Xəyanət içimizdədir— ARAŞDIRMA

Bu günlərdə Türkiyənin ən nüfuzlu media orqanları Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyənin Qalatasaray futbol klubuna 20 milyonluq yardımından yazdı. Bu barədə Türkiyənin Qalatasaray Futbol klubunun prezidenti Ünal Aysal mediaya açıqlama verdi.

Azərbaycana mənsub olan dövlət şirkəti (özəl deyil) ölkə əhalisinin sosial-mədəni qayğılarına deyil, qonşu ölkənin futbolunun inkişafına ağlasığmaz məbləğdə vəsait ayırır. Söz yox ki, SOCAR-ın mətbuat xidmətinin katibi Nizaməddin Quliyev isə 20 milyonluq “mərhəmətin” yalan olduğunu iddia edir. Hər halda SOCAR-ın Qalatasaray futbol komandasına sponsorluq etməsi xəbərini mətbuata hər hansı Fatmanisə deyil, klubun prezidenti Ünal Aysal verib. Bəlkə də üzümüzə gələn günlərdə Ünal Aysal da bu “mərhəmətin” yalan olduğunu iddia edəcək? Pul çox güclü qüvvədir axı.

SOCAR-ın daha bir “mərhəməti” haqqında xəbər verək. Bu, Türkiyənin “Show TV” və “ATV” kanallarında yayımlanan “Benim için üzülme” serialıdır. Yəqin baxanlar bilir ki, serial kürd xalqının adət-ənənələrindən bəhs edir. Türkiyədə bu mövzuda onlarla serial və film çəkilib. Yəni bu o qədər qeyri-adi bir hal deyil. Türkiyədə bir çox etnik azlıqlar yaşayır. Onlardan ən çoxu kürdlər və ərəblərdir. Amma SOCAR-a ərəblər maraqlı deyil. Bizə isə maraqlı olanı adıçəkilən seriala Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sponsorluq etməsidir. Maraqlıdır ki, bu şirkət Allahın Azərbaycan xalqına bəxş etdiyi sərvətin hesabına başqa xalqları yemləyir, necə deyərlər "adı bizim, dadı isə başqalarının".

Dövlət Neft Şirkətinin Mahsun Kırmızıgül sevgisi

Niyə axı, SOCAR Xocalı, Daşaltı əməliyyatı, Sumqayıt, Qarakənd hadisələri, Quba soyqırımı və digər işğal olunmuş ərazilərimiz kimi vacib tarixi hadisələr haqqında və ya ermənilərin qeyd etdiyi "Soyqırım" ərəfəsində film çəkmir, ya da çəkənlərə maliyyə dəstəyi göstərmir? Axı, niyə ölkəmizin ən böyük şirkəti, özü də dövlət şirkəti bir nəfərin maraqlarına bu qədər xidmət edir? Show Tv-də yayımlanan hekayəsi Mahsun Kırmızıgülə aid olan "Benim İçin Üzülme" bu seriallardan biridir.

Əslində, Mahsun Kırmızıgül “Palmali Şirkətlər Qrupu”nun sahibi, iş adamı Mübariz Mənsimov ilə möhkəm dostdur. Bu dostluq əlaqəsinin digər üzvü də Rövnəq Abdullayevə gedib çıxır. Çünki, Rövnəq Abdullayev ilə Mübariz Mənsimovun dostluğu bir çoxumuza məlumdur. Mahsun Kırmızıgülün də bəxti yəqin ki, bu zəncirvari dostluqdan gətirib. Bəhrəsini o görür. Klip və filmlərini Mübariz Mənsimov, serialını da SOCAR maliyyələşdirir. Yəni görünən odur ki, şəxsi münasibətlər rol oynayır, amma istənilən halda dövlət maraqları olan yerdə şəxsi maraqlar olmamalıdır.

Qarabağ boyda dərdi olan bir ölkənin informasiya savaşında uduzmağa haqqı yoxdur. Hələ SOCAR kimi böyük şirkəti varsa, buna heç haqqımız yoxdu. Çünki təbliğatımızın zəif məqamlarından istifadə edən ermənilər bizə aid olan faktları bizə qarşı istifadə edir.

Amerikanın məşhur universitetlərindən birində çalışan soydaşımızla söhbət zamanı çox önəmli bir məqama toxundu. Amerikada və eləcə də Qərb ölkələrində fəaliyyət göstərən ən nüfuzlu ali məktəblərdə erməni xalqından, onun tarixindən, mədəniyyətindən bəhs edən bölmələr fəaliyyət göstərir. Amma Azərbaycanla bağlı belə bölmələrə rast gəlmək olmur. Nə əcəb, SOCAR kimi şirkəti olan ölkə Azərbaycan həqiqətlərinin təbliği ilə deyil, məhz sadəcə kürdlərin adət-ənənəsinin təbliğ olunduğu serial və filmlərlə məşğul olur?
Bayaq Sumqayıt hadisəsini xatırlatdıq. Sumqayıt hadisəsindən ermənilər bu gün də bütün dünyada Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi istifadə edir. SOCAR isə kürd separatçılarının terror təşkilatı PKK-nı daim müsahibələrində təbliğ edən müğənni Mahsun Kırmızıgülün kürd adət-ənənələrindən bəhs edən “Benim için üzülme” serialına sponsorluq edir.

