İndoneziyada neft quyusunda baş verən partlayış nəticəsində həlak olanların sayı 18-ə çatıb

İndoneziyanın Açex əyalətində neft quyusunda baş vermiş partlayış nəticəsində həlak olanların sayı 18-ə çatıb, 40 nəfər isə ağır xəsarətlərlə xəstəxanalara yerləşdirilib.

Xudaferin.eu “Kompas” portalına istinadla xəbər verir ki, partlayışın baş verdiyi Pasir Putix kəndində axtarış-xilasetmə işləri davam etdirilir. Bununla yanaşı, həlak olanların sayının artacağı da istisna edilmir. Artıq bir sutkadan çoxdur ki, yanğınsöndürənlər alovun qarşısını ala bilmirlər. Bu ərazidə bir neçə ev yanıb.

Yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, lisenziyasız fəaliyyət göstərmiş şirkətin sahibini hələ də dəqiqləşdirmək mümkün olmayıb. “Ətraf mühitin mühafizəsi forumu” qeyri-hökumət təşkilatı nümayəndələrinin bildirdiyinə görə, onlar 2012-ci ildən bəri hökumət orqanlarından həmin ərazidə qeyri-qanuni neft çıxarılmasını dayandırmağı tələb edirlər. Çünki belə fəaliyyət ətraf mühitə böyük ziyan vurur. Təşkilat üzvlərinin bildirdiyinə görə, 2016-cı ildə Açex əyalətində iki belə hadisə baş versə də xəsarət alanlar olmayıb.

Hadisədən dərhal sonra qəzanın səbəblərini araşdırmaq üçün İndoneziya Ətraf Mühit və Meşə Təsərrüfatı Nazirliyi tərəfindən əraziyə xüsusi komissiya göndərilib.

Xudaferin.eu

14:57