“8 Mart rəssamların gözü ilə” adlı sərgi-tədbir keçirilib

 

Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda “8 Mart rəssamların gözü ilə” adlı sərgi-tədbir keçirilib. Tədbir Rəssamlar İttifaqı, “Dünya Ana və Uşaq” İctimai Birliyi (İB) və Dünya Azərbaycanlıları Konqresinin (DAK) birgə təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə reallaşıb.

Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov, İB-nin və DAK Qadınlar şurasının sədri Dünyaxanım Əliyeva, şair-publisist Fəsih Əlioğlu və başqaları çıxış edərək xanımları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik ediblər. Bildirib ki, ölkəmizdə həyatın bütün sahələrində qadının özünəməxsus yeri var. Nəsillər arasında mənəvi bağlılığın qorunub saxlanmasında hər zaman qadınlar böyük rol oynayıb. Türk xalqlarının ortaq mədəniyyət və mənəviyyat örnəyi olan “Kitabi-Dədə Qorqud” dastanında, həmçinin xalq yaddaşının digər nümunələrində qadın - ananın uca məqamı xüsusi qiymətləndirilib.

Sonra qonaqlar sərgi ilə tanış olublar. Sərgidə 200-dən çox rəssamın 150-dək sənət əsərləri nümayiş edilib. Sərginin ekspozisiyasında qadın gözəlliyinə və zərifliyinə həsr olunan əsərlər yer alıb. Sonda sərgidə əsərləri yer alan rəssamlara sertifikat və fəxri fərmanlar təqdim edilib.

Xudaferin.eu

 

09:17