85 yaşlı musiqi ocağı - Şuşa şəhər Niyazi adına Uşaq İncəsənət Məktəbi

 

Şuşa təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da musiqinin beşiyi kimi tanınır. Şəhər Azərbaycan musiqi mədəniyyətində iz qoyan bir çox dahilərin vətənidir. Təkcə Üzeyir Hacıbəylinin adını çəksək kifayət edər.

Elə bir şuşalı yoxdur ki, onun musiqi duyumu olmasın, musiqini sevməsin. Bu sevginin nəticəsidir ki, Azərbaycanda ilk musiqi məktəblərindən biri 1932-ci ildə Şuşada vokal ustası, böyük sənətkar Bülbülün təşəbbüsü ilə açılıb. Bu məktəbin məzunları sırasında tanınmış sənətkarlar - Süleyman Ələsgərov, Əşrəf Abbasov, Rauf Əliyev, Kamal Məmmədov, Kamal Abbasov və digər musiqi xadimlərimiz olub.

Bu fikirlər Beynəlxalq Muğam Mərkəzində noyabrın 10-da musiqi məktəbinin 85 illik fəaliyyəti münasibətilə keçirilən tədbirdə nümayiş etdirilən videoçarxda səsləndirilib.

Mərasimdə Mədəniyyət və Turizm Nazirliyinin elm, təhsil və gənclərlə iş şöbəsinin müdiri Yaşar Əliyev Şuşanın Azərbaycan musiqi mədəniyyəti tarixindəki mövqeyindən bəhs edib. 1992-ci ildə Ermənistan silahlı birləşmələrinin Şuşanı işğal etdikdən sonra musiqi məktəbinin fəaliyyətini Bakıda davam etdirdiyini deyən şöbə müdiri bu illər ərzində tədris ocağının xeyli istedadlı gənclər yetişdirdiyini bildirib. O deyib: “Bu gün Şuşa mədəniyyəti yaşayır və yaradır. Şuşa şəhəri həmişə xalqımızın qüdrətini, istedadını ifadə edən mərkəz olub”.

Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, şəhər uşaq incəsənət məktəbinin direktoru Mirkamil Ağamirov və başqaları musiqi məktəbinin Azərbaycan mədəniyyətinə bəxş etdikləri böyük sənətkarlardan söz açıblar. Bildiriblər ki, muğam, xalq mahnıları, instrumental ifaçılıq, rəqs sənəti birincilərindən çoxu şuşalı olub. Ölkəmizin musiqi və mədəniyyət beşiyi olan Şuşanın düşmən tərəfindən işğal edilməsinə baxmayaraq, bu gün məktəbin kollektivi və yetirmələri ruhdan düşmür, Şuşanın və məktəbin adını təkcə ölkəmizdə deyil, bir çox beynəlxalq müsabiqələrdə şərəflə təmsil edirlər.

1984-cü ildən maestro Niyazinin adını daşıyan məktəbin “Təbəssüm” rəqs qrupu bir çox beynəlxalq müsabiqə və festivallarda uğurla çıxış edib və mükafatlar qazanıb. Çıxışlarda Azərbaycan torpaqlarının tezliklə düşmən tapdağından azad olunacağına, Şuşanın “Xarı bülbül” və digər beynəlxalq musiqi festivallarına ev sahibliyi edəcəyinə əminlik ifadə olunub. Mərkəzin foyesində məktəbin rəsm şöbəsi şagirdlərinin əl işləri sərgilənib. Tədbir konsert proqramı ilə davam edib.

Xudaferin.eu
“Bakı Bürosu”

08:57