Zəfər yolu ilə Şuşa səfəri – Mxitaryanın “hədiyyəsi...”, sülhməramlılar, türmə... FOTO

Şuşadan yazı... İnanılmazdır... Bir zamanlar arzu, xəyal, əlçatmaz kimi görünən Şuşaya igidlərimizin izi ilə, Zəfər Yolu ilə getmək, oradan reportaj hazırlamaq... 

Hər zaman hansısa reportaj üçün yola düşən zaman öncədən nələri çəkəcəyimi düşünür, yazacağım hər cümlənin planını qururdum. Şuşa səfərini eşidən zaman isə heç bir plan qura bilmədim, gecə yata bilmədim, ancaq Şuşanın küçələrini xəyal edirdim. Yazı yazacağam və sonda imza, Qarabağ, Şuşa... Möhtəşəmdir! Arzularımdan biri reallaşırdı, Şuşaya gedirdim, yuxu kimi gəlirdi mənə. Bu yuxudan oyanmaq istəmirdim.

Yola düşdük... Füzulidə yoxlama postundan keçəndən sonra qarşınıza yazı çıxır, “Siz işğaldan azad olunmuş torpaqlara giriş edirsiniz”. Bu dəqiqədən sonra gözün yolda, ətrafda olur. Döyüş anlarını, ətrafa müharibə zamanı düşən mərmiləri xəyal edirsən. Şəhidlərimizin, qazilərimizin sayəsində indi Zəfər Yolu ilə, rahat şəkildə bu torpaqlara giriş edirsən.

Xocavənddən keçən zaman ətrafa baxdım və səfər yoldaşlarıma dedim ki, “Ermənilər bizim ən gözəl torpaqlarımızı işğal ediblərmiş”. Müharibə zamanı da cəbhə bölgəsində jurnalist kimi işləmişdim, amma bu səfər başqa idi. Zəfərin yolu ilə gedirəm... Sanki öndə əsgərlərimiz döyüşür, yol açır və sən o yolla irəlləyirsən...

Yolboyu hər yerdə təmir və bərpa işlərini görmək olur. Dayanmadan, sürətli şəkildə Qarabağ dirçəlir. Yollar çəkilir, ətraf təmizlənir, şəhərlər, kəndlər bərpa edilir... Amma görüləcək hələ çox iş var.

Şuşa yoluna başlayan zaman yolda bir neçə yoxlama postundan keçdik. Onlardan biri, Xocavənd ərazisində olan çox diqqətimi çəkdi. Döyüşlər zamanı igidlərimiz azad edilən yerlərdə divarlara yazılar yazırdılar. Tarix yazanların divar yazılarından biri idi məni özünə cəlb edən – Şəhid Səid Rəşidzadə, qisasın alındı.

Səidi qiyabən tanıyırdım. Füzulidən idi, ordudan leytenant olaraq təxris olunsa da, könüllü getmişdi döyüşə. Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə savaşmışdı və oktyabrın 11-də Hadrut qəsəbəsində Azərbaycan bayrağını sancan zaman şəhid olub.

Tarix yazanların yolu ilə Şuşaya doğru yolumuza davam edirik. Bir neçə saat sonra artıq Azərbaycan və Türk bayraqları görünür, Şuşa bizi qarşılayır. Salam, Şuşa...

Şuşanın girişində sonuncu yoxlama postundan keçib, şəhərə daxil oluruq. Sol tərəfdə, müvəqqəti çəkilmiş hasarın digər tərəfində, Qarabağda müvəqqəti olan sülhməramlılar dayanıb. Həmin yoldan da ermənilər gedib-gəlir. Bu barədə bir az sonra...

Şuşa haqqında bir söz gəzir ki, şəhər çox da dağımayıb, yaxşı haldadır. Bunu yəqin ki, Şuşada olmayanlar deyə bilər. Çünki vəziyyət tam əksini göstərir. Ermənilər bu illər ərzində Şuşada demək olar ki, heç bir iş görməyiblər. Bir neçə yeri özləri üçün təmir edib, yaşayıblar. Digər evləri, binaları isə bərbad hala salıblar. Adam da heç qonaq olduğu yeri belə edər? Üzr istəyirəm, “adam” dedim...

Şuşada görüləsi, hər kəsin gələrkən ziyarət etdiyi bəlli yerlər var. Şuşa qalası, Xan qızı Natəvanın evi, Aşağı Gövhər Ağa və Yuxarı Gövhər Ağa məscidləri, Molla Pənah Vaqifin məqbərəsi, Cıdır düzü... Hər biri ayrı-ayrılıqda möhtəşəmdir.

Hazırda Şuşanın hər bir küçəsində işlər gedir. Tarixi binalar qorunur, küçələr, binalar təmir edilir. Bir sözlə, həyat yenidən qurulur. Küçələri gəzən zaman diqqətimi çəkdi, hər yerdə itlər var. Əsgərlər dedilər ki, “İti qovan” əməliyyatı ilə qovulan “it”lər bu itləri özləri ilə aparmayıblar deyə başıboş gəzirlər.

İşğaldan sonra ermənilərin yaşadıqları binalardan bir neçəsinə getdim, mənzillərə girdim. Bəzilərinə indi bizim Şuşada xidmət edən hərbçilərimiz, polis və işçilər yerləşib. Qapılarına da məlumat üçün yazıblar, “Evdə yaşayan var”. Bəli, 28 ildən sonra bu evlərdə əsl sahibləri yaşayır, azərbaycanlılar...

