ABŞ-da Ağ Evin qarşısında Güney Azərbaycan siyasi tutuqlularına dəstək aksiyası

ABŞ-da (Amerika Birləşmiş Ştatları) mühacirətdə yaşayan Güney Azərbaycan Milli Hərəkatının fəalları başkənd Vaşinqtonda Ağ Evin qarşısında Təbrizin mərkəzi həbsxanasında 61 gündür  aclıq aksiyasını keçirən Güney Azərbaycan Milli Hərəkatının gənc fəalı Mürtəza Muradpura dəstək aksiyası keçiriblər.

Güneyli fəallar əllərində "İranda Azərbaycan Türklərinə qarşı mədəni aparteid siyasətinə son qoyulsun" yazılmış plakatlar və İranda həbsdə olan Güney Azərbaycan Milli Hərəkatının milli fəallarının fotolarını tutublar.
Aksiyanın təşkilatçılarının bildirdiyinə görə, onların əsas məqsədi Birləşmiş Ştatlar hökumətinin diqqətini İranda Güney Azərbaycan məsələsinə, onların milli və mədəni hüquqlarının pozulması və güneyli fəalların qanunsuz yerə tutuqlanmaları məsələlərinə cəlb etməkdən ibarətdir. Birləşmiş Ştatlarda İranda Azərbaycan Türklərinin hüquqlarının müdafiəsi ilə məşğul olan fəallar Murtaza Muradpurun və digər siyasi tutuqluların sağlıq durumu ilə bağlı ciddi narahatlıq bildiriblər.
Qeyd edək ki, Güney Azərbaycanın başkəndi Təbrizdəki mərkəzi həbsxanada saxlanan Mürtəza Muradpur onun qanunsuz həbsi və azadlıq tələbilə ikinci aydır aclıq aksiyasını davam edirir. Onun qardaşı Fərdin Muradpur Amerikanın Səsinə müsahibəsində deyib ki, Mürtəza Muradpur tələbləri yerinə yetirilmədiyi təqdirdə aclıq aksiyasına son verməyəcəyini bildirib.
Onu da bildirək ki, ABŞ-da ölkə prezidentinin admnistrasiyası kimi tanınan Ağ Evin qarşısında Güney Azərbaycan siyasi məhbuslarına dəstək münasibətilə keçirilən mitinqə Nyu-York, Kaliforniya, Nyu Cersi, Boston, Arkanzas, Florida, Alabama, Kanzas, Montana, Kolorado, Oklahoma, Ohayo, Virciniya, Tennessi, Arizona, Texas, Luiziana, Corciya, Vayominq və digər iri şəhərlərində yaşayan Güneyli milli fəallar qatılmışlar.

Xudaferin.eu
ABŞ, “Vaşinqton Bürosu” 

16:19