XOF

"Bismillahir-Rəhmanir-Rəhim!”. Əslində, mən elə bu kəlmələrlə başlamaq istəyirdim, amma qorxdum. Çünki son zamanlar belə sözləri dilə gətirən neçə-neçə günahsız insanı şər-şəbədələyib damlayıblar. Sonra fikirləşdim ki, yaxşısı budur: “Var olsun demokratiya, məhv olsun avtokratiya!” şüarı ilə başlayam. Özlüyümdə çox çək-çevir elədim, gördüm yoox, bundan da vaz keçməliyəm. O səbəbdən ki, bizim ölkədə bu kəlmələri demək birbaşa “srok” almaq deməkdir. Sayını-hesabını itirdiyimiz, əzişdirilib-tutulan müxalifətçilər məhz elə bu sözlərin güdazına getməyiblərmi?.. Nə işimə, ağrımayan başıma niyə yaylıq bağlayım?..
Amma inanın, qorxmasaydım, yəni xoflanıb-çəkinməsəydim, onda elə mətləblərdən danışardım ki!... Deyərdim ki, ay filan-filan şüdələr, siz neynirsiz, başınıza at təpib nədir; gül kimi məmləkəti sürüyə-sürüyə niyə bu günə qoyursuz? Məgər anlamırsız ki, qurşandığınız bu zəhrimar korrupsiya ilan sümüyü olub, keçib millətin boğazına və artıq milli təhlükəsizlyimizin özünü təhlükəyə salıb?.. Bu nə bəladı mübtəla eləmisiz bizi?!. Rüşvətxorluq digər “xorluq”lardan, tayfabazlıq digər “bazlıq”lardan “xod” gedir. Elə həmin o “xodgedən” təpəgöz iştahalı məmurlarımızın hesabınadır ki,  dəyyuslar dəstəsi aydan arı, sudan duru insanlara qeyrət dərsi keçirlər. Haramzadalar halal adamların başında turp əkmək eksperimenti aparır, nadürüst səlahiyyət sahibləri isə, “babam mənə kor deyib...” dərəbəyliyi nümayiş etdirirlər. Rəqsi təlim eləyən axsaqlar, hökuməti idarə eləyənlər isə, həmin axsaqların həmqafiyəsi! Deyəsən, həqiqətən gəlib sonun başlancığına çatmışıq... Allah axırından qorusun!
Hamı kimi, mən də bu qorxulu durumu və şübhəli məqamları görürəm, eşidirəm, üstəlik, bilirəm də. Intəhası, ağzımı açıb dillənə bilmirəm. Neynim, qorxuram. Qorxuram, qardaş!... Əvvəla, ərz eləyim biləsiz: mən o qədər sadəlövh deyiləm ki, bütün bunları görüb anlamayam. Amma o qədər səfeh də deyiləm ki, belə şeyləri açıb-ağardam və harda gəldi zəvzəyəm. Bir də gördün, vurub başımı partlatdılar. Ya ciblərimə beş-on kilo tiryəkdən-zaddan basıb “hop-stop” elədilər. Neynəyəcəm? Yaxud, yazı masamın dolabından “C-300" raket kompleksi tapdılar. Bunlara nə var ki, acından qəpiyə güllə atanları qanunsuz silah saxlamaqda  günahlandırıb tutmurlar bəyəm? Iqor Kiodu, Hoperfilddi, ya özgə gözbağlayıcılar, bunların yanında südəmər körpədilər...
Di gəl ki, nə xeyri, sən ha de, ha özünü öldür, - dediklərin top kimi, tappadan divara dəyib dübarə qayıdır.
 Kora güzgü versən “sağ ol” deməz!
 Bir də, Azərbaycana yuxarıdan aşağı baxan və onu, duzu-istiotu yerbəyerində vurulub yaxşıca qızardılmış tabaka kimi görənlərə nə deyəsən? Vətənə yalandan “ANA” deyib, ondan ayağısürüşkən qadın kimi istifadə etmək istəyən vələdüznalara nəyi sübut edəsən?! Yaxud, öz cah-cəlallı şəxsi bağını Qarabağdan daha çox istəyən və boğazdanyuxarı hamıdan bərk “Qarabağ, Qarabağ!” bağıran xudpəsəndlərə nə başa salasan?..
