Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüş Türkiyə mediasının gündəmində

Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olması və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, qardaş ölkə mediası dövlətimizin başçısının görüşdəki çıxışından mühüm məqamları Türkiyə ictimaiyyətinin diqqətinə təqdim edib. Məlumat verilib ki, Azərbaycanın milli və dövlətçilik maraqlarının müdafiəsinin qətiyyətlə davam etdiriləcəyini vurğulayan Prezident İlham Əliyev sözügedən görüşdəki çıxışı ilə keçmiş SSRİ-nin süqutu illərində Ermənistandan zorla qovulan Azərbaycan türklərinin hüquqlarının pozulmasını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb.
Azərbaycanın qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, ekofəalların dekabrın 12-dən etibarən Laçın-Xankəndi yolunda Qarabağdakı təbii sərvətlərimizin qanunsuz şəkildə istismarına qarşı dinc etiraz aksiyası keçirdiklərini diqqətə çatdıran Türkiyə KİV-ləri yazır ki, Prezident İlham Əliyev Azərbaycanın öz haqlı mübarizəsindən və tələblərindən vaz keçməyəcəyini qətiyyətlə ifadə edib. Azərbaycanın təbii sərvətlərinə qarşı talançılıq yolverilməz beynəlxalq cinayətdir. Bu talançılıq və qanunsuz istismar dərhal dayandırılmalıdır.
Mövzu barədə geniş məlumatlarla Anadolu və İHA xəbər agentliklərinin, “TRT Haber”, “TRT Avaz” və digər telekanalların, “Yeni Akit”, “Yeni şafak”, “Star” və sair qəzetlərin saytlarında tanış olmaq mümkündür.

Sabir Şahtaxtı
Xudaferin.eu

23:15