Elşən Böyükvənd: “30 milyonluq bir xalqın ana dilində bir qəzeti belə, yoxdur”

Çağdaş Güney Azərbaycan ədəbiyyatının ünlü simalarından biri Elşən Böyükvənd Uluslararası “PEN” Yazıçılar Birliyinə məktubla müraciət edib. Məktubda qeyd olunur ki: “İran coğrafiyasında yaşayan 30 milyondan çox Türklərin bircə qəzeti belə yoxdur. Bu dildə yazıb-yaradan yazıçı və şairlərin aylıq ədəbiyyat dərgisi çap etməyinə İran İslam Respublikasının siyasi atmosferi və təhlükəsizlik qüvvələri icazə vermir".

Həmin məktubu olduğu kimi dəyərli oxucularımıza sunuruq: 

Biz haralıyıq ?

Dəyərli “Uluslararası PEN Yazıçılar Birliyinin başqanı! Məni və başqa qələmdaşlarımı tanımamağınız normaldır. Siz Azərbaycan adı eşidəndə Qafqazın Güneyi və Xəzər dənizinin batısında yerləşən Azərbaycan Respublikasını, Türk dili və Türk milləti deyimlərini eşidəndə isə Türkiyə Cumhuriyyəti yadınıza düşür. Problem o vaxt, lap buruşub-qarışır ki, siz “Güney Azərbaycan”, “İran Türkləri”, “Azərbaycan Türkləri” və “İran Azərbaycanlıları” terminlərini eşidirsiniz. Bu kimlik yumağının pırtlaşıq düyünlərini necə açmaq olar ? Bir avropalı, yaxud amerikalıya öz kimliyimi necə izah edə bilərəm? Axı bu sual nə qədər çətin olsa da, sizə cavab verməli, özümü, dilimi və kimliyimi qısa cümlələrlə tanıtdırmağa çalışmalıyam.
“İran İslam Respublikası” yalnız fars dillindən və “ari irqi”nə mənsub olan toplumlardan oluşmayıb. İran coğrafiyasında fars dili ilə yanaşı, Türk, ərəb, kürd, bəluç və başqa dillər və toplumlar yaşayırlar.
Mənim ana dilim İranlı adlı bir ölkənin əhalisinin hardasa 40 % -ının ana dilidir (İranın keçmiş xarici işlər naziri Dr. Əli Əkbər Salehinin Türkiyə səfərində etiraf etdiyinə görə).  Ancaq, bu haqda dəqiq statistika yoxdur. İran dövləti türk, kürd, ərəb, bəluç və türkmən toplumlarının dəqiq sayını demir və mümkün qədər bu toplumların varlğını belə gizlədir. İndi siz soruşacaqsınız ki, yaxşı onda siz haralısınız ? Mən rəsmi olaraq İran adlı bir ölkənin vətəndaşıyam. İran coğrafiyasında yaşayan 30 milyondan çox Azərbaycan Türklərindən biriyəm.Yazdığm şeir, hekayə, esse və məqalələri Azərbycan Türkcəsində yazıram. Biz yaşadığımız coğrafiyanı dəqiq aydınlaşdırmaq üçün, buraya qeyr-rəsmi bir ad vermişik; “Güney Azərbaycan”.