Hərdən dirsəyimi dişləyə-dişləyə qalıram, öz-özümə: “Səbir elə, darqursaq olma, döz, döz...- deyirəm-, bıçaq sümüyə dirənəndə qışqırıb-bağırarsan. Qışqırarsan ki, ey dadi-bidad, ay başıbatmış, vicadanı itmiş cənabı şəriflər, ay atasından daha çox qonşusuna oxşayan düşük məmurlar! Ay insafını xərcləyib pulu - əstəğfurullah - Allah sayan müştəbeh oliqarxlar! Ay rüşvət və sifarişlə işləyən əli-qəlbi əyri məhkəmə hakimləri! Ay millətindən bixəbər saxta millət vəkilləri! Ay müxalifəti xorttan libasında görən quşbeyin dəyənək sahibləri! Ay ”xozeyin" olmaq üçün özünü nökər kimi aparan vəzifə-mənsəb ölüləri! Siz bu XALQI sevməlisiniz! Bu XALQI sevmək sizin borcunuz, vəzifəniz, öhdəçiliyinizdir!! Yaxşı, sevmirsiz-sevmirsiz (tutaq ki, sevgiyə zor yoxdur), onda heç olmasa, nifrət eləməyin bu binəva millətə. Qoyun harada ölürsə, orada ölsün. Mütrüflər təki nə vaxtacan dombalaq aşa-aşa yalandan “demokratiya” hoqqabazlığı çıxarıb erroziyalı ürəyinizdə acı NIFRƏT gəzdirəcəksiniz?! Nə vaxtacan zəli kimi, - daha doğrusu, gənə kimi, çünki zəli nəhayətdə doyub öz xoşuyla düşür, gənəni isə güclə qopartmağa, çox vədə elə dəriylə, ətlə birgə qopartmağa məcbursan, - yapışıb qopmayacaqsınız?!.

Bu gün hakim partiyanın sürtülmüş aşığa bənzəyən və sahibləri üçün həmişə “toyxan” duran sözçülərinin canına, qanına və heç şübhəsiz ki, həm də zatına hopmuş YALANı görməyənmi var? Və bu YALANın, əslində, hakimiyyətin ruhuna çökmüş ölüm rəngini bəzəyib gizlətməyə xidmət etdiyi də artıq heç kəsə sirr deyil.   
Şər deməsən xeyir gəlməz, sürrealizmin dədəsi, “Əriyən saatlar”ın müəllifi dahi Salvador Dali azıb təsadüfən Azərbaycana gəlsəydi, vallahi, üçcə günün içində dəli olardı. Gəlib görəcəydi ki, sən demə, onun əriyib donmuş, daşlaşmış ZAMANı bizim ölkədə baş verənlərin müqabilində toya getməliymiş. Görəcəydi ki, burada zaman elə donub-daşlaşıb və elə bir heykələ, daha doğrusu, heykəllərə, - özü də bir nəfərin heykəlinə, - çevrilib ki, bu, nəinki yuxuların reallığına, hətta reallığın yuxularına da “fora” verir. Analoqu olmayan anormal məmləkət bax, buna deyərlər!
 Yəni, utanmasan oynamağa nə var ki....
Təsəvvür eləyək ki, mən yekə bir səhv buraxıb, durub da dedim ki, bəs, bu heykəllərin başlarını mütləq “rezbavoy” düzəltmək lazımdı. O mənada ki, bərayi-ehtiyat, olmadı elə, oldu belə, - qəfildən bu hakimiyyət dəyişdi, ta əziyyətə, xərcə-zada düşməyək, götürüb həmin o başları kəmali-ədəblə fırladıb açaq, yerinə məsləhət bilinən özgə birisinin başını bağlayaq, vəssəlam!
 Həə, indi əyri oturaq, düz danışaq. Tutalım, mən qorxub-hürkmədən, belə, yaxud, buna bənzər digər bir təkliflə çıxış edirəm. Üstəlik, harada və kimə gəldi, gileylənirəm ki, bəs, qoymayın, bunlar julikdilər, xalqın cibinə girirlər, bəs, bunlar doğma Azərbaycanımızın qırx səkkiz milyard halal pulunu çırpışdırıb haram ofşor banklarda gizlədiblər, yüz milyonlarla dəyərində villalar, malikanələr tikdirir, əcnəbi ölkələrdə öz şəxsi bizneslərinə 9-10 rəqəmli fantastik sərmayələr yatırır, canım sənə desin, yaxtalar, təyyarələr, adalar alırlar, bank, gömrük və s. və i. a. maxinasiyaları eləyirlər!.. Deməli, bu hakimiyyət sözün həm məcazi həm də əsil mənasında mütəşəkkil cinayətkarlıqla məşğuldur!..