Şuşanın hər bir yerində döyüşün izləri var. Hər bir yeri üçün döyüş gedib, qan tökülüb. Şəhərin arxa küçələrinə də baş çəkdim. Yaşayış evlərinin çoxu bərbad haldadır. Baxımsız halda saxlayıblar, heç birini təmir etməyiblər, əksinə, digər işğal etdikləri şəhərlərimizdə olduğu kimi barbarlıq ediblər.

Tarixə izini qoyanlar...

Şuşanın küçələrində gəzən zaman divarlardakı yazılar diqqət çəkir. “Gəncə, 30 il, 30 gün...”, “Lerik, Lənkəran, Masallı, Biləsüvar, Bərdə, Şəki...” Şuşa uğrunda döyüşənlər bu yazıları bizlər üçün yazıblar. Azərbaycanın hər bir bölgəsindən döyüşə yollanıb, vətəni qoruyanların mesajı – biz bir olanda yumruq oluruq, dəmir yumruq...

Rus sülhməramlıları

İsa bulağına gedən zaman 2 sülhməramlı postundan keçdim. Biri yuxarıda da bəhs etdiyim kimi, Şuşanın giriş hissəsinə yaxın, digəri isə bulaq yolundadır. Hər addımı məruzə edir, cavab gəlməyənə qədər gözlədirlər. Məsələn, 2-ci postda Azərbaycan və Rusiya bayrağı var. Gördük ki, bizim bayrağı külək dolaşdırıb. Onu qalxıb düzəltmək istədik, onu da məruzə etdilər. Amma cavab gələnə qədər külək heç kəsdən icazə almadan bayrağı yenidən dalğalandırdı...

Henrix Mxitaryanın “hədiyyəsi...”

Henrix Mxitaryanın Şuşadakı evi

Şuşa şəhərində İtaliyanın "Roma" klubunun və Ermənistan milli futbol komandasının futbolçusu Henrix Mxitaryana məxsus olan villası var. Daha doğrusu var idi... İşğal etdikləri şəhərimizdə özünə villa tikdirən futbolçunun villasında artıq Azərbaycan bayrağı dalğalanır və bu villa daha yaxşı məqsədlər üçün istifadə edilir.

İsa bulağı...

Şuşada görmək istədiyim ilk yerlərdən biri idi. Bulağa getmək üçün yazımın əvvəlində bəhs etdiyim rus sülhməramlıların yanından keçmək lazımdır. Buradan icazə ilə keçdik, bulağa çatdıq. İsa bulağı tanrının möcüzələrindən biridir.

Bulaq Şuşa şəhərindən cəmisi 2 kilometr uzaqda olsa da, havası, təbiəti tam başqadır. Şuşanın əsas simvollarından biri olan İsa bulağı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən bu yaxınlarda tam bərpa edilib. Suyu buz kimi soyuq, göz yaşı kimi duru və şəfalı olan İsa bulağı hələ uzun illər öncə istirahət məkanı kimi ad-san qazanıb. Vaxtilə Azərbaycanın hər yerindən İsa bulağını məxsusi görmək üçün Şuşaya gələnlər olardı. 28 il erməni tapdağı altında qalmış bulaq yenidən azərbaycanlıları qarşılamağa başlayıb.

Cıdır düzü...

Şuşa deyəndə ağıla gələn ilk yerlərdən biridir. Cıdır düzü ilə bağlı hər kəsdə bəlli məlumat var. Burayla bağlı çox şey yazmağa ehtiyac görmürəm. Amma mənim üçün bura Şuşanın azad olunmasını xatırladır. Cıdır düzünün ayağından axıb gedən Daşaltı çayını görəndə ağlıma igidlərimizin qayalarla dırmaşaraq Şuşaya girib, ermənilərə gözləmədikləri yerdən hücum etmələri gəldi. İtkilərə, çətinliyə baxmadan hücum... İndi onların sayəsinə burada dayanırıq, fotolar çəkirik, ətrafa rahat şəkildə tamaşa edirik. 1 il öncə ermənilərin rəqs etdiyi yerdə indi Azərbaycan bayrağı dalğalanır...

Şuşa qalası...

Müharibə zamanı ən çox gözlənilən foto buradan gəlmişdi, qalanın üstündə Azərbaycan bayrağı... Alınmazlıq simvolu olan qala 28 illik əsarətdən xilas oldu. Şuşada olduğum müddətdə burada tez-tez tədbir keçirildiyini gördüm. Şəhid anaları övladlarının canı bahasına geri alınan Şuşaya səfər edir, buranı ziyarət edirdilər. Bu qala divarları müharibə vaxtı əsgərlərimizi, indi isə onların valideynlərini qarşılayırdı.

Şuşadan görünən Xankəndi

Qırx dörd 54 olsaydı, indi bu yazıda Xankəndinin küçələrindən bəhs edir, fotolarını yerləşdirmişdim... Amma indi Şuşadan Xankəndiyə boylanır, uzaqdan fotosunu çəkirəm. Lakin bu həsrət uzun çəkməz. Çünki dayandığım Şuşa şəhəri də işğalda idi, həsrətini çəkirdik. Həsrət bitdi, Şuşa qayıtdı. Xankəndi də qayıdacaq!

Şuşa türməsi...

İçəri addım atan zaman səni burada işgəncə görənlərin izləri, ölənlərin ruhları qarşılayır və....

Ardı növbəti yazımızda

Məhəmməd Türkmən

Qarabağ, Şuşa

                                                                       

Xudaferin.eu

13:58