Elman Mustafazadə: "Yalançı patriotlara inanmayın, sevgili soydaşlarım!!!"

Niderland Krallığında Türklərə olan münasibət necədir?

Azərbaycan mediasının bu qədər yalan, palan, saxta uydurmalarına vallah adam oturub ağlamaq istəyir. Niderlandla bağlı bəzi gerçəklikləri diqqətinizə çatdırıram əziz oxucular. Qoy adını “milli” qoymuş, əslində isə “milsiz” ve “duyğusuz” olan mediamız yenə də yalanlarını davam etdirsinlər. Mən özüm 27 ildir ailəmlə birlikdə Avropada yaşayıram. Hər millətdən yaxın dostlarım da var. Ancaq heç bir zaman Türk kimliyimi, Azərbaycan kökənli olmağımı danmadım. Bu, mümkün ola bilməz. Çünki insan ana- atasını seçmədiyi kimi, milli mənsubiyyətini də seçmək gücündə deyil. Bu Ulu Tanrıdan verilən müqəddəs qismətdir. Ancaq öz valideyinlərini və mənsub olduğun milllətini sevdiyin kimi, digər valideyinlərə və milllətlərə hörmət və məhəbbətlə yanaşmaq hər bir varlığın insani borucdur. İllərdir Avropanın elə bir dövləti olmayıb ki, orada fəaliyyət göstərməyim. Azərbaycanın dəyərli övladları ilə yanaşı, digər Avropa millətlərinin mehriban insanları ilə hər zaman birlikdə addımladım.   

Məhz Avropalı dostlarımın sayəsində arzuladığm layihələri həyata keçirə bildim. Azərbaycanın və özəlliklə də Qarabağ həqiqətlərini bütün Avropa millətlərinə çatdıra bildik. Avropanın hansı guşəsində Azərbaycan və Türkiyə davası gündəmə gəlibsə, hər zaman bizlər orada yer aldıq. Ancaq bununla yanaşı, onu da qeyd etməyi özümə borc bilirəm ki, Avropa xalqlarının bizlərə daim isti münasibəti olmasaydı, biz heç bir fəaliyyət göstərmək gücündə deyildik. Çünki qərblilər üçün insan faktoru əsas amil sayılır.

Böyük alman filosofu Hegelin belə bir deyimi var: “Qərbdə hər bir insan özünün fərdi azadlığı üçün mübarizə aparır. Toplu halında bu insanlara baxdıqda bəlli olur ki, bütün millət azadlıq mücadiləsinin içindədir. Şərqdə isə, bütün toplum bir nəfərin azadlığı üçün mübarizə aparır. Hətta onun iradəsinin şərtləri daxilində savaşa gedirlər. Şərqdə yalnız bir nəfər azad ola bilər. Bir nəfər azad fikrə və sözə sahibdir. Bir nəfər sərbəst şəkildə fikirlərini söyləyə bilər. Buna dövlətin və şəxsiyyətin avtoritarizmi deyilir.”

Dəyərli oxucularım, Avropada, yəni qürbətdə yaşayan hər bir soydaşımıza buranın insanları, eləcə də dövlətləri məhz bu faktorla münasibətlərini sərgiləyir.

