Türkiyə Respublikasının yaranmasının 98-ci ildönümü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib

Türkiyə Respublikasının yaranmasının 98-ci ildönümü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib.

Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Milli Məclis sədrinin müavinləri və deputatları, dövlət və hökumət rəsmiləri, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri, xarici ölkələrin Azərbaycandakı səfirləri, ictimaiyyətin nümayəndələri rəsmi qəbulda iştirak ediblər.

Türkiyənin ölkəmizdəki səfirliyi tərəfindən təşkil olunan tədbirdə əvvəlcə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Tədbirdə çıxış edən səfir Cahit Bağcı bildirib ki, Türkiyə Cümhuriyyəti yaradılmasından ötən 98 ildə həm daxili, həm xarici düşmələrin hücumlarına, təhdidlərinə məruz qalıb, onlara qarşı böyük müqavimət göstərərək bütün çətinlikləri geridə qoyub. Getdikdə daha da güclənən Türkiyə təhdidlərə qarşı hər cür yolları, strategiyaları inkişaf etdirərək bu günlərə gəlib çıxıb, regional gücə və qlobal aktora çevrilib.

Səfir qeyd edib ki, Türkiyə qardaş Azərbaycanla “Bir millət, iki dövlət” fəlsəfəsinə və Şuşa Bəyannaməsinin hədəflərinə uyğun şəkildə münasibətlərinin daha da dərinləşdirilməsi, genişləndirilməsi üçün böyük səylə çalışır.

Sonra Cahit Bağcı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cümhuriyyətin yaranmasının 98-ci ildönümü münasibətilə xalqa müraciətini oxuyub.

Müraciətdə Türkiyə xalqını bayram münasibətilə təbrik edən Prezident Rəcəb Tayyib Ərdoğan Cümhuriyyətin banisi Mustafa Kamal Atatürk ilə qəhrəman silahdaşlarını hörmətlə andığını, canları bahasına bu vətəni onlara əmanət edən şəhidlərə Allahdan rəhmət dilədiyini bildirib.

Türkiyə Prezidenti müraciətində Azərbaycanın öz torpaqlarının 30 illik erməni işğalına son qoyduğunu vurğulayıb. Həmçinin qeyd edib ki, Türkiyə bu mübarizədə hər zaman azərbaycanlı qardaşlarının yanında olub, onları dəstəkləyib.

Prezident Rəcəb Tayyib Ərdoğanın müraciətində, həmçinin deyilir: “Qədim tariximizdən və dəyərlərimizdən aldığımız güclə 84 milyonla birlikdə Türkiyəni böyütmək və hədəflərinə çatmaq üçün səylərimizi davam etdiririk. Çətin epidemiya şəraitinə baxmayaraq, iqtisadiyyatda, daxili və xarici siyasətdə əldə etdiyimiz uğurlar ölkəmizin güclü infrastrukturu ilə yanaşı, prezident idarəetmə sisteminin səmərəliliyini göstərən mühüm göstəricidir. Bir millət olaraq birliyimizi, həmrəyliyimizi, qardaşlığımızı möhkəmləndirərək, böyük və güclü Türkiyə uğrunda mübarizə aparacağıq”.

Rəsmi qəbulda çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Respublikasının yaradılmasının 98-ci ildönümü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin səmimi təbriklərini və ən xoş arzularını çatdırıb.

“Türkiyə Cümhuriyyətinin 98 il əvvəl böyük Mustafa Kamal Atatürkün rəhbərliyi ilə başlanan rifah və quruculuq yolu türk xalqının nələrə qadir olduğunu dünyaya göstərib. Xüsusilə son illərdə Türkiyə Cümhuriyyəti türk dünyasının böyük siyasi və dövlət xadimi Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə möhtəşəm inkişaf yolu keçib. Cəmiyyət və dövlət həyatının bütün sahələrində heyrət doğuran uğurlar qazanılıb. Bu gün siyasi, iqtisadi, hərbi gücünə görə Türkiyə dünyanın ən qüdrətli dövlətlərindən biridir. Qardaş ölkənin bu yüksəlişi bizi ürəkdən sevindirir, çünki Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü isə Türkiyənin gücüdür. Azərbaycanla Türkiyə arasında ortaq dəyərlərə əsaslanan səmimi münasibətlər beynəlxalq aləmdə nadir hadisədir. Xalqlarımızın və dövlətlərimizin dostluğu və qardaşlığı bizim ən böyük sərvətimizdir. Ölkələrimiz arasında münasibətlər ulu öndər Heydər Əliyevin ifadə etdiyi “Bir millət, iki dövlət” prinsipi üzərində qurulub. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanındadır”, - deyə Milli Məclisin sədri bildirib.

Sahibə Qafarova qeyd edib ki, Vətən Müharibənin ilk dəqiqələrindən sonunadək Prezident Rəcəb Tayyib Ərdoğanın verdiyi mənəvi və siyasi dəstək, bütün Türkiyənin, türk xalqının tutduğu qəti mövqe Azərbaycan haqq işi uğrunda mübarizədə tək olmadığını hər kəsə göstərdi. Türkiyə və onun Lideri hər yerdə və hər zaman Azərbaycanın yanındadır. İkinci Qarabağ müharibəsində Azərbaycanın Qələbəsi Cənubi Qafqaz bölgəsində yeni reallıq yaradıb. Bu gün Azərbaycan və Türkiyənin birgə səyləri ilə bölgənin geosiyasi mənzərəsini dəyişən, ona yeni çalarlar gətirən layihələr planlı şəkildə və əzmlə həyata keçirilir.

“Qürurla söyləmək olar ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan İlham Əliyevin bu ilin iyununda Şuşanı ziyarət etmələri, iki dövlətin müttəfiqlik əlaqələri haqqında Şuşa Bəyannaməsinin imzalanması, bu günlərdə isə dövlət başçılarının Füzulidə beynəlxalq hava limanını açmaları, Zəngilanda Azərbaycanla Türkiyəni bir-birinə daha sıx bağlayacaq Zəngəzur dəhlizinin təməlini qoymaları, digər böyük layihələrin icrasına xeyir-dua vermələri xalqlarımızın dostluq və qardaşlığının yeni bir nümayişi oldu”, - Milli Məclisin sədri vurğulayıb.

Tədbir ziyafətlə davam edib.

Xudaferin.eu


 

17:00