Şuşa Azərbaycanın qazandığı Qələbənin rəmzidir

Şuşa Azərbaycanın qazandığı Qələbənin rəmzidir. 2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsi Şuşada başa çatdı və düşmən kapitulyasiya sənədinə imza atmağa məcbur edildi. Şuşa tarixən Azərbaycan üçün müstəsna əhəmiyyətə malik şəhər olub. Ümummilli lider Heydər Əliyevin Şuşa haqqında dediyi “Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur” sözləri böyük əhəmiyyətə malikdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.

Deputat bildirib ki, Vətən müharibəsi zamanı Prezident İlham Əliyevin “Şuşasız bizim işimiz yarımçıq qalar” söyləməsi Şuşanın mənəvi dəyərindən əlavə, strateji əhəmiyyətinin olduğunu də deməyə əsas verir. Eyni zamanda, Şuşa Qarabağın tacı, Azərbaycanın mədəniyyət paytaxtıdır, qədimiliyi və müasirliyi özündə əks etdirən tarixi şəhərimizdir. Şuşanın Azərbaycan üçün nə dərəcədə əhəmiyyətli olduğunu ümummilli lider Heydər Əliyev belə ifadə etmişdir: “Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir. Bu şəhərdə, onun ətrafında Azərbaycan xalqının bir neçə əsrlik tarixə malik böyük mədəniyyəti, mədəni irsi, qəhrəmanlıq nümunələri yaranıbdır. Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”.

Azər Badamov deyib ki, 2020-ci il noyabrın 8-də Şuşa işğaldan azad edildi və 28 ildən sonra şəhər əsl sahiblərinə qayıtdı. Şuşanın bizim üçün nə qədər əziz olmasını işğaldan azad edilmiş bir il ərzində görülən işlərin timsalında da görmək mümkündür. Ermənistan şəhərin tarixini saxtalaşdıraraq özününküləşdirməyə çalışıb, həmçinin Şuşanın işğal altında olduğu 28 ildə şəhərin dağıdılmasından başqa bir iş görünməyib. Şuşa ermənilərin də qeyd etdiyi kimi, onların şəhəri olsaydı, 28 ildə hər hansı bərpa işi həyata keçirib, məskunlaşma işləri aparardılar. Bu, onu deməyə əsas verir ki, Şuşanın Ermənistana heç bir aidiyyəti yoxdur. Ermənilərin özləri də bilirdilər ki, azərbaycanlılar nə vaxtsa qayıdacaqlar və öz qədim, tarixi şəhərlərini işğaldan azad edib yeni həyat quracaqlar. Ona görə də ermənilər Şuşaya o qədər qayğı göstərməyib, ancaq hərbçiləri və terroristləri yerləşdirməklə kifayətləniblər. Şuşanın işğaldan azad olunmasından ötən qısa zaman kəsiyində Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəyovun və Bülbülün büstləri öz yerinə qaytarılıb. Cıdır düzündə “Xaribülbül” musiqi festivalı keçirilib və bu festivalda Şuşanı azad edən “Dəmir yumruğu” formalaşdıran Azərbaycanın bütün xalqlarının mədəniyyət nümunələri nümayiş olunub. Həmçinin Molla Pənah Vaqifin məqbərəsi yenidən qurulub və ənənəvi olaraq Vaqif Poeziya Günlərinin keçirilməsinə başlanılıb. Aşağı və Yuxarı Gövhərağa, Saatlı məscidləri yenidən qurulur. Ermənilərin dağıtdıqları tarixi abidələr, binalar, mədəniyyət nümunələri bərpa edilir. Bundan əlavə, Şuşaya “Qoruq şəhər” statusu da verilib. Belə deyə bilərik ki, Şuşa bu gün xoşbəxtdir və öz sakinlərini möhtəşəm şəkildə qarşılamağa hazırlaşır.

Deputat əlavə edib ki, 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən təməli qoyulan Şuşanın bu il 270 illiyi qeyd olunacaq. Prezident İlham Əliyev Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq 2022-ci ili "Şuşa İli” elan edib. Bu ilin Şuşaya həsr edilməsi şəhərin dirçəlməsini sürətləndirəcək. “Şuşa İli” ilə əlaqədar tədbirlər planı hazırlanıb. Bu plana uyğun olaraq mədəniyyətimizi və tariximizi özündə əks etdirən abidələr yenidən qurulacaq. Həmçinin Şuşada beynəlxalq əhəmiyyətli mədəni tədbirlər keçirilərək çoxlu xarici qonaqlar dəvət olunacaq. Şuşanın bizim üçün nə qədər əziz olduğunu Azərbaycan bütün dünyaya göstərəcək.

Xudafer.eu

16:18