Qırğızıstan portalı Prezident İlham Əliyevin “Rossiya 24” telekanalına müsahibəsini rus və türk dillərində yayımlayıb

Qırğızıstanın “goldenbridgenews.com” portalı yanvarın 30-da “Rossiya 24” telekanalında TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 illiyinə və Azərbaycan Prezidenti İlham Əliyevin 60 illik yubileyinə həsr olunmuş “Hakimiyyət formulu” verilişinin AZƏRTAC-da verilən mətnini çap edib. Portalda, həmçinin müsahibənin mətni də türk dilinə tərcümə edilərək yayımlanıb.

​Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, verilişdə Azərbaycanın daxili və xarici siyasəti ilə bağlı bir sıra taleyüklü məsələlərə aydınlıq gətirilir.

Azərbaycan Prezidenti İlham Əliyev müsahibədə deyir: “Azərbaycan ərazisində bütün nəqliyyat-kommunikasiya layihələri praktiki olaraq başa çatdırılıb. Nəqliyyat-logistika infrastrukturunun yaradılması tamamlanıb. Bu gün biz daşımanı çoxaltmaq və Azərbaycanın tranzit imkanlarını artırmaq üçün tərəfdaşlarımızla, qonşularımızla işləyirik”.

Materialda bildirilir ki, bu gün Azərbaycan dünyada enerji təhlükəsizliyinə nail olmaqda liderlər sırasındadır. 2017-ci il sentyabrın 14-də Bakıda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərin sulu hissəsinin birgə işlənməsi barədə yeni Saziş imzalanıb. Bu layihəyə 36 milyard dollardan çox sərmayə qoyulub. 500 milyon ton neft çıxarılıb. 2018-ci il mayın 29-da Cənub Qaz Dəhlizinin mühüm hissəsi olan Trans-Anadolu qaz kəməri – TANAP-ın rəsmi açılışı olub. Azərbaycanda təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə, proqnozlaşdırılan ehtiyatlar təqribən 3 trilyon kubmetrə bərabərdir.

Qulu Kəngərli

Xudaferin.eu

15:32