25 illik yubileyinə hazırlaşan Bakı Bələdiyyə Teatrı ənənəsinə sadiqdir

 

Milli teatr mədəniyyəti ənənələrinə sadiq olan Bakı Bələdiyyə Teatrının yaradıcı kollektivi ölkə hüdudlarından kənarda da uğurlu çıxışlara imza atır. Bu sənət ocağının beynəlxalq uğurları sırasında məşhur rejissor K.Zanussinin öz pyesi əsasında quruluş verdiyi “Qadın oyunları” tamaşası mühüm yer tutur.

 

Müxtəlif ölkələrin ən məşhur aparıcı sənət ocaqlarının səhnəsində çıxış edən teatrın kollektivi qardaş Türkiyədə də öz tamaşaçı auditoriyasını formalaşdırıb. Təsadüfi deyil ki, bu yaxınlarda teatrın rəhbəri, xalq artisti Amaliya Pənahova Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının Türk Dünyasının elmi və mədəniyyəti qarşısında xidmətlərinə görə, “Uluslararası Atatürk ödülünə” və son illərin uğuruna görə teatrın kollektivi müvafiq mükafatla təltif olunub.

Qeyd edək ki, noyabrın 10-u Bakı Bələdiyyə Teatrının yaranmasının 25 ili tamam olur. Ötən müddət ərzində teatr Azərbaycan və dünya klassiklərinin pyeslərini uğurla səhnələşdirib. Teatrımızın çətin illərində xalq artisti Amaliya Pənahovanın təşəbbüsü və rəhbərliyi ilə yaranan bu sənət ocağı Muxtar Avşarov, Sofiya Bəsirzadə, Məhluqə Sadıqova, Firudin Mehdiyev, Mirvari Novruzova kimi canlı klassiklərin yeni və doğma evinə çevrilib.

Xudaferin.eu
“Bakı Bürosu”

10:05