2016-cı ilin ən yaxşı fotoqrafları ödülləndirildi

Azərbaycan Fotoqraflar Birliyinin (AFB) “İlin fotoqrafı-2016” mükafatlandırma mərasimi keçirilib. Beynəlxalq Muğam Mərkəzində düzənlənib. Öncə qonaqlar Orxan Aslanovun “My Azerbaijan” fotosərgisi ilə tanış olublar.

Tədbirdə Azərbaycan fotoqrafiya sənətində 2016-cı ilin yekunları elan edilib və mükafatlar təqdim olunub. Fotoqrafiya sənətində novatorluğu, araşdırmaları, həmkarları ilə daim təcrübə mübadiləsi nəzərə alınaraq bu sahədə xidmətlərinə görə Ramiz Tarverdiyev və Hicran Babayev AFB-nin fəxri fərmanları ilə təltif edilib. Bəşəriyyətin 30 illik qara səhifəsinə çevrilmiş bir məkan haqqında fotojurnalist layihəsini həyata keçirmiş Orxan Əzim “Çernobıl–30” fotosərgisinə görə diplomla mükafatlandırılıb. Şahvələd Eyvazov və 2011-ci ildən indiyədək Azərbaycanla Çelyabinsk arasında əlaqələri inkişaf etdirdiyinə görə Çelyabinsk diyarşünaslıq muzeyinin direktoru, Rusiya Fotorəssamlar İttifaqının regional şöbəsinin sədri Vladimir Boqdonovski “Azərbaycan fotoqrafiyasının dostları” mükafatına layiq görülüblər. Toğrul Həsənbəyliyə Hüseyn Hüseynzadə adına “Ümid” mükafatı təqdim edilib. “ArtFaktor” şirkətinin təsis etdiyi “Bədii fotoqrafiya” mükafatı Orxan Aslanova verilib. Həmçinin Yeganə Əbdülməmmədova “İlin rejissoru”, Orxan Aslanov “İlin layihəsi”, Məmməd Əliyev “İlin kuratoru”, Orxan Əzim “İlin sərgisi” mükafatlarına layiq görülüblər. Nail Əhmədov fotoməsləhətçi layihəsinə görə mükafat alıb. Tədbirdə AFB tərəfindən fotoqrafiya sənətinə verdiyi töhfələr, habelə dəstəyi nominasiyalarında da fərman və təşəkkürnamələr verilib. 2016-cı il üçün “İlin fotoqrafı”, “İlin press fotoqrafı”, həmçinin qızıl, gümüş və bürünc “Arqus” mükafatlarına heç kəs layiq görülmədiyi üçün bu mükafatlar təqdim edilməyib.
Xatırladaq ki, Azərbaycan Fotoqraflar Birliyi tərəfindən 1999-cu ildən bəri keçirilən “İlin fotoqrafı” mükafatlandırma mərasimi ənənəyə çevrilib. Tədbirin informasiya dəstəyi Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) məxsusdur.

Xudaferin.eu

14:26