Bunları desəm, bilirsiniz noolar? Elə həngamə, elə mərəkə qopar ki, faciədən daha çox siyasi trilleri xatırladan “Gülər və Elşad” dastanı adi muskomediya tamaşasına çevrilər. Işıq gələn yerə pambıq tıxayan recim yiyələri və bu “yiyələr” üçün sino gedən saxtabaş MM-cilər, quyruqbulayan iqtidar kamikadzeləri, ələlxüsus qazan dibi yalayan peşəkar qarayaxanlar çaqqal sürüsü tək üstümə düşüb söyüş, hədə, təhqir, acıq və hikkə atəşinə tutarlar məni.
Bax, elə bu səbəbdən də dilimi dinc qoyub kirimişcə oturmuşam. Deyirlər, susmaqla çox şey qazanmaq olar, lal olmaqla hər şeyi itirmək olar. Odur ki, qalmışam iki daş arasında - ya susub xımır-xımır varlanmalıyam, ya da lal olub bala-bala olan-qalanımı itirməliyəm... Amma bircə şeyi dəqiq bilirəm: nəyi də olsa, gərək başımı itirməyim! Başımı itirsəm, onda mənimlə bu hakimiyyətin nə fərqi olacaq?...
Müxtəsəri, “Desəm öldürəllər, deməsəm ölləm!”.
Əslində, mən dediklərimdən daha qəliz məsələlərdən agaham. Məsələn, bilirəm ki, mənim, sənin, onun, yəni hamımızın “optovoy” qorxusu xalqın müdiri rolunu oynayanların “zapravka”sıdır. Maşın yanacaqla işlədiyi kimi, bunlar da bizlərin qorxusuyla “zapravka” eləyib güclənirlər. Gücləndikcə də, ilhama gəlib qızışır, yumruqlamaq, cırmaqlamaq və şıllaqlamaq sevdasına düşürlər.
Rica edirəm, qınamayın məni, bütün bunları dərk eləyə-eləyə, yenə də qorxuram. Hərçənd, hər gün bu sayaq hisli-paslı məsələləri görüb-eşidəndə ürəyim ağrıyır, iyrənirəm, utanıram, xəcalət çəkirəm... Amma bununla birgə, qayıdıb cınqırımı da çıxartmağa - üzr istəyirəm - “duxum” çatmır. Qorxuram. Ürək eləmirəm. Məsəl var, deyərlər, Allah-Təala dövşanı cəzalandırmaq istəyəndə ona bir azca artıq cəsarət əta eləyir... Indi mən başıbəlalı da, yüz faiz əminəm ki, ağzımı açıb haqdan, ədalətdən-filandan danışan kimi, dərimə saman təpməyə başlayacaqlar. Sonra da, yaxamdan yapışıb elə silkələyəcəklər ki, dəymişimdən əvvəl kalım töküləcək. Başqa vaxt olsaydı, yəni doğru sözə, azad fikirə, əqidə və vicdan azadlığına görə mübarizəyə qalxanları vurub, türkün məsəli, “xosunbay” eləməsəydilər, onda nə vardı ki, danışardım da, mübahisə də, ifşa da eləyərdim, lap belə, qışqırıb fəryad da qoparardım.
Bir də axı, niyə mən təkbaşına danışmalıyam? Yalquzaq canavaram, ağ qarğayam, ya Don Kixotam, nəyəm? Heç kim dillənmir, heç kim etiraz eləmir, - müqəvva kimi, mat-məəttəl dayanıb da durublar. Dənizimizi göz görə-görə oğurlayırlar, meşələrimizi çəpərləyib ağac-ağac qamarlayırlar, nöyütümüzü yağmalayıb dədə malı kimi, barrel-barrel satırlar... Hamı qorxudan susur! Heysiyyatımızı, qürurumuzu, dinimizi, dilimizi təhqir edir, mədəniyyətimizi, mənəviyyatımızı məngənələrə salıb  əzir, əxlaqımıza qarşı TV və Media piratları buraxırlar... Yenə də, hamı ağzını kilidləyib susur! Təhsilimizi, səhiyyəmizi, gün-güzəranımızı it gününə qoyur, milləti (oxu: rəiyyəti) çörəklə imtahana çəkirlər... Kimsə qorxudan heç “mıqq” da eləyə bilmir(?!).
