O, hər kəsin yaddaşında işıqlı bir iz qoyurdu...

 

Bakı Musiqi Akademiyasının professoru Aytəkin Həsənovanın xatirəsi “Əbədi işığa doğru” kitabının təqdimatı ilə anılıb

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytəkin Həsənovaya həsr olunan “Əbədi işığa doğru” kitabının təqdimatı və xatirə konserti keçirilib. Tədbirdə dövlət və hökumət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, Aytəkin Həsənovanın dostları, həmkarları, yaxınları iştirak ediblər.

Mərhum sənətkarın qızı Aytac Qasımova mərasimdə çıxış edərək anası ilə bağlı xatirələrini bölüşüb. Vurğulayıb ki, Aytəkin Həsənova ilk dəfə təmasda olduğu hər kəsin yaddaşında işıqlı bir iz qoyurdu. Anasının sənətinə, peşəsinə çox bağlı insan olduğunu, bütün həyatını musiqiyə həsr etdiyini, yaradıcılıq sahəsində böyük uğurlara imza atdığını, pedaqoji fəaliyyəti ilə gənc nəslin yetişməsinə töhfələr verdiyini diqqətə çatdıran Aytac Qasımova təqdimatı keçirilən kitabdan söz açıb, bu nəşrdə öz xatirələrini bölüşmək istəyənlərin çox olduğunu söyləyib. Konsertin Bakı Musiqi Akademiyasında keçirilməsinin rəmzi məna daşıdığını, anasının bu təhsil ocağının məzunu olduğunu deyən Aytac Qasımova, onun ömrünün sonunadək burada çalışdığını qeyd edib.

Törəndə çıxış edən Fərhad Bədəlbəyli deyib: “Mən istəməzdim ki, gecəmiz matəm xarakteri daşısın. Çünki Aytəkin xanım çox işıqlı insan idi. Onun səhhətində problemləri olsa da, heç vaxt şikayətlənməzdi. Aytəkin xanım bizim üçün nümunə idi. O, həm də gözəl pedaqoq idi, işə bayram əhvali-ruhiyyəsi ilə gəlirdi. Aytəkin Həsənova bu Üzeyir bəy ocağında ən parlaq şəxsiyyətlərindən biri idi”.

Mədəniyyət və İncəsənət Universitetinin rektoru, təqdimatı keçirilən kitabın redaktoru Fərəh Əliyeva qeyd edib ki, nəşrdə yer alan yazılar Aytəkin Həsənova haqqında səmimi fikirlərin ifadəsidir. “Ona baxanda əsilli-nəcabətli Azərbaycan xanımını görürdüm. Onun zərifliyi arxasında böyük güc dayanırdı. Bu, onun sənətinə məsuliyyətlə yanaşması idi”, - deyən Fərəh Əliyevanın sözlərinə görə, Aytəkin Həsənova haqqında yazılmış bu kitabda heç bir xarici not yoxdur. Çünki Aytəkin xanım özü də xarici notdan uzaq idi.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar incəsənət xadimi Kamilə Dadaşzadə bildirib ki, əslində bu kitabın əsasını Aytəkin xanım öz yaşam tərzi, amalı ilə qoyub. Kitabda yer alan məqalələrdə Aytəkin Həsənovanın xüsusiyyətləri səciyyələndirilib. Onun təkcə musiqidə deyil, incəsənətin bütün növlərində zəngin biliyə malik olduğu göstərilir. Daha sonra Aytəkin Həsənovanın vaxtilə ifa etdiyi konsertdən fraqment nümayiş olunub.

Qeyd edək ki, “Əbədi işığa doğru” kitabında yer alan yazılarda Aytəkin Həsənovanın dostları, həmkarları və yaxınları bir-birindən xəbərsiz olaraq onun haqqında “ay”, “nur”, “işıq” kimi metaforalar işlədiblər. Bu, təsadüfi deyil. Çünki bu gün də Aytəkin və ruhən ona yaxın olan insanlar arasında qəribə bir mənəvi bağlantı, işıq sürəti ilə yaranan bir sinerji mövcuddur.

Xudaferin.eu

09:02