Azərbaycanın İsraildə yaşayan dostu

Deyir ki, "Bakıda doğulub böyümüşəm. Həyatımın ən əlamətdar günləri bu şəhərlə bağlıdır. Bu şəhərdə aşiq olmuşam, burada ailə qurmuşam. Onun hər qarışı mənə doğmadır, əzizdir. Elə olur ki, ildə üç dəfə Azərbaycana gedir, qoynunda gəzməkdən yorulmuram. Hər dəfə geri dönəndə, yenə də gözüm arxada qalır”...
 
Ciddi görkəmi, baxışları, geniş alnı, üz cizgiləri, səsinin ahəngi müdrikliyindən xəbər verir. Onu diqqətlə dinləyir, məqsəd və məramına bələd olmağa çalışırdım. Azərbaycan naminə gördüyü işləri sadaladıqca vəfalı, sədaqətli, ləyaqətli bir insanla həmsöhbət olduğumdan qürur duyurdum. Sizə zarafat gəlməsin, İsraildə həyta keçirdiyi tədbirlərin hər biri mahiyyətinə görə təqdirə, xüsusi tərifə layiqdir...
2008-ci ildən "İsrail Azərbaycan Beynəlxalq Asossasiyası”na rəhbərlik edir. Neçə illərdir ki, İsraildə Azərbaycanla bağlı müxtəlif bayram tədbirləri həyata keçirir. Hər il İsrailin bir şəhərində elmi-nəzəri konfrans, Qarabağla bağlı filmlərin, eləcə də kitabların təqdimatlarını təşkil edib. Xocalı soyqrımı ilə əlaqədar Yerusəlimlə Tələvivin arasında, "Prezident meşəsi” adlandırılan ərazidə 613 ağac əkdirərək oranı ziyarətgaha çevirib. Hər dəfə fevralın 26-da Azərbaycandan gələn qonaqların, o cümlədən İsrail rəsmilərinin iştirakı ilə orada anım günü keçirir. Eləcə də hər il may ayında İsrail və Azərbaycanın Respublika günlərini birləşdirərək hər iki ölkənin incəsənət ustalarının iştirakı ilə böyük bayram konsertləri təşkil edir. Onun səyi nəticəsində İsrailin Afula şəhəri Mingəçevirlə, Tirat Karmel Şamaxıyla, Kiryat Byalik İsmayıllıyla, Yokneam Qəbəlylə qardaşlaşa biliblər. Bütün bunlardan əlavə hər il payız aylarında Azərbaycandan çıxan, bu gün İsraildə yaşayan incəsənət adamlarının Bakıda görüşünü və ya konsertini təşkil edir. Bu il böyük Azərbaycan şairi Nəsiminin 650 illik yubileyi münasibəti ilə poeziya müsabiqəsi keçirib. Həmin yarışmada Kostya Vararu adlı doqquz yaşlı şair Qarabağ haqqında şeiri ilə qalib elan olunub və "Bakıya səyahət”lə mükafatlandırılıb...
 
 
Haqqında söhbət açdığım Lev Spivak 1962-ci ildə Bakı şəhərində dünyaya gəlib. 1979-cu ildə 1 nömrəli orta məktəbi bitirib. 1980-1985-ci illərdə indiki Azərbaycan Texniki Universitetində mühəndis mexanik ixtisasına yiyələnib. 1985-1988-ci illərdə Leytenant Şmidt adına zavodda mühəndis, 1988-1990-cı illərdə Məişət maşınları zavodunda konustruktor işləyib. 1990-cı ildən İsrailin Rehovot şəhərində yaşayır…
 
…Ömür-gün yoldaşı Ella xanım İsrail mətbuatında çalışır. Qızı Jenya ali təhsillidir. Bir neçə ildir ki, ailə qurub…
 
O, İsrailə gəldikdən sonra beş il bizneslə məşğul olub. Daha sonra bir il Tələviv Universitetində kompyuter proqramlaşdırılması ixtisasına yiyələnib. 1996-2008-ci illərdə müxtəlif şirkətlərdə proqramçı işləyib. Eyni zamanda kollecdə, universitetdə dərs deyib. Hazırda "İsrail Azərbaycan Beynəlxalq Asossasiyası”na rəhbərlik edir...
 
Gələcək planları çoxdur. Hər iki xalqın mehriban münasibətini qoruyub saxlamaq, yəhudi xalqını Azərbaycanın problemləri ilə tanış etmək, İsrail əhalisində Azərbaycana rəğbət yaratmaq onun əsas istəyidir. Səyahət etməyi xoşlayır. İndiyədək ABŞ-da, Kanadada, Avropanın bir sıra ölkələrində olub…
 
Deyir ki, "Azərbaycan inkişafa doğru irəliləyir. Bu məni çox sevindirir. Arzulayıram ki, Qarabağ probleminin həlli qansız-qadasız başa gəlsin. Ümumiyyətlə, Azərbaycan mənə dogma, azərbaycanlılar isə əziz insanlardır. Onların sevincini sevincim, kədərini isə öz kədərim bilirəm”…
 
Elman Eldaroğlu,
ABŞ, Miçiqan
 
xudaferin.eu

12:19