 Vallahi-billahi, yer üzündə qorxudan qorxulu bir şey yoxmuş!
Belə getsə, əlbəttə ki, bir azdan “hurrey” çəkib canımızı almaq, ALIN YAZIMIZI pozmaq həvəsinə düşəcəklər, - iştah diş altındadır axı. Indi nə buyurursuz, mən bütün bu bildiklərimi “şappadan” deyim, olum pis kişi, deməyənlər isə  yağlı “malades”lər və təzə “mersedes”lər qazansınlar?.. Xeyir, qardaş, keçəl suya getməz!
Bəziləri düşünürlər ki, heç nə dəyişməyəcək, heç nə düzəlməyəcək, yəni yel qayadan, it dəmirçi dükanından nə aparacaq?.. Belələrinin hünəri ancaq pıçıldaşıb-xosunlaşmağa  çatır, o da ya çayxanada,  ya da mətbəxtdə: “Xeyri yoxdur, bu millət şellənib ömür boyu elə fil qulağında yatacaq...”, “Dəyirman öz işində, çax-çax baş ağrıdır...”, “Biz problemlər və axmaqlar məmləkətində yaşayırıq...”, - pıça-pıç, pıça-pıç!... Daha qanmırlar ki, pışıltının əks-sədası olmur. Təəssüf ki, biz təkcə problemlər və axmaqlar məmləkətində deyil, həm də neft, milyonlar və... qorxular (oxu: qorxaqlar) səltənətində yaşayırıq.
Biz qorxudan infarkt keçirmiş, sarılığa, şəkərə tutulub iflic olmuş millətik. Bəlkə belə deyil? Suallar, daha doğrusu, cavababənzər suallar çoxdur. Misal üçün, görən nə səbəbə bizlər avtobusda ayağımızı basdalayanda daha bərk çığırırıq, nəinki haqqımız-hüququmuz tapdalananda? Biz baxırıq, amma nədənsə görmürük. Yaxud, görmək istəmirik. Görən, nə üçün bizlər yapçı-gopçuların və onlara “züy” tutanların qanadlarını ağ göyərçin təki gərib kölgələrinin yerdə qurbağaya oxşadığını görmək istəmirik? Və ya, əsil qanadlı dəvələrə çevrilmiş iqtidar məmurlarının neçə-neçə damlar uçurub, talelər puç elədiyini israrla görməməzliyə vururuq?..
Bəyəm, dövlətin dindən ayrı olduğunu deyəndə, Allahsız bir quruluşda yaşayacağımızı dərk eləmirdikmi? Baş mollamızın və onun az qala Prezident aparatının bir şöbəsinə çevrilmiş idarəsində işləyənlərin sir-sifətində kəlmeyi-şəhadəti oxunub dəfn olunmuş din gördüyümüzü niyə inkar edirik?
Məgər bunların, Əlinin papağını Vəlinin başına, Vəlinin papağını Əlinin başına qoyub, olduqca qorxulu və xəbis bir oyun oynadıqları göz qabağında deyilmi? Sadəcə, Əli də, Vəli də, hətta Pirvəli də öz papaqlarını çoxdan itiriblər və bu, artıq özgə bir söhbətin mövzusudur. Düz deyiblər: “Yoldan çıxmağın min yolu, həqiqətin isə bircə yolu var!”.
Cənablar, eynək taxıb boks oynamayın, bu çox təhlükəlidir!..

Kaş, qorxmayaydım, bir çimdik təpərim, cəsarətim olaydı. Kaş ki, qorxunu içimdə boğub öldürməkdən qorxmayaydım. Onda şəstlə sinəmi qabağa verib deyərdim ki, XOF çətir kimi bir şeydi, başımıza ələnən Tanrı xeyirxahlığının vücudumuza, ruhumuza yayılmasına əngəl törədir. Və bu əngəl artdıqca biz TANRIdan uzaqlaşır, uzaqlaşırıq...
 Qarşıda isə bizləri... şeytan gözləyir.

Eldəniz Quliyev,
xudaferin.eu

16:29