İspaniyanın Baş naziri Kataloniya parlamentinin buraxıldığını elan edib

 

İspaniyanın Baş naziri Mariano Rahoy Kataloniya parlamentinin buraxıldığını elan edib. O eyni zamanda, vilayətin bütün rəhbərliyini istefaya göndərib.

Kataloniya parlamenti "müstəqillik haqqında" qərar qəbul etdikdən sonra, İspaniyanın Baş naziri Nazirlər Kabinetinin təcili iclasını çağırıb. İclasda Mariano Rahoy ölkə konstitusiyasının 155-ci maddəsini rəhbər tutaraq Kataloniyanın parlamentini buraxıb, hökumətini, o cümlədən Karles Puçdemonu vəzifədən kənarlaşdırıb. Kataloniya parlamentinə növbədənkənar seçkilər dekabrın 21-nə təyin olunub.

Mariano Rahoy Kataloniya parlamentinin qərarını cinayət əməli adlandırıb

Kataloniya parlamentinin müstəqillik elan etməsi cinayət əməlidir. Bunu İspaniyanın Baş naziri Mariano Rahoy senatda keçirilən səsvermədən sonra jurnalistlərə bildirib. İspaniya senatı (parlamentin yuxarı palatası) Kataloniya böhranının tənzimlənməsinə dair hökumətin təkliflərini qəbul edib. Parlamentdə səsvermə zamanı senatorların böyük əksəriyyəti Madridin mövqeyini dəstəkləyib. Bu qərar Kataloniya hökumətinin kənarlaşdırılmasını və altı ay ərzində regional parlamentə növbədənkənar seçkilər keçirilməsini nəzərdə tutur. Həmin vaxtadək region hökumətinin funksiyalarını mərkəzi hakimiyyətin nümayəndələri icra edəcəklər. Senatda keçirilən səsvermədən bir saat əvvəl isə Kataloniya parlamenti İspaniyadan müstəqilliyin elan olunması haqqında qətnamənin lehinə səs verib. “Kataloniya parlamentinin bu gün qəbul etdiyi qərar qanuna ziddir və cinayət əməlidir”, - deyə Mariano Rahoy bəyan edib. O, kataloniyalıları əmin edib ki, “hər şey yaxşı, mülayim və effektiv olacaq”.

Baş nazir: Kataloniyada qanunçuluq bərpa olunacaq

İspaniyanın Baş naziri Mariano Rahoy Kataloniyada qanunçuluğun bərpa olunacağını vəd edib. Mariano Rahoy regional parlamentin müstəqillik elan olunması haqqında qətnamə qəbul etməsindən dərhal sonra öz Twitter səhifəsində belə yazıb: “Mən bütün ispaniyalıları sakitliyə çağırıram. Hüquqi dövlət Kataloniyada qanunçuluğu bərpa edəcək”.

Xudaferin.eu
“Avropa Bürosu”

09:34