Afinada anarxistlər Səudiyyə Ərəbistanının səfirliyinə hücum ediblər

Səudiyyə Ərəbistanının Afinadakı səfirliyinə Yunanıstanda fəaliyyət göstərən “Rubikon” qruplaşmasının üzvləri tərəfindən hücum edilib.

AZƏRTAC xəbər verir ki, anarxistlər motosikletlərlə səfirliyin önündəki köşkü dağıdıblar və diplomatik nümayəndəliyin ərazisinə yanan əşyalar atıblar. Onlar bu hərəkətlərini Səudiyyə Ərəbistanının Yəməni bombalamasına qarşı olduğunu bəyan ediblər.

Qeyd edək ki, bu il “Rubikon” qruplaşması bir neçə hökumət binasına girərək dağıntılar törədiblər. Noyabrın 17-də onlar Yunanıstan Milli Müdafiə Nazirliyinin Baş Qərargahının binasına daxil olmağa cəhd göstəriblər. Oktyabrda isə qruplaşmanın üzvləri İspaniyanın Yunanıstandakı səfirliyinə soxulublar. Yunanıstan siyasi partiyalarının liderləri anarxistlərin bu hərəkətlərinin qəbuledilməz olduğunu bildirərək tezliklə onların dayandırılmasını tələb ediblər.

İqbal Hacıyev

AZƏRTAC

19:19