“Kəlağayı” kitabı təqdim olunub

 

Azərbaycan Xalça Muzeyində “Kəlağayı” kitabının təqdimatı keçirilib. Əvvəlcə bu unikal sənət növünün tarixini və Azərbaycan xalqına məxsusluğunu əks etdirən videoçarx nümayiş olunub. Tədbirdə Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova çıxış edərək kəlağayının tarixindən danışıb. Vurğulanıb ki, milli qadın geyiminin qədim atributu hesab olunan kəlağayı özündə ümumbəşəri mənalar daşıyan bir-biri ilə bağlı anlayışlar aləmini əks etdirir. Kəlağayının əsrlər boyu təkmilləşdirilmiş estetik qanunlara tabe olduğunu deyən Ş.Məlikova onu Azərbaycan mədəniyyətinin müstəsna və unikal qatı kimi xarakterizə edib. Diqqətə çatdırılıb ki, zəngin mədəniyyətimizin bir parçası hesab olunan kəlağayı 2014-cü il UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş xalqımıza məxsus ənənəvi ipək qadın baş örtüyüdür. O, hər qadın üçün xüsusi olaraq yaradılan, tayı-bərabəri olmayan valehedici örpəkdir. Qeyd olunub ki, kəlağayının fabriklərdə deyil, qədim əl əməyinə əsaslanması, kustar üsulla hazırlanması onun ornamental gözəlliklərini bir daha önə çəkir. Kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlığını bildirən muzeyin direktoru bundan sonra da milli mədəni xəzinəmizin tərkibinə daxil olan hər bir mirasa sahib çıxmağımızın vacibliyini qeyd edib.

Bildirilib ki, müəllifləri Rəna İbrahimbəyova, Cəlil Tarverdiyev və Zəhra Müller Tarıverdi olan “Kəlağayı” kitabı bu sahədə mövcud boşluqları müvafiq məlumatlarla doldurmaq xarakteri daşıyır. Müəlliflər kəlağayı istehsalı və bu sənətin öyrənilməsi sahəsində uzun illər ərzində topladıqları bilik və təcrübəni bu kitab vasitəsilə oxuculara bölüşürlər. Tədbirdə çıxış edən digər qonaqlar kitabın əhəmiyyətindən, kəlağayı sənətinin tarixindən danışıblar.

 

Xudaferin.eu

 

13:21