Zəncanda Türkcə dərslik kitabı

Güney Azərbaycanındakı qaynaqlarımızın verdiyi açıqlamaya görə, Zəncan vilayətində Təhsil İdarəsinin əməkdaşlığı ilə “altı illik ibtidai məktəblər” üçün “Ana Dili” adlı türkcə dərslik kitabının çap üçün hazırlanmışdır.

Güney Azərbaycanın Urmu şəhərindəki “Yol Press” veb səhifəsi “Ana Dili” dərsliyinin müəllifi Məhəmməd Rza Kəriminin kitabın hazırlanma prosesi ilə bağlı açıqlamalarına yer vermiş, həmçinin kitabın PDF faylını nəşr etmişdir. “Ana Dili” kitabı təhsil idarəsinin əməkdaşlığı ilə hazırlansa da, dərsliyin məktəblərdə tədris olunacağına dair dəqiq açıqlama verilməyib. Ancaq, bununla yanaşı, ötən aylar içində mətbuatda Türk dilinin Zəncan vilayəti məktəblərində tədrisinin yolunun açıldığına dair xəbərlər dərc edilmişdi. Kitabın içindəki açıqlamalara görə, dərslik hazırda şagirdlərin öz istifadəsi üçün nəzərdə tutulub. Ötən ilin avqust ayında İran parlamentində təmsil olunan Türk millət vəkillərinin  bir qrupu “Türk dili və ədəbiyyatı”nın ibtidai və orta məktəblərdə tədrisi üçün dərsliklərin çapı ilə bağlı prezident Həsən Ruhaniyə birgə rəsmi məktub ünvanlamışdılar.
Qeyd edək ki, Türk dilində təhsil azadlığı məsələsi ilə bağlı Güney Azərbaycanın bütün bölgələrində əhalinin çox ciddi şəkildə tələbləri daha da artıb. Güney Azərbaycan Milli Hərəkatının demək olar ki, bütün bölgələrdəki yerli özəkləri əhali ilə birlikdə məsələnin həlli yönündə çox böyük iradə nümayiş etdirməkdədir.

Xudaferin.eu
Güney Azərbaycan, “Təbriz Bürosu”

13:46