“Dostluğun sehri” birinci Uluslararası Uşaq Rəsm Müsabiqəsi

Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda “Dostluğun sehri” adlı birinci Beynəlxalq Uşaq Rəsm Müsabiqəsinin yekun sərgisi keçirilib. Tədbiri Uşaq Yaradıcılıq Mərkəzinin direktoru Lalə Qəbi açaraq bildirib ki, “Multikulturalizm ili” çərçivəsində gerçəkləşən sərgi Təhsil Nazirliyi, Bakı Şəhər Uşaq Yaradıcılıq Mərkəzi, Azərbaycan Rəssamlar İttifaqı və Dövlət Rəssamlıq Akademiyasının birgə təşkilatçılığı ilə reallaşdırılıb. Sonra L.Qəbi müsabiqənin əhəmiyyətindən danışıb. Vurğulanıb ki, müsabiqədə Azərbaycan ilə yanaşı, Türkiyə, Ukrayna, Belarus, Moldova, Qazaxıstan, Bolqarıstan, Çexiya, Misir, Bosniya və Herseqovinadan olan gənc rəssamlar iştirak ediblər.

Bildirilib ki, sərgidə fırça ustalarının 200-dək əsəri nümayiş olunur. Müsabiqəyə 10 ölkədən 480 rəsm əsəri təqdim edilib. Əsərlərdən 90-ı birinci, ikinci, üçüncü, 26-sı isə həvəsləndirici yerlərə layiq görülüb. Daha sonra L.Qəbi sərginin keçirilməsinə göstərdikləri dəstəyə görə Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq Rəssamı Ömər Eldarova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyevaya, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynovaya, xalq rəssamları Fuad Salayevə və Arif Hüseynova təşəkkürünü bildirib. Sonda qaliblər mükafatlandırılıblar. Uşaq Yaradıcılıq Mərkəzinin bədii kollektivi dünya xalqlarının rəqslərindən ibarət “Dostluq çələngi” adlı kompozisiya ilə çıxış edib.

Xudaferin.eu

13:52