“Eurovision” təmsilçimiz: “Onların yalançılığı, qeyri-səmimiliyi məni yandırır”

““Dəli hisslər” mahnımı təqdim etdim. Ilk aranjemanını bəyənməmişdim, yenidən etdirdim. Bütün dəlicəsinə sevə bilənlərə həsr olunub. Sizi dəlicəsinə sevənləri həyatınızdan buraxmayın” bəstənin sloqanıdır”.

Bu sözləri musavat.com saytının suallarını cavablandıran müğənni Səbinə Babayeva yeni yaradıcılıq işlərindən danışarkən deyib. O, son zamanlar şou-biznesdəki qalmaqallara da toxunub:

“Mən qalmaqallara əhəmiyyət vermirəm.  paxıllıq çəkmirəm. Mənim həyat fəlsəfəm başqadır. Allah mənə nəyisə qismət edəcəksə, o mənim olacaq. Onu kimsə ala bilməz. Mən sakit insanam, öz işlərimi görürəm, özümə yeni layihələr arzulayıram. Kimsə kimisə qırır, yeyir. Bu qalmaqallar insanları bezdirir. Kiməsə də xeyir gətirməyib”.

- Müğənnilərin hansı addımı tamaşaçını qıcıqlandırır?

- Qeyri-səmimilik tamaşaçını qıcıqlandırır. Mən müğənni olmaqla yanaşı, həm də tamaşaçıyam. Deyirlər ki, Azərbaycan telekanallarına baxmırıq.  Mən onlardan deyiləm, izləyirəm. Mənə maraqlıdır ki, həmkarlarım nə edib? Nə oxuyub? Bu işin içindəsənsə, izləməlisən. Sosial şəbəkələrdə də izləyirəm. Müğənnilərin yalançılığı, qeyri-səmimiliyi məni yandırır”

- Son illə yazılan mahnıların əksəriyyəti sevilmir və ya anlıq sevilir. Daha sonra isə unudulur. Bunun səbəbi nədir?

- Bizim Azərbaycan estradası var. Amma son zamanlar mahnılarımız ərəb mahnılarına bənzəyir. Bizim Vaqif Gerayzadə, Eldar Mansurov, Faiq Sücəddinov, Cavanşir Quliyevimiz var. Onlar hara yoxa çıxıb? Nə qədər “şıkıdı-şukudu” mahnılara qulaq asacağıq? Toy mahnıları sənəti üstələyib. Mən toya pis baxmıram, incəsənətimizin bir qoludur. Amma toyu incəsənətə tac kimi qoymaq düz deyil. Estrada musiqimizi pozmasınlar”.

musavat.com

17:02