Rusiya Xəzərin statusunun tələsik qəbuluna niyə çalışır?

İlham İsmayıl: «Azərbaycan sərhədlərin birgə qorunmasına dair ABŞ-la danışıqlar aparır, Rusiya bu məsələlərə son qoymaq istəyir»

Xəzərin statusu ilə bağlı məsələlər yenidən müzakirə predmetidir. Rusiya bu istiqamətdə son sənədlərin imzalanmalı olduğunu düşünür. Xatırladaq ki, iki il əvvəl Həştərxanda Xəzəryanı dövlətlərin növbəti sammiti ərəfəsində Rusiyadan maraqlı bəyanat gəlmişdi. Rusiya prezidentinin MDB ölkələri ilə sərhədlərin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi, xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov bəyan etmişdi ki, 18 ildir ki, Xəzərin hüquqi statusu ilə bağlı razılığa gəlmək mümkün olmur. Xəzər probleminin həllinin Rusiyanın xarici siyasətinin prioritetlərindən biri olduğunu söyləyən  İ. Bratçikov vurğulamışdı ki, Moskva Xəzər dənizinin milli sektorlara bölünməsinin əleyhinədir: «Rusiya tərəfi Xəzər dənizinin milli sektorlara bölünməsi ilə bağlı mövqeni bölüşmür. Moskva əvvəldən bu prinsip əsasında Xəzər dənizinin bölünməsinin əleyhinə çıxış edib. Əvvəl Moskva milli zonalar adlandırılan, sahildən 25 dəniz mili məsafədə zonaların yaradılması ilə razılaşıb. Bu milli zonalardan kənardakı hövzə ümumi su məkanı olmalıdır”.
Məhz Xəzərlə bağlı müzakirələrin qızışdığı bir zamanda ABŞ-ın Müdafiə katibinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavini Maykl Karpenter Azərbaycana səfər edib. «ABŞ-ın hərbi sahədə Azərbaycanla uğurlu və uzunmüddətli əməkdaşlığı var. Düşünürəm ki, bu, gələcəkdə də davam edəcək», deyə o, vurğulayıb.
M.Karpenter Bakıda keçirdiyi görüşlər barəsində də danışıb: “Müdafiə naziri, baş nazirin müavini və Dövlət Sərhəd Xidmətinin rəhbəri ilə görüş keçirdik. Bizim Azərbaycanla çox uğurlu, xüsusən də kibertəhlükəsizlik sahəsində tarixi əməkdaşlığımız var”.
Sual yaranır M.Karpenterin səfəri Xəzərin statusu ilə bağlıdır, yoxsa bu səfər hazırda cəbhədə baş verən təxribatlarla əlaqəlidir. Təhlükəsizlik eksperti İlham İsmayıl bildirdi ki, Xəzərin statusu ilə bağlı problem hələ çözülməyib və bu istiqamətdə irəliləyişin olacağı inandırıcı deyil. Sənədin qəbulundan sonra başqa dövlətin hərbi gəmisinin Xəzərə gəlməsinin digər sahilyanı dövlətlərlə razılaşdırılmalı olduğunu deyən İ.İsmayıl bildirdi ki, məsələn, Qara dənizdə belədir ki, sahilyanı dövlətlərin gəmilərindən başqa digər dövlətlərin gəmiləri bu sularda bir aydan artıq qala bilməz: «O da nəzərə alınmalıdır ki, Rusiyanın Suriyaya endirdiyi hava zərbələri Xəzər vasitəsilə edilmişdi. Rusiyanın orta mənzilli raketləri var. Onlar 2500-2600 metr məsafəni vura bilir. Rusiya Suriyaya qarşı bu raketlərdən istifadə olundu. Bu raketlərdən gələcəkdə də Xəzərdə istifadə olunmasını aydınlaşdırmaq üçün hazırda müzakirələr başlayıb. Digər tərəfdən sərhədlərin birgə qorunmasıyla bağlı Azərbaycan ABŞ-la danışıqlar aparır. Ona görə də Rusiya bu məsələlərin hamısına son qoymaq istəyir. Amma buna nə dərəcədə nail ola biləcəyini deyə bilmərik».

Xəyal

20:17