən kitab sərgisinə baxıb, xalçaların əl ilə toxunulmasında istifadə olunan dəzgaha da maraqla tamaşa ediblər.

Xudaferin.eu

Özbəkistan, "Daşkənd Bürosu"

 

12:34