Miras Jiyenbayev: Qazaxıstan Bakıda keçiriləcək COP29 konfransına hazırlığı böyük maraqla izləyir

Azərbaycan Qazaxıstan üçün dost ölkədir, bunu ən yüksək səviyyədə tez-tez baş verən təmaslar təsdiqləyir.

Bu barədə AZƏRTAC-a “Maqsut Narikbayev University” MIND elmi-analitik mərkəzinin xarici siyasət və beynəlxalq tədqiqatlar proqramının rəhbəri Miras Jiyenbayev bildirib.

O vurğulayıb ki, hər iki ölkə türk dünyasının tarixi və müasir inkişafı ilə bağlı oxşar baxışları bölüşür.

“Ölkələrimizi təkcə ümumi tarix və mədəniyyət deyil, həm də mühüm iqtisadi perspektivlər birləşdirir. Qazaxıstan və Azərbaycan müxtəlif sahələrdə, o cümlədən enerji, nəqliyyat və innovasiyalarda fəal əməkdaşlıq edirlər”, - deyə Jiyenbayev qeyd edib.

Ekspert bildirib ki, Qazaxıstan Bakıda keçiriləcək COP29 konfransına hazırlığı böyük maraqla izləyir və bu mühüm beynəlxalq tədbirdə ən yüksək səviyyədə fəal iştirak etməyə hazırdır.

“Biz bu mühüm tədbirin Bakıda keçirilməsi ilə əlaqədar gündəmlə bağlı azərbaycanlı qardaşlarımızla konstruktiv şəkildə qarşılıqlı fəaliyyət göstərməyə hazırıq”, - deyə o əlavə edib.

İkitərəfli münasibətlərin perspektivlərindən danışan ekspert onların daha da möhkəmlənəcəyinə əminliyini bildirib. “Biz Azərbaycan və Qazaxıstanın yaxınlaşmasında mühüm və simvolik addımlar görürük. Məsələn, Azərbaycan lideri Astanada “ŞƏT+” formatında keçirilən görüşdə şəxsən iştirak edib, bununla da Qazaxıstana simvolik dəstək verib. Bu jest ölkələrimiz arasında qardaşlıq münasibətlərini və ikitərəfli dialoqun yüksək səviyyədə olduğunu nümayiş etdirir. Bundan əlavə, o, “ŞƏT+” çərçivəsində Qazaxıstan təşəbbüslərini dəstəkləyərək, bu misilsiz qarşılıqlı etimad səviyyəsini çoxtərəfli formata keçirməyə hazır olduğunu nümayiş etdirir”, - deyə o vurğulayıb.

Elşən Rüstəmov

Xudaferin.eu

16:05