Ana Dili və ədəbiyyatımızın vəziyyəti

Biz öz ana dilimizdə təhsil ala bilmirik. Dövlət bizim və başqa toplumların Ana Dilini məktəblərdə tədris etməkdən imtina edir. Biz öz uşaqlarımıza seçdiyimiz Türkcə adlara görə aylarca idarələrin dolanbaclarını dolanırıq, ora-bura baş çəkirik, min müsibətlə Türkcə adları rəsmi şəkildə uşaqların kimlik vəsiqəsinə yazdıra bilirik. İranın paytaxtı olan Tehrandan başlamış ölkənin quzey-batısında yerləşən beş əyalətlər demək olar ki,  Türk dilində danışır. Bu dil, Azərbaycan Respublikasında danışılan türkcə ilə eynidir və Türkiyədə danışılan Türkcə ilə azacıq fərqi var. Mən ana dilində yazıb oxumaqdan, okulda öz dilimi öyrənməkdən məhrum olmuş bir insanam. Heç bir müəllim görmədən, Ana dilimi 14 yaşımdan öyrənməyə başlamışam. Bakıdan İrana gətirtdirdiyim kitabların yardımı ilə bu dili öyrəndim, sevdim və yazdıqca vurğunluq odu ruhumu çulğaladı. Axı yazıçı, ana dilinin beşiyində yetişir, bişir.
İran coğrafiyasında yaşayan 30 milyondan çox türklərin bircə qəzeti belə yoxdur. Bu dildə yazıb-yaradan yazıçı və şairlərin aylıq ədəbiyyat dərgisi çap etməyinə İran İslam Respublikasının siyasi atmosferi və təhlükəsizlik qüvvələri icazə vermir. Yazıçı və şairlərimizin əsərlərinə İran Mədəniyyət Nazirliyi senzura tətbiq edir. Müəlliflərin əsərində keçən gözəl və doğma türkcə sözlərin yerini fars və ərəb sözləri ilə əvəz edir, qayçılayır və doğrayırlar. Onlar bizim dilimizi, kimliyimizi və düşüncəmizi öz senzura dəyirmanlarında üyütmək istəyirlər. Bütün bunlara baxmayaraq yazıçı və şairlər öz əsərlərini yazmağa davam edirlər. Yaraqları qələm ağırlığında və güllələri isə söz yumuşaqlığındadır.
Mən bu məktubu yazdığım zaman bir çox fikirdaş və qələmdaşlarım İran İslam Respubliksaının dustaqlarında çürümək və can verməkdədilər. Rəsul Rəzəvi, Ayat Mehrəlibəyli, Lətif Həsəni, Siyamək Mirzayi (yazıçı və şair) və başqaları ana dillərinin məktəblərdə tədris olunmasını istədikləri üçün həbs edilibdilər.
Əziz Uluslararası PEN Yazıçılar Birliyinin üzvləri! Murtəza Muradpur bu günləri aclıq aksiyasının 57-ci gününə ayaq qoyub. İran qanunvericiliyi əsasında onun məhkumiyyət müddəti başa çatmş olsa da, hələ də azadlığa buraxılmır. Murtəza Muradpur isə 57 gün aclıq aksiyasi ilə dövlətlə sivil mübarizə dərsi keçir. Silahsız və döyüşsüz siyasi mübarizənin əlifbasını öyrədir. Onu Urmu gölünün quruması və Ana Dilinin məktəblərdə tədris olunmaması üçün etdiyi dinc və mədəni etirazlara görə həbs edilib. Saatlar, dəqiqələr və saniyələr keçdikcə Murtaza Muradpurun həyatı daha da qorxulu vəziyyətə düşür. Murtaza Muradpuru müdafiə etməyə və onun azadlğı üçün əlinizdən gələni əsirgəməyin.
Dəyərli Uluslararası PEN Yazıçılar Birliyinin başqanı! Əziz qələmdaşlar! Uluslararası PEN Yazıçılar Birliyinin əsasnaməsi çərçivəsində qurmaq istədiyimiz “PEN” təşkilatına İranda yaşayan, Türkcə yazıb-yaradan yazıçı və şairlər bu quruma müsbət münasibət göstərməkdən çəkinirlər. Onlar illərlə zindanda yatmaq, işgəncələr altında qalmaq və bütün ictimai-iqtisadi hüquqlarından məhrum olmaq istəmirlər. Ancaq, bütün bunlara baxmayaraq bir neçə vicdanlı müəlif, iranda yaşayan Türk kökənli yazıçılar üçün müstəqil və azad bir “PEN” qurmağın fikrindədilər. Buna görə, bizlər siz ingilis “PEN”, Amerika “PEN” və “İnternational PEN” təşkilatlarının yardımı və dəstəyinə ehtiyacımız var.
Dəyərli oxucular və əziz PEN üzvləri! Bu məktubu yazarkən, mənə və başqa qələmdaşlarıma yaranacaq bütün təhlükələri göz önünə almışam. Ancaq, mənim və başqa qələmdaşlarımın yoluna böyük şarimiz Nazim Hikmətin bu misrası işıq çiləyir, bizə güc və inam bəxş edir.

Mən yanmasam,
sən yanmasan,
biz yanmasaq.
Necə çıxar
qaranlıqlar aydınlığa ?

17:39