Avropanın ən doğru-düzgün dövlət siyasətini yürüdən ölkələrdən biri Niderland Krallığıdır. Hətta orta əsr və sonrakı dönəm tarixə diqqətlə baxsaq, görərik ki, Niderland qatı mühafizəkar baxışlarla təqib olunan Fransa, Avstriya, İtaliya, Almaniya, Polşa, Çexiya, İngiltərə, İspaniya, Macarıstan, İsveç alimlərinə, sənət adamlarına daim qucaq açmış, onların əsərlərini belə, kütləvi şəkildə çap etməyə izin vermişdir. Bu gun 16 milyon yarım əhalisi olan Hollandiyada 3 mindən artıq, 180 ölkədən gəlmiş  irili- xırdalı millətlər və xalqlar qardaşcasına yaşamaqdadırlar. Bütün millətlər və xalqların dillərini, mədəniyyətlərini və dinlərini sərbəst yaşatmaq hüqüqu tanınır. Holland hökuməti bu yöndə bütün mədəni tədbirlərə dövlət büdcəsindən pul da ayırır. Niderlan Krallığında Türklər yerli Hollandlardan sonra həmişə sayca ikinci olmuşlar. Lakin son 15 ildə polyaklar ikinci oldular. Türklər isə sayca üçüncü olsalar da, ölkənin iqtisadiyatında samballı yer tuturlar. Hollandiyada hər hansı bir millətə, özəlliklə də Türklərə qarşı heç bir düşmənçilik siyasəti yoxdur. Uzun illər Amsterdamın meri Yehidi, Roterdamın meri isə Marokkodan olan ərəb olub. Vaxtilə Hollandiyanın dövlət katibi Türk xanım olub. Bu ölkənin polis orqanlarında bütün millətlərin nümayəndələri çalışır. Əgər bu polisləri milli mənsubiyyətə görə ayırsaq,  Türklərin sayı Hollandlardan sonra ikinci sırada yer alır. Holladiyada bütün dinlər sərbəstdir və hər bir toplum öz dini ibadət yerlərini yarada bilməkdə sərbəstdirlər. Ancaq son 15 ildə, Hollandiyada islam dininə bağlı radikal təriqətlər getdikcə çoxalmaqdadır. Ümumiyyətlə son 15 ildə təhsildə, səhiyyədə və hökumətdə Türklərin sayı sürətlə azalmaqdadır. Bunun əsas səbəbi isə heç şübhəsiz dini təriqətlərdir. Bu gün Hollandiyada islam dini bir neçə təriqətə bölünərək, ayrıca fəaliyyətdədir. Çox təəssüflər olsun ki, bu icmaların çoxu bəzən yerli qanunlara belə məhəl qoymurlar. Dəfələrlə təriqət səbəblərindən doğan cinayətlərin şahidi olmuşuq. Ümumiyyətlə dini təqiqətlər Türk toplumunu getdikcə uçruma aparmaqdadır...

Hollandiyada məscdlərin sayı heç də bu ölkədəki dönərxanaların sayından az deyil. Ancaq təəssüflər olsun ki, Türklərə bağlı bir elmi kitabxana belə yoxdur. Türklərin nəzarətində olan dini kitabxanalar və kitab mağazalarının sayı isə yüzlərcədir. Türk mədəniyyət mərkəzləri demək olar ki, getdicə yox olmaqdadır. Bunun əvəzində isə, Hollandiyanın şəhələrində Türkiyəyə və Türklərə bağlı “imam xətib okulları”, pansiyon tipli dini ocaqlar, islam dinini təbliğ və tədris edən internat məktəblərinin sayı isə istənilən qədərdir.

Hollandiyada 450 min nəfərdən çox Anadolu Türkü yaşamaqdadır.  Ancaq Hollandiyada universitetlərdə təhsil alan tələbələrin sayına görə Türklər bütün milli azlıqlardan geridə qalır. Hətta sayları 50 min nəfər civarında və Hollandiya vətəndaşı olan Arubalilar da tələbə sayına görə Anadolu Türklərindən öndədirlər. Bunun səbəbini gedin yağışdan sonra göbələk kimi artmaqda olan kooperativ məscidlərin imamlarından soruşun.
 

Hollandiyanın başkəndi Amsterdamda Türkiyə cümhuriyyətinin qurucusu, böyük öndər Mustafa Kamal Atatürkün adını daşıyan küçə, park və heykəl var. Burada bir acı gerçəyi demek məcburuyyətindəyəm. Hollandiyada yaşayan Türklərə bağlı bütün dini və təriqət yığıncaqlarında Cümhuruyyətin qurucusu, Mustafa Kamal Atatürk daim təhqir olunur. Artıq buna etiraz etmək belə mümkünsüz olubdur.  Ancaq yenə bütün məsuliyyətimlə bildirirəm ki, Hollandların bu ölkədə yaşayan milli azlıqlar arasında ən çox etibar etdikləri də elə Türk toplumudur və onların Türklərə qarşı heç bir fobiyasi da yoxdur.

Türkiyənin tarixində bu ölkənin illərlə qazandığı diplomatik uğurlara və dünyada getdikcə güclənməkdə olan mövqeyinə və imicinə başda AKP iqtidarı və onun şəriksiz lideri Rəcəb Tayyib Ərdoğanın vurduğu zərbələr qədər, hər hansı bir Türk düşməni bu təşəbbüslərdə bulunmamışdır!!!
 

