Türk dünyasının ali mükafatı ən layiqli sahibinə verildi

Son vaxtlar Türk Şurasının beynəlxalq aləmdə nüfuzunun artmasında quruma üzv olan dövlətlər arasında həmrəyliyin güclənməsinin, əməkdaşlığın genişlənməsinin böyük rolu var. Hazırda türkdilli dövlətlər arasında iqtisadi, ticari və digər sahələrdə əməkdaşlıq daha da gücləndirilir. Son məlumata görə, hazırda bu ölkələr arasında ticarət dövriyyəsi təxminən 21 milyard dollar təşkil edir. Gələcəkdə iqtisadi əlaqələrin genişləndirilməsi üçün yaranacaq imkanlar ticarət dövriyyəsinin daha çox olacağını deməyə əsas verir. İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VIII Zirvə Görüşündə bu barədə ətraflı məlumat verildi. Həmçinin nəqliyyat və logistika sahəsində də əlaqələrin möhkəmləndirilməsinin vacibliyi vurğulandı. Bunlarla yanaşı, qlobal istiləşmə, habelə terrorizmlə mübarizə səylərinin birləşdirilməsinin prioritet məsələ kimi diqqət mərkəzində saxlanılmasının zəruriliyi qeyd olunub.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Mehman İsmayılov bildirib.

M.İsmayılov qeyd edib ki, türkdilli dövlətlərin ittifaqı artıq dünyada mövcud olan birliklər sırasında layiqli yer tutub. Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası təsis ediləndən bəri təşkilatda fəal təşəbbüskar tərəf olub. Təşkilatın təsisçi üzvlərindən olması sayəsində ölkəmiz qurumun təməl prinsiplərinə və həyata keçirilən proseslərə hakimdir. Azərbaycan ötən iki ildə Türk Şurasına sədrlik edib və bu müddət ərzində qurumun nüfuzunun yüksəldilməsinə töhfə verən mühüm əhəmiyyətli tədbirlərin həyata keçirilməsinə nail olub. Ötən il videokonfrans vasitəsilə keçirilən TDƏŞ-in Dövlət Başçıları Şurasının Fövqəladə Zirvə Görüşü dünyanın narahatlığına səbəb olan vacib məsələyə – COVID-19 pandemiyası ilə mübarizədə həmrəylik və əməkdaşlığa həsr olunmuşdu. Onu da qeyd edək ki, bu, koronavirusla mübarizəyə həsr olunmuş ilk beynəlxalq tədbir idi. Həmin tədbirdə

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Fövqəladə Zirvə Görüşünün Bakı Bəyannaməsi də qəbul olundu. Tərəflər Dövlət Başçıları Şurası tərəfindən pandemiya ilə mübarizədə elmi, yenilikçi, texnoloji və tibbi potensiallarını tam səfərbər etməklə təlimatlandırıldı. Coğrafiyası getdikcə genişlənən Türk Şurasının məhz Azərbaycanın sədrliyi dövründə nüfuzunun artması və digər beynəlxalq təşkilatlarla əlaqələrinin genişlənməsi danılmaz faktdır. Bu dövr ərzində Prezident İlham Əliyev təşkilatın fəaliyyətinin gücləndirilməsi, türkdilli ölkələr və xalqlar arasında dostluq, qardaşlıq və əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində ciddi səylər göstərib. Ölkəmizin sədrliyi dövründə Türk Şurasının digər mötəbər beynəlxalq təşkilatlarla, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı ilə səmərəli əməkdaşlıq davam etdirilib, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatı ilə faydalı əməkdaşlıq çərçivəsi qurulub.

Bunlarla yanaşı, Azərbaycan Prezidentinin Ali Baş Komandanlığı ilə Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Qəhrəman ordumuz 44 gün ərzində düşməni darmadağın edərək diz çökdürdü və kapitulyasiya aktını imzalamağa məcbur etdi.

Bütün bunlar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə bir daha diqqətə çatdırıldı. Tədbirdə çıxış edənlərin – Qazaxıstanın Birinci Prezidenti - elbası Nursultan Nazarbayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orbanın Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbə, son illərdə əldə etdiyi nailiyyətlər, həmçinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına ikiillik uğurlu sədrliyi münasibətilə Prezident İlham Əliyevi təbrik etmələri də bundan xəbər verir. Məhz bu uğurlara görə Prezident İlham Əliyev “Türk Dünyasının Ali Ordeni” ilə təltif olundu. “Türk Dünyasının Ali Mükafatı” ən layiqli sahibinə təqdim olundu.

İstanbul Zirvə Görüşündə yaddaqalan məqamlardan biri də TDƏŞ-in bundan sonra Türk Dövlətləri Təşkilatı adlandırılması oldu. Bu dəyişiklik qurumun birlik modelinə çevrilməsindən xəbər verir.

Xudaferin.eu

13:19