Çexiyada işsizliyin səviyyəsinin aşağı olmasına baxmayaraq, inflyasiya davam edir

 

Çexiyada sentyabr ayında işsizliyin səviyyəsi əvvəlki ayla müqayisədə 4 faizdən 3,8 faizə enib. Əmək birjasında 284915 adam qeydiyyatdan keçib ki, bu da 1998-ci ilin mayından bu vaxtadək ən aşağı göstəricidir. İllərarası müqayisədə işsizliyin səviyyəsi 1,4 faiz azalıb. Vakant iş yerlərinin sayı isə, əksinə, həm illik, həm də aylıq müqayisədə artıb.

Əmək bazarında müəyyən canlanma müşahidə olunur ki, bu, mövsümi işlərlə və davam edən turizm dövrü ilə bağlıdır. “Eurostat” Avropa Statistika Xidmətinin hesablamalarına görə, Çex Respublikasında avqust ayında işsizliyin səviyyəsi Avropa İttifaqına üzv ölkələr arasında ən aşağı göstəricidir. İşsizliyin ən aşağı həddi – 1,2 faizlə Rıxnovo, 2 faizdən aşağı isə Praqa-Şərq (1,5 faiz) rayonunda qeydə alınıb. Ölkənin şimal-şərqində - Karvin dairəsində (8,9 faiz) və Mostets vilayətində (8,5 faiz) işsizlik ən yüksək həddə qalmaqda davam edir.

Analitiklərin gözlədiyi kimi, sentyabr ayında Çexiyada istehlak qiymətləri cari ildəki qiymətlərlə müqayisədə 2,7 faiz, avqust ayında isə 2,5 faiz artıb. Qiymətlərin artımı əsasən ərzaq məhsullarına təsir edib: məsələn, kərə yağı 55 faiz, digər yağlar 13,1 faiz, meyvə 2,4 faiz bahalaşıb. Yeyinti məhsulları ilə yanaşı, inflyasiya yaşayış yeri üçün kirayə haqqına (2,7 faiz) və bərk yanacağa (5,3 faiz) da təsir edib. Sənaye istehsalının sürəti 2017-ci ilin avqustunda illik müqayisədə 5,8 faiz artıb ki, bu da əvvəlki ayın göstəricisindən 3,3 faiz yüksəkdir. Tikinti sektorunda artım sürəti avqustda 1,9 faiz, iyulda 1,8 faiz çoxalıb.

Xudaferin.eu
“Avropa Bürosu”

09:23