ABŞ mediası Ermənistan və Azərbaycan lobbisini müqayisə edir - "Ermənilər 80 milyon dollar topladı"

Ultra-millətçi ermənilər sevinc içindədir, Co Bayden Türkiyə və Azərbaycana qarşı qəzəbli görünür
 

ABŞ-ın nüfuzlu “nbcnews” media orqanı Ermənistan-Azərbaycan müharibəsi fonunda Amerikada fəaliyyət göstərən erməni lobbisi haqqında məqalə dərc edib. Qeyd edilir ki, adıçəkilən ölkələr arasında kövrək atəşkəs əldə olunub. Atəşkəsin şərtlərinə uyğun olaraq ermənilərin nəzarətindəki bəzi ərazilər Azərbaycana qaytarılmalıdır. Ərazini tərk etmək zorunda qalan ermənilər yaşadıqları evlərə od vururlar.

Münaqişə zonasından çox-çox uzaqlarda - Amerikada isə yarım milyon erməni yaşayır. Amerikalı ermənilərin sayı o qədər də çox deyil. Ancaq onların yaratdığı diaspor təşkilatları kifayət qədər güclüdür və uzaq Ermənistanın müdafiəsi üçün öz çəkisindən də artıq iş görür.

Amerika nəşri bildirir ki, 1990-cı illərin əvvəllərində Dağlıq Qarabağ və ətraf rayonlar ermənilərin nəzarəti altına düşüb. Burada ermənilərin yaratdığı yerli idarəçilik mövcud idi. Bu ərazilər beynəlxalq hüquqa görə Azərbaycana məxsusdur.

Ermənistanla Azərbaycan arasında imzalanmış son anlaşmaya əsasən, bu ərazilərdən qovulmuş 800 min azərbaycanlı yenidən Dağlıq Qarabağa və ətraf rayonlara qayıdacaq.

“Nbcnews” yazır ki, Amerikada fəaliyyət göstərən erməni lobbisi rəsmi Vaşinqtonun xarici siyasətinin formalaşmasına təsir etmək gücündədir və onlar bu təsir hesabına Ermənistana öz hədəfinə çatmaq üçün beynəlxalq dəstək qazandıra bilərlər.
Amerikada yaşayan kubalıların sayı ermənilərdən 4 dəfə çoxdur, yəhudilər isə az qala ermənilərdən 14 dəfə böyük icmaya malikdir. Ancaq Amerikada Şer (Cher) kimi məşhur ermənilər var.

Məqalədə deyilir ki, Amerikadakı erməni lobbisinin təkidi ilə 2019-cu ildə Ağ Ev Ermənistana 60 milyon dollar yardım göstərib. Bu isə əvvəlki illə müqayisədə 40 faiz çoxdur.

Maraqlıdır ki, məqalədə ABŞ-da yeni formalaşmaqda olan Azərbaycan lobbisi haqqında da məlumat var. Lalə Rəhimova “Amerikanın Azərbaycanlı Qadınları” (Azerbaijani Women of America) təşkilatının prezidentidir. O deyir: “Erməni diasporu ilə müqayisədə biz çox yeniyik. Cəmiyyət olaraq biz hələ lobbi işini öyrənməkdəyik”.

Lalə xanım deyir ki, münaqişə zamanı biz Azərbaycanın maraqlarının müdafiəsi üçün çalışdıq. Müharibədən əziyyət çəkən azərbaycanlılara kömək məqsədi ilə Azərbaycana humanitar yardım göndərdik. Azərbaycan xalqı atəşkəsi alqışlayır, çünki bu atəşkəs Azərbaycan torpaqlarının 30 illik qeyri-qanini işğalına son qoyur.

Amerika nəşri vurğulayır ki, torpaqların Azərbaycana qaytarılması məsələsinə görə Ermənistanın Baş naziri Nikol Paşinyan ortadakı anlaşmanı “son dərəcə ağrılı” qərar kimi dəyərləndirmişdi.

“Bir çox erməni əsilli amerikalı yeni seçilmiş prezident Co Baydenin gələcək administrasiyasının Ermənistanın bölgədəki maraqlarına daha güclü şəkildə dəstək verəcəyinə ümid edir. Bayden həmişə Türkiyə və Azərbaycanı tənqid edib və yeni seçilmiş vitse-prezident Kəmalə Harris karyerasına ən çox erməni amerikalının yaşadığı Kaliforniyada başlayıb”, erməni analitik Riçard Qiraqosyan Amerika nəşrinə bildirib.

O, vurğulayıb ki, erməni lobbisi prezident kampaniyası dövründə Baydenin Dağlıq Qarabağla bağlı bir neçə bəyanat verməsinə nail olub. Bayden prezident Donald Trampı Azərbaycana Amerikanın verdiyi yardımı kəsməyə çağırdı, çünki Azərbaycan “bu münaqişəni hərbi həllinə çalışır” və Trump administrasiyasının “Ankaranın nazı ilə oynaması” da Bayden tərəfindən tənqid olunub. Co Bayden həmçinin tərəfləri atəşkəs əldə edildikdən sonra müharibənin qarşısını almaq üçün "etibarlı danışıqlara" başlamağa çağırmışdı.

“Ermənistanın Azərbaycanla imzaladığı müqaviləni qəbul etməkdən başqa yolu qalmamışdı. Mən Ermənistanda yaşayıram. Kimsə Los Anceles və ya Bostonda rahat şəraitdə yaşayıb maksimalist ultra-millətçi tələblər ortaya qoya bilər”, -Riçard Qiraqosyan deyir.

Amerika nəşri xatırladır ki, Dağlıq Qarabağ münaqişəsi zamanı ermənilər küçələrə axışdılar. Xüsusən, onlar Los Ancelesdə aktiv idilər. “The Armenia Fund” təşkilatı isə Dağlıq Qarabağa humanitar yardım göndərmək üçün 80 milyon dollar vəsait topladı. Amerikalı ermənilər yardımı çatdırmaq üçün regiona yollandı, tibbi yardım da Ermənistana çatdırıldı, hətta bəzi ikili vətəndaşlığı olan amerikalı ermənilər Ermənistan Ordusunda xidmətə baş vurdu.

Oktyabrın 10-da isə Kim Kardaşyan Ermənistana dəstək məqsədi ilə öz İnstagram səhifəsində video paylaşdı. Həmin videonu 20 milyon nəfər izləmişdi.

Əlbəttə, “nbcnews” də digər Qərb nəşrləri kimi 1915-ci il hadisələrindən söhbət açır. O vaxt 1.5 milyon erməninin soyqırıma məruz qaldığını vurğulayır. Bu məqam Qərb mətbuatı üçün aksiomdur. Əgər ermənilər haqqında nəsə yazılırsa, orada mütləq Türkiyə genosid törətməkdə ittiham olunmalıdır. Bu, elə bir ənənədir ki, kimsə bunu poza bilməz.

“Nbcnews” vurğulayır ki, Türkiyə və Azərbaycan 1915-ci ildə baş verən soyqırım hadisəsini inkar edir, onlar həmin hadisələri I dünya müharibəsi dövründə baş verən vətəndaş etirazları ilə əlaqələndirirlər.

Amerika nəşri bildirir ki, Amerikada keçirilən prezident seçkilərin də ermənilərin səsini qazanmaq gərəkir. Ona görə də prezidentliyə namizədlər erməni soyqırımını tanıyacaqları ilə bağlı müəyyən vədlər verirlər...

Xudaferin.eu

17:15