Kore yarımadasında münaqişə yüz minlərlə insanın ölümünə səbəb ola bilər

 

Əgər Kore yarımadasında silahlı münaqişə başlasa, hətta nüvə silahı istifadə edilməsə belə, ilk günlərdə yüz minlərlə insan həlak ola bilər.

Bu yöndə məlumatlar  ABŞ Konqresinin Tədqiqat Xidmətinin məruzəsində yer alıb. Hesablamalara görə, əgər KXDR münaqişə zamanı adi silahlardan istifadə etsə, müharibənin ilk günlərində 30 min nəfərdən 300 min nəfərədək insan ölə bilər. Analitiklər mümkün itkiləri hesablayan zaman sərhəddə Quzey Korenin çox sayda artilleriya qurğusunun cəmlənməsini nəzərə alıblar. Belə ki, onlar Güney Kore ərazisinə dəqiqədə 10 min mərmi ata bilər. Tədqiqat xidmətində hadisələrin kəskin inkişafını, münaqişəyə Çin, Rusiya və Yaponiyanın, hərbi əməliyyatların uzanacağı təqdirdə isə ABŞ-ın cəlb olunacağını proqnozlaşdırırlar.

“Quzey Korenin nüvə, bioloji və ya kimyəvi silahdan istifadəsi ilə davam edən uzunmüddətli münaqişə külli miqdarda itkilərə səbəb ola, həmçinin Yaponiya və ABŞ ərazisinə zərər vura bilər”, - deyə məruzədə vurğulanır.

Xatırladaq ki, Kore yarımadasında vəziyyət KXDR-in raket-nüvə proqramının son zamanlar aktivləşməsi səbəbindən ciddi surətdə gərginləşib. Belə ki, sentyabrın 3-də Pxenyan hidrogen döyüş başlığının uğurlu sınağı barədə bəyanat yayıb. BMT Təhlükəsizlik Şurası bu səbəbdən Quzey Koreyə qarşı beynəlxalq sanksiyaları kəskin şəkildə sərtləşdirib.

Xudaferin.eu
“Uzaq Doğu Bürosu”

09:36