Mötəbər tədbirlərin məkanı-Məhsəti Gəncəvi Mərkəzi

 

Gəncədə son illərdə milli mədəniyyətə olan ilginin sonucu olaraq, bir sıra yerli görkəmli şəxsiyyətlərə verilən yüksək qiymətin nədəni kimi yeni mədəniyyət mərkəzləri yaradılmışdır. Elə bununla yanaşı, həmin mədəniyyət mərkəzlərinin sayəsində Gəncədə bir çox mühim tədbirlərin məkanı olan, eyni zamanda şəhərimizin gözəlliyinə gözəllik qatan, möhtəşəm memarlıq abidələrindən biri olan Məhsəti Gəncəvi Mərkəzinin inşa olunması da məhz bunun əyani sübutudur. Məhsəti Gəncəvinin 900 illik yubileyinin keçirilməsi ilə bağlı imzalanan sərəncama əsasən 2013-cü ildə bu mədəniyyət ocağı  inşa olunub.

2013-cü ilin noyabr və dekabr aylarında Fransanın Reyms, Miluz şəhərlərində Məhsəti Gəncəvinin 900 illiyi münasibətilə keçirilən sərgi və konsertlərdən fotolar nümayiş olunur, şairənin həyat və yaradıcılığı, ədəbi irsi haqqında kitablar , milli musiqi alətləri, xalçaçılığa aid nəşrlər, intibah dönəminin xanımlarına xas milli geyim nümunələri sərgilənir.

Burada elmi-praktik konfransların, əhəmiyyətli layihələrin təntənəli açılış mərasimlərinin, gənclərin hərtərəfli inkişafına xidmət göstərən görüşlərin, fərqli janrlarda sərgilərin keçirilməsi Mərkəzin daha geniş tanınmasında mühüm rol oynayır. 2014-cü ildən istifadəyə verilən Mərkəz bu gün həm şəhər sakinlərinin, həm də turistlərin ən çox üz tutduğu məkanlardan biridir. Hər il yüzlərlə insan Mərkəzin qonağı olur, Azərbaycanının mədəniyyəti, ədəbiyyatı ilə yaxından tanış olur, qədim mədəniyyət mərkəzi Gəncə haqqında zəngin məlumat əldə edirlər.

Cəmilə Kərimova
Gəncə

 

 

10:56