Niderlandda Hollandların Türklərə olan sevgiləri, isti və səmimi münasibətlərinin sayı minlərlərlədir. Çünki Türk xalqı işgüzardır. Qanunları sevəndir. Onu öz yolundan sapdıran tək hədəf aşırı dərəcədə xurafatçılığa olan inancıdır. Bu inancı son 15 illik dönəmdə Türkiyədə AKP iqtidara gələndən sonra başlamış və bu bütün Avropa Türklərini əhatə etməkdədir. Baş örtüsü, məscidlərin sayının artırılması, dini xurafat AKP iqtidarının əsas silahı olduğuna görə, qürbətçi Türk soydaşlarımız da bilgisizlikdən və müəyyən qədər savadsızlıqdan AKP-nin yandaşı olmağı tərcih etmişlər. Çünki Vətəndə onların qoyub getdikləri doğmaları, yaxınları var. AKP isə onlara düz 15 ildir “işıqlı gələcək” vədlərinin moizəsini oxuyur. Hollandiya bütün dinlərə tolerantlıq nümayiş etdirdiyinə görə, yapılan camilərə, dini kitab mağazalarına görə kimsəyə bir söz demir. Heç onları təqiblərdə belə bulunmur.

Hollandiyanın son günlər AKP ilə qarşıdurmalara getməsinin gerçək səbəbi var. Bu, 2008-ci ildə AKP iqtidarının təşəbbüsü ilə, Türkiyədə seçki məcəlləsinin 78-ci qanununa olan dəyişikliklə bağlıdır. Həmin qanuna əlavə olunan maddədə açıq şəkildə belə qeyd olunub: “Seçki və ya referendum zamanı Türkiyədə rəsmi qeydiyyatı olan hər hansı bir siyasi partiya, qurum ölkə xaricində çalışan vətəndaşların arasında həmin dövlətlərdə təbliğatlar apara bilməz”. AKP iqtidarını təmsil edən nazirlərin, məmurların və yandaş qurumların Hollandiya, Almaniya və Avropanın digər dövlətlərində referendumla bağlı aparmaq istədikləri təbliğat təşəbbüslərinin qarşısı məhz bu qanuna görə alınıb. AKP iqtidarı və Ərdoğan bu gün Türkiyədəki qanunsuz əməllərini dünyanın istənilən dövlətində davam etdirə biləcəklərinə bu qədər naşıcasına inanırlar. Avropa, özəlliklə də Hollandiya məhz buna görə AKP-yə DUR dedilər!!!

Bütün bunlardan ibrət götürmək əvəzinə, AKP və onun lideri Ərdoğan dünyaya meydan oxumaqla ölkə daxilində növbəti spekulyasiyalara baş vurmağa başlayıblar. Bu, 16 aprel referendumunda prezidentə hüdudu olmayan səlahiyyətlərin verilməsinə “ƏVƏT” strategiyasından ibarətdir. Avropada yaşayan 8 milyonluq Türklər isə sandıqbaşına gedib “HAYIR” deməyi tərcih etmişlər. AKP-ni və Ərdoğanı əndişəyə salan da bu önəmli faktdır. 8 milyonluq seçicinin səsini oğurlamağa getdiklərində özləri tələyə düşdülər. Avropa onlara “Ana Yasanıza, seçki qanunlarınıza sayğılı olun” mesajını verdi. Özü də incə və zərif bir şəkildə. AKP isə hər dəfə olduğu kimi, bu yalnışlıqlarını düzəltmək əvəzinə, kibircəsinə Avropaya küfrlər oxumağa başladı. Eynilə öz ustadları Fətullah Gülən kimi. Saxtakarcasına yenidən yurdsevərliyə, patriotluğa baş vurmaqla milyonlarla insanları aldatmaq və dolayı yolla təhdid etmək marafonuna çıxıblar.

Çox dəyərli soydaşlarım, yalançı patriotlara inanmayın!!! Onları tək ilgiləndirən hüdusuz hakimiyyət, var-dövlətlərini və sərvətlərini daha da artırmaqdır. Türkiyəmizi diktatura rejimi ilə idarə etməkdir. 15 illik hakimiyyət düzəni bunu təsdiq edir. Demokratiyadan bu qədər qorxduqları və istəklərinə nail ola bilmədikləri üçün, Avropaya küfrlər yağdırırlar. Avropa dünyanın demokratiya məkanının alınmaz qalasıdır. Diktatorların ideyası və ya iddiaları burada keçilməz!!!...

Elman Mustafazadə

Avropada "Azərbaycanın Dostları Cəmiyyəti”nin sədri

23:53