ABŞ Əfqanıstanda hərbi kontingentini genişləndirmək istəyir

 

ABŞ Prezidenti Donald Trampın müşavirləri Birləşmiş Ştatların Əfqanıstanda hərbi strategiyasının dəyişdirilməsi ilə bağlı təkliflər hazırlayıblar. Bu təkliflərə hərbi kontingentin genişləndirilməsini, habelə Müdafiə Nazirliyinin səlahiyyətlərinin genişləndirilməsi daxildir.

“The Washington Post” qəzetinin yaydığı məlumata görə, plan Əfqanıstandakı ABŞ hərbi qulluqçularının sayını artıraraq hazırkı 8,4 min nəfərdən azı 11,4 nəfərə çatdırmağı nəzərdə tutur. Bununla yanaşı, həmin ölkədəki Amerika hərbi kontingentinin miqdarının müəyyənləşdirilməsi səlahiyyətinin Ağ evə yox, Pentaqona verilməsi təklif olunur. Bundan əlavə, nazirliyə “Taliban” yaraqlılarına qarşı aviasiyadan istifadə etməkdə daha çox səlahiyyət veriləcək. Trampın köməkçiləri, həmçinin əvvəlki administrasiya tərəfindən ABŞ hərbi müşavirlərinin Əfqanıstanda döyüş zonalarında hərəkətinə tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılmasını tövsiyə edirlər.

Tramp hələlik bu yeni strategiyanı təsdiqləməyib. Dövlət başçısının son qərarı NATO-nun mayın 25-də Brüsseldə keçiriləcək sammitinədək qəbul edəcəyi gözlənilir. Əgər o bununla razılaşarsa, onda ABŞ-ın Əfqanıstanda müharibə xərcləri bir qədər də artacaq. Hazırda bu ölkədəki kampaniya Vaşinqtona ildə 23 milyard dollara başa gəlir.

Xudaferin.eu
ABŞ, “Vaşinqton Bürosu”

10:02