İndi Trump hansı iranlılara qulaq assın?

“Azadlıq Radiosu”nun müxbiri Golnaz İsfəndiyari yazır ki, Amerikada yaşayan 35 nəfər tanınmış iranlı yeni prezident Donald Trumpa müraciət edərək onu dünya gücləri ilə Tehran mollakratiya rejimi arasında imzalanmış nüvə sazişini qoruyub saxlamağa, İranla münasibətlərdə “sanksiyalardan yox, diplomatiyadan” istifadə etməyə çağırıb. Onların yazdıqları məktubda deyilir ki, sazişdən imtina edilməsi ABŞ və İranı yenidən müharibə təhlükəsi qarşısında qoya bilər. Lakin bu məktubdan öncə 30 iranlının başqa məktubu olub. Həmin məktubda iranlılar Trumpı Tehrana münasibətdə sərt siyasət yürütməyə və İranda hakimiyyətin devrilməsi məqsədilə yeni sanksiyaların tətbiqinə çağırıblar. Maraqlıdır ki, 18 ay bundan əvvəl imzalanmış nüvə sazişi ABŞ-da və İranda davakarları və mühafizəkarları, habelə İsraili narazı salıb. Özünün seçki kampaniyası zamanı Donald Trump İranla bağlanmış sazişi “ən pis sövdələşmə” adlandırıb və deyib ki, bu sənədi ləğv etmək onun prezident kimi görəcəyi “ilk iş” olacaq. Vəzifəsini başa vurmaqda olan prezident Barack Obama isə bildirir ki, bu saziş ona Tehranın hətta əməl etməyəcəyi təqdirdə belə İranın nüvə silahı yaradılmasına gedən yolunu 2-3 aydan 1 ilədək uzadır.

O da qeyd olunmalıdır ki, nüvə sazişini Birləşmiş Ştatlar və İrandan başqa, həm də Rusiya və Çin, habelə Avropa İttifaqı, Fransa, Almaniya və Böyük Britaniya imzalayıblar. Nüvə sazişini saxlamaq üçün müraciət etmiş iranlıların arasında yazıçı-tarixçi Ervand Abrahamian, sosioloq Asəf Bayat, rəssam Şirin Neşat və bestseller yazıçısı Firuzə Dumas var. Onlar əmindirlər ki, İrana qarşı sanksiyalar və hədələr yalnız və yalnız bu ölkədəki sərt xətti-hərəkət tərəfdarlarının mövqeyini möhkəmlədir. Bu qüvvələr İranın Qərbə istənilən açılımının əleyhinədirlər.
Məktubda deyilir ki, milyionlarla iranlı öz hökumətlərinin qərarları ilə razı olmasa da, xalq Iranla nüvə sazişini alqışlayıb. Hazırda Birləşmiş Ştatlar raket texnologiyaları və başqa silahlar, beynəlxalq terrorizm və insan haqları pozuntuları ilə bağlı İran üzərindəki sanksiyaları saxlayıb. Trumpı Tehrana münasibətdə sərt mövqe sərgiləməyə çağıran məktubu imzalayanların arasında isə keçniş siyasi məhbus, İran hakimiyyətinə qarşı 1999-cı il tələbə üsyanının lideri Əhməd Batebi və Kiosk qrupunun solisti Ərəş Sübhani var. Bu məktubda İranla saziş “fəlakət” adlandırılır və İran,İslam Dövləti təşkilatı ilə müqayisə edilir. Məktub müəllifləri iddia edirlər ki, İŞİD və Tehran rejimi eyni medalın iki tərəfidir. Məktub müəllifləri yeni ABŞ administrasiyasını Xomeyni rejimini devirmək istəyən demokrat iranlıları dəstəkləməyə çağırırlar. İranın özündə isə mühafizəkar “Sobh-e No” qəzeti sözü gedən məktubu imzalayanları “xəyanətkar” adlandırıb.

Azadliq.org

13:29