Hər bir azərbaycanlının SOCAR-ın bu layihəsinə etiraz etməyə haqqı və hüququ çatır. Təkrar edirik, SOCAR özəl deyil, dövlət şirkətidir. Türkiyədə fəaliyyət göstərən PALMALİ şirkəti Mahsun Kırmızıgülün “Nyu-Yorkda beş minarə” filminə 7 milyon dollar vəsait ayırıb. PALMALİ eyni zamanda Mahsun Kırmızıgülün Maldiv adalarında çəkilən “Sarı-sarı” və bir-neçə klipinə sponsorluq edib. Biz PALMALİ şirkətinə “nəyə görə Qarabağ həqiqətlərini deyil, Mahsun Kırmızıgülün ideyasının təbliğinə maliyyə sərf edirsiniz” deyə etiraz edə bilmərik. Çünki PALMALİ özəl şirkətdir. Bir nəfərə mənsubdur- Mübariz Mənsimova. O isə Mahsun Kırmızıgüllə dostluq edir. Yəni bir sahibkarın özəl şirkətinin gəlirlərindən kimə, necə və hansı məbləğdə, hansı məqsədlərlə pul xərcləməsi öz işidir. Bəs, vətəndaşlıq təəssübkeşliyi? Doğrudur, bir çox insan Mübariz Mənsimovun öz yerlilərinə müəyyən maddi dəstək göstərdiyini deyir, kəndinə yol çəkdirir, Baloğlan Əşrəfovu, mərhum sənətkar Yaşar Nurini əməliyyat etdirib, amma bizim demək istədiyimiz fərqlidir. Xeyriyyə başqa məsələdir, təbliğat başqa. Azərbaycanın dərdi-səri hamımızı narahat etməlidir.

Biz, sadəcə, mənəvi haqqımızdan istifadə edib PALMALİ -dən bu addımı görmədiyimiz üçün təəssüflənə bilərik. SOCAR isə dövlətin şirkətidir. Burda vəziyyət dəyişir. Belə halda dövlətin maraqları hansısa şəxsin maraqlarından daha üstün olmalıdır.

Niyə axı SOCAR Azərbaycan xalqının mədəniyyətinin, ədəbiyyatının, tarixinin xarici ölkələrdə düzgün təbliğinə deyil, kürd xalqının adət-ənənəsinin (bu adət-ənənədən bəhs edən filmlər isə qanlı, silahlı, vəhşət doğuran səhnələrlə doludur) təbliğinə həsr edilir.

Hər bir xalq öz azadlığını duymalı, yaşamalı və yaşatmalıdır. Lakin bizim də haqq savaşımız uğrunda maddi və mənəvi sərvətlərimizdən istifadə etmək hüququmuz var.

SOCAR Xocalını unudub

Onu da qeyd edək ki, SOCAR-ın Türkiyədə sahibləndiyi “Star” qəzeti və “Kanal-24” Azərbaycanın sərvəti ilə fəaliyyət göstərsə də indiyə qədər ölkəmizin özəl günlərinə heç bir diqqət göstərməyib. Hətta bu kanal və qəzet Xocalı faciəsi, 20 Yanvar günlərinə də əhəmiyyətsiz yanaşır və qətiyyən xatırlamırlar.
SOCAR-ın tabeçiliyində fəaliyyət göstərən CBC telekanalı da bu gün rus dilində yayımlanır. Deyəcəksiniz ki, Azərbaycanın təbliği ilə məşğuldurlar. O zaman biz də sual veririk, rus dilindəmi və hansı verilişlərlə? Xarici filmlərin rusca dublyajı, hind filmləri, yoxsa heç kimə lazım olmayan, primitiv formada xromokeydə hazırlanan TOP-10-luqlamı? O TOP-10- luq ki, heç Azərbaycan mahnıları da deyil. Xarici mahnıların ən pis formada tanıdılması...
Beynəlxalq aləmdə daha çox danışılan ingilis dili isə bu kanalda unudulub.

SOCAR dövlət büdcəsindən ildə 0,6 milyon manat vəsait ayrılan bu kanalı xarici ulduzların həyat və yaradıcılığına həsr edir?
Yeri gəlmişkən, “Benim için üzülme” serialına SOCAR-ın sponsorluq etdiyini şirkətin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev bilmirmiş. N.Quliyevlə telefon əlaqəsi saxlayıb açıqlama almaq istədik. O, öncə, belə bir şey yoxdur desə də, sonradan əlacsız qalıb-ə “xəbərim yoxdur, öyrənib deyərəm” dedi. Sən demə, şirkətin mətbuatla əlaqələr şöbəsinin rəhbəri iki ölkənin vətəndaşlarının izlədiyi bir serialın sonunda iri hərflərlə yazılan SOCAR-a minnətdarlıq elanından xəbərsiz  imiş.

Arzu ABDULLA
Araşdırmaçı jurnalist

00:55