Azərbaycan hökuməti Berlin aksiyasının iştirakçılarını araşdırır

 

Bir müddət əvvəl Almaniyada Azərbaycanda insan haqlarının pozulmasına, repressiyalara son qoyulması, siyasi məhbusların azadlığa buraxılması tələbi ilə keçirilən aksiyada iştirak edən mühacirlərin yaxınlarına təzyiq olunur.
 

Bu haqda “Azadliq.info”ya Azərbaycanın Berlindəki səfirliyi qarşısında keçirilmiş sözügedən aksiyada iştirak etmiş şəxslərdən biri məlumat verib. Məlumatda bildirilir ki, “Biz qul deyilik!”, “Siyasi məhbuslara azadlıq!”, “Avropa, Azərbaycanda insan haqlarına biganə qalma!” kimi şüarların səsləndirildiyi aksiyada özəlliklə də Heydər Əliyevin heykəlinin aşırılması Azərbaycan hakimiyyətini qəzəbləndirib. O gündən etibarən aksiyada iştirak edən şəxslərin hər biri ilə bağlı araşdırmalar başlanıb.

“Hətta Almaniyadan deportasiya edilib Azərbaycana göndərilən şəxslər xüsusi yoxlanılır, onun həmin aksiyada iştirak edib-etmədiyi müəyyənləşdirilir. Aksiya iştirakçılarının Azərbaycandakı qohumları ciddi təzyiq altındadır. Onlardan birinin – İntiqam Xudiyevin ataşı polis şöbəsinə çağrıldıqdan 3 gün sonra dünyasını dəyişib”, – deyə məlumatda bildirilir.

Azadliq.info

09:34