Tehranda Azərbaycan ilə İƏT arasında əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə edilib

Sentyabrın 22-də Azərbaycanın İrandakı səfiri, eyni zamanda, İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) yanında daimi nümayəndəsi Əli Əlizadə təşkilatın Baş katibi Xusrav Noziri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, səfir Azərbaycanın İƏT-lə əməkdaşlığa mühüm əhəmiyyət verdiyini qeyd edərək ölkəmizin təşəbbüsü ilə təşkilat çərçivəsində həyata keçirilən bir sıra mühüm layihələrin bunu bir daha təsdiqlədiyini bildirib. İƏT çərçivəsində ticarət, investisiya, nəqliyyat, enerji, turizm və ətraf mühit sahələri üzrə əməkdaşlığın önəmini vurğulayan səfir Azərbaycandan keçən nəqliyyat dəhlizlərinin, istifadəyə verilmiş liman və azad iqtisadi zonaların, ölkəmizin təşəbbüsü ilə Bakıda fəaliyyət göstərəcək İƏT Tədqiqat Mərkəzinin və bu kimi digər layihələrin regional əməkdaşlığa töhfə verdiyini qeyd edib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı İƏT-in ölkəmizin ərazi bütövlüyünə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirən və bu dəstəyin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini deyən səfir 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın erməni işğaldan azad olunması ilə regionda yeni reallıqların, əməkdaşlıq üçün yeni imkanların yarandığını diqqətə çatdırıb. Diplomat təşkilata üzv ölkələrin şirkətlərinin və biznes dairələrinin bu ərazilərdə də sərmayə qoyuluşu həyata keçirərək, təklif edilən imkanlardan yararlana biləcəyini diqqətə çatdırıb. Səfir Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi kimi fəaliyyəti müddətində təşkilat çərçivəsində qarşılıqlı səmərəli əməkdaşlığın daha da genişləndirilməsinə və müştərək layihələrin həyata keçirilməsinə töhfə verməyə çalışacağını bildirib.

Xusrav Noziri səfir Ə.Əlizadəni Azərbaycan Respublikasının İran İslam Respublikasında səfiri, eyni zamanda, İƏT yanında daimi nümayəndəsi təyin olunması münasibətilə təbrik edib. Baş katib Azərbaycanın İƏT-in vacib ölkələrindən biri olduğunu deyib, təşkilat çərçivəsində əməkdaşlığa göstərdiyi diqqət və aktiv fəaliyyətə görə təşəkkürünü bildirib. Qarşıdan gələn İƏT-in 15-ci Zirvə toplantısının və 25-ci Nazirlər Şurasının iclasının təşkili istiqamətində intensiv işlərin getdiyini vurğulayan X.Noziri bu tədbirlərin üzv ölkələrin birgə səyləri nəticəsində uğurla başa çatacağına ümidvar olduğunu bildirib. O, səfir Əli Əlizadəyə fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparıb.

Rabil Kətanov

Xudaferin.